FİZİKİ HAZIRLIQ VƏ RƏSMİ OYUN ÖNCƏSİ DURUM
Avstriyada təlim-məşq toplanışında olan Beşiktaş dördüncü və son yoxlama görüşündə Slovakiyanın İkinci Liqa təmsilçisi “Petrzalka”ya 2:1 hesabı ilə məğlub olub.
Görüşdən sonra Beşiktaşın baş məşqçisi Ole Gunnar Solskjaer mətbuat nümayəndələrinə açıqlamalar verib. Gərgin çalışmalarına toxunan Ole Gunnar Solskjaer qeyd edib ki, hər bir oyunçunun meydanda vaxt keçirməsi onlar üçün böyük əhəmiyyət kəsb edir. “Mövsümöncəsi toplanışdayıq, hazırlıq prosesi gedir. İki həftədir ki, çox yaxşı və gərgin çalışırıq. Təəssüf ki, bəzi oyunçular zədələnib. Semih, Mustafa, Fəxri və Gedsonun zədələri var. Bu səbəbdən bu gün daha çox çalışmalı idik. Performansımızın çox zəif olduğunu deyə bilərəm.”
Komandadakı oyunçuların fiziki vəziyyətinin ötən mövsümdən sonra pisləşmədiyini dilə gətirən Ole Gunnar Solskjaer bildirib ki, mövsümöncəsi düşərgədə əsas məqam hazır olmaqdır. O, komandanın hazır olduğunu düşünür. “Ötən mövsüm başa çatdıqdan sonra 3.5 həftə məzuniyyətimiz oldu. Bu mənada komandanın, məncə, fiziki vəziyyəti heç də pisləşməyib. Bəzi oyunçuları mövsümöncəsi toplanışda birbaşa 90 dəqiqə oynada bilməzsiniz. Biz onları 45-45 dəqiqə oynatdıq, son oyunda isə 90 dəqiqə şans verdik. Mən hesab edirəm ki, “Şaxtyor Donetsk”lə matçda hamı 100 faiz formada olacaq və 90 dəqiqə oynamağa hazır olacaq. Əlbəttə ki, oyunçulara şans veririk. Bu gün bəzi oyunçulara fikrimi dəyişmələri üçün şans verdim. Amma bəziləri fikrimi dəyişdirə bilmədi” – deyə Beşiktaşın baş məşqçisi əlavə edib.
“ŞAXTYOR DONETSK”İ KEÇƏCƏK GÜCƏ SAHİBİK
Ole Gunnar Solskjaer “Şaxtyor Donetsk”i mübarizədən kənarlaşdıra biləcək gücdə olduqlarını ifadə edib: “Rəqibimiz yaxşı komandadır, lakin biz onları keçə bilərik. Mən hər mövsümə inam və ümidlə başlayıram. Bu mövsümlə bağlı inamım və ümidim var. Yaxşı transferlər etmişik, yaxşı hazırlanmışıq. Tammı hazırlanır, o matça daha yaxşı hazır olacaq. Dediyim kimi, mənim həmişə inamım və ümidim var. Biz rəqibi keçəcək gücdəyik”.
ZƏDƏLƏNƏN OYUNÇULARIN VƏZİYYƏTİ
Komandada zədəli olan Semih Kılıçsoy, Gedson Fernandes, Mustafa Hekimoğlu və Fəxri Ay haqqında açıqlamalar verən təcrübəli baş məşqçi deyib ki, mövsümöncəsi təlim-məşq toplanışları çətin keçir, zədələr ola bilər. “Çünki çox çalışırıq. Əsas məsələ komandanın formada olmasıdır. Əsas məsələ komandanın ilk rəsmi oyuna 100 faiz hazır olmasıdır. Mustafa komandadan bir müddət uzaq qalacaq. Əzələ zədəsi var, lakin dəqiq bir şey deyə bilmərəm. Qayıdanda ona MRT müayinəsi aparılacaq. Semih dünən zədələndi. Fəxri və Gedsonun da zədələri var. Mövsümöncəsi hazırlıq toplanışlarında bu, normal haldır. Məqsədimiz “Şaxtyor Donetsk”lə matça hər kəsin tam formada hazır olmasıdır.”
ORKUN KÖKÇÜNÜN KOMANDAYA ADAPTASİYASI
Yeni transfer Orkun Kökçünün UEFA Avropa Liqası 2-ci Təsnifat Mərhələsində “Şaxtyor Donetsk”ə qarşı oynaya biləcəyini ifadə edən norveçli mütəxəssis sözlərinə belə davam edib:
“Oyunçuların oyun ritmini bərpa edə bilmələri üçün 90 dəqiqə oynayacaq səviyyədə olmaları lazımdır. Dünən 6 oyunçumuz 90 dəqiqə meydanda oldu. Qarşıdakı “Şaxtyor Donetsk”lə matçda 14-15 oyunçudan istifadə edəcəyimi bilirəm. Matçın yüksək gərginliyinə uyğun olaraq çalışırıq. Orkun bizimlə 100 faiz formada başlamadı. Amma komanda ilə birlikdə məşqlərə davam edir. Ümid edirəm ki, o da gələn həftə “Şaxtyor Donetsk”lə görüşdə istifadə edəcəyimiz 14-15 futbolçudan biri olacaq.”
TAMMİ ABRAHAM VƏ HÜCUM XƏTTİNDƏKİ PLANLAR
Bu mövsüm ən azı bir hücumçu ilə oynayacağını ifadə edən 52 yaşlı baş məşqçi deyib: “Bu gün baxanda 9 nömrəli hücumçu deyə biləcəyimiz forvet oyunçumuz yox idi. Semih və Mustafa zədəlidir. Eyni zamanda Can Keleş də zədələnib. Onu az öncə qeyd etməyi unutdum. Onun da zədəsi var. Yeni oyunçumuz var, bildiyiniz kimi. Tammı da dünən oynadı. 4-2-3-1 deyin, 4-3-3 deyin, mən 9 nömrəli hücumçu ilə oynayan bir məşqçiyəm. Ən azı bir forvetlə oynayan məşqçiyəm. Sistemə nə ad qoyursunuz qoyun, əsas olan sürətli oynamaq, mərkəzə ötürmə etmək, oyunçuları topla futbol meydanında görüşdürməkdir. Bu mənada sistemdən asılı olmayaraq üstün bir oyun sərgiləmək istəyirik. Tammı bizə yeni bir ölçü qazandıracaq. Tammıdan istifadə edəcəyik. Dediyim kimi, 9 nömrəli hücumçu ilə oynamağı sevən bir məşqçiyəm. Ən azı bir forvetlə oynayacağımı deyə bilərəm.”
İDEAL HEYƏT VƏ ROTASİYA İMKANLARI
Rotasiya edə biləcək, ilk 11-də oynayacaq 16-17 oyunçu ilə mövsümə başlamalı olduqlarını ifadə edən 52 yaşlı təcrübəli baş məşqçi sözlərini yekunlaşdırıb: “Məncə, 16-17 oyunçuluq əsas heyət olmalıdır. Rotasiya edə biləcək, ilk 11-də oynayacaq 16-17 oyunçu ilə başlamalıyıq. Üstəlik, gənc oyunçular da olmalıdır. Çoxlu oyunçu olduğu zaman bu, baş məşqçi üçün bir az çətinləşdirici, problem ola biləcək bir vəziyyətdir. Məncə, ilk 11 səviyyəsində 16-17 əsas oyunçu ilə başlayarıq.”