Dünya 18.08.2025

Şərqi Aralıqda güc balansı dəyişir Yunanıstan həyəcan təbili çalır Türkiyə-İspaniya-İtaliya yaxınlaşması

Şərqi Aralıqda güc balansı dəyişir Yunanıstan həyəcan təbili çalır Türkiyə-İspaniya-İtaliya yaxınlaşması

Yunanıstanı narahat edən müdafiə əməkdaşlığı

Yunanıstanın öndə gedən qəzetlərindən "Kathimerini" Türkiyənin İspaniya və İtaliya ilə getdikcə dərinləşən müdafiə əməkdaşlığını "ciddi təhdid" kimi qiymətləndirib. Afina dairələrində aparılan təhlillərə görə, Ankara Avropanın cənubundakı iki əhəmiyyətli dövlətlə strateji ittifaqlar quraraq Şərqi Aralıq dənizi regionunda və onun hüdudlarından kənarda öz çəkindiricilik potensialını yüksəldir.

İspaniya ilə əlaqələrdə yeni mərhələ

Türkiyənin İspaniya ilə uzun illərə söykənən hərbi əlaqələri, "MUGEM" adı verilən 300 metrlik milli təyyarə gəmisi layihəsi ilə yeni bir səviyyəyə yüksəlib. Türkiyənin TCG Anadolu gəmisi də İspaniyanın "Juan Carlos" modelindən ilhamlanaraq hazırlanmışdı. Madrid təkcə gəmiqayırma sahəsində deyil, hava qüvvələri mövzusunda da Ankaraya üstünlük verir. Yunan mətbuatının məlumatına görə, İspaniya öz Eurofighter təyyarələrinin tədarükünü təxirə salaraq, Türkiyənin 40 döyüş təyyarəsini daha tez almasına yaşıl işıq yandırıb. Xəbərdə bu paketin 28 yeni təyyarə və Oman ilə Qətərdən gələcək 12 ikinci əl modeli əhatə etdiyi bildirilib, eyni zamanda Türk donanmasında mühüm yer tutan Airbus nəqliyyat təyyarələrinin İspaniya fabriklərinin dəstəyi ilə gücləndiyinə diqqət çəkilib. Ankara və Madridin helikopter, peyk və təlim təyyarəsi sahələrində də birgə layihələr həyata keçirdiyi qeyd olunub.

Türkiyənin pilotsuz uçuş aparatları bazarına güclü girişi

"Kathimerini" qəzeti Türkiyə ilə İtaliya arasındakı əlaqələrin də eyni dərəcədə diqqətəlayiq olduğunu vurğulayıb. İyun ayında Türk müdafiə sənayesi nəhəngi "Baykar"ın İtalyan "Piaggio Aerospace" şirkətini alaraq həm yeni texnologiyalara çıxış əldə etdiyi, həm də Avropa pilotsuz uçuş aparatları (PUA) bazarına güclü bir giriş etdiyi qeyd olunub. "Baykar"ın həmçinin "Leonardo" ilə əməkdaşlıq quraraq Avropa üçün yeni pilotsuz hava vasitələri inkişaf etdirməyə başladığı ifadə edilib. Türk şirkətlərinin İtalyan "Beretta", MES və "Magnaghi Aerospace" ilə də müdafiə əməkdaşlığı etdiyi bildirilib. Bu çərçivədə "kiçik silahlardan ağır sursat və təyyarə hissələrinə qədər geniş bir istehsal zəncirinin yaradıldığı" qeyd edilib. Helikopter, dəniz patrul təyyarələri və peyk sistemlərində birgə istehsal davam edərkən, Türkiyənin İtaliyaya raket tədarük etdiyi də vurğulanıb.

Orta Şərqdə ortaq baxışlar və regional nəticələr

Xəbərdə Ankara ilə Roma arasındakı müdafiə əməkdaşlığının təkcə müdafiə ilə məhdudlaşmadığı vurğulanıb. İki ölkə Liviya siyasəti mövzusunda sıx əməkdaşlıq edərkən, Madridin də Orta Şərq məsələlərində Türkiyə ilə eyni mövqedən çıxış etdiyi qeyd olunub. Yunan mətbuatı, bu hərtərəfli əməkdaşlıqların Türkiyənin regiondakı hərbi çəkindiriciliyini artırdığını, bunun da Afina və Cənubi Kipr Rum Administrasiyasında ciddi narahatlıq yaratdığını bildirib. Məqalədə, "Türkiyənin İspaniya və İtaliya ilə inkişaf etdirdiyi müdafiə proqramları sayəsində Şərqi Aralıq dənizində güc balansı dəyişir və Ankara bunu öz lehinə çevirir" ifadəsi istifadə olunub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz