Ağ Ev Zirvəsində Razılaşma İmzalandı
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mühüm zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında razılaşmanın əldə edildiyini bəyan edib. Bu üçtərəfli bəyanat regionda sülh və sabitliyin təmin olunması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
Donald Trampın sözlərinə görə, Ermənistan və Azərbaycan tərəfləri münaqişələrə son qoymağı, ticarət və diplomatik əlaqələri bərpa etməyi, eləcə də bir-birinin ərazi bütövlüyünə qarşılıqlı hörmət etməyi öhdələrinə götürürlər. ABŞ prezidenti əlavə edib: "Biz Azərbaycana müdafiə sahəsində tətbiq edilən sanksiyaları ləğv edirik. Bu qərar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və tərəflər arasında etimadın artmasına xidmət edəcək."
Prezident Əliyevdən Tarixi Açıqlama
Azərbaycan Prezidenti İlham Əliyev imzalanan sənədlə bağlı verdiyi açıqlamada bu günü "həqiqətən də tarixi bir gün" adlandırıb. Prezident "Biz bu gün Qafqazda sülhü təsis edirik. Bu addım təkcə bizim üçün deyil, bütün region üçün müstəsna imkanlar yaradacaqdır," deyərək, əldə olunan razılaşmanın regionun gələcək inkişafı üçün böyük perspektivlər açdığını vurğulayıb.
Paşinyan: Yeni Tarixin Təməli Qoyuldu
Ermənistan Baş naziri Nikol Paşinyan da öz növbəsində Azərbaycanla imzalanmış birgə bəyanatın əhəmiyyətli bir dönüş nöqtəsinə çatdığını və iki ölkə arasında yeni bir tarixin təməlinin qoyulduğunu qeyd edib. O, bu razılaşmanın regional əməkdaşlığın inkişafına və uzunmüddətli sabitliyə nail olunmasına yol açacağını ifadə edib. Beynəlxalq diplomatiya tarixində mühüm bir hadisə kimi qeyd olunan bu razılaşma, münaqişənin həlli istiqamətində irəliyə doğru atılmış ciddi addımdır.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz