İsrailin Şərqi Qüdsdəki Gizli Planı: E-1 – Səssiz İşğalın Pərdə Arxası
İsrail hökuməti illərdir mübahisələrə səbəb olan və beynəlxalq təzyiqlər səbəbindən təxirə salınan “E-1” planı üçün yenidən fəaliyyətə keçib. Bu plan regionda ciddi gərginliklərə səbəb olacaq.
FƏLƏSTİN DÖVLƏTİNİ QEYRİ-MÜMKÜN EDƏCƏK
Qüdsün şərqində yerləşən 12 kvadrat kilometrlik ərazidə həyata keçirilməsi nəzərdə tutulan bu layihə, qanunsuz Maale Adumim məskunlaşmasını Qüdsə birləşdirərək, Şərqi Qüdsü İordan çayının qərb sahilindən ayıracaq. Mütəxəssislərin fikrincə, bu addım İordan çayının qərb sahilinin şimal və cənub hissələrini faktiki olaraq ikiyə böləcək və müstəqil, yaşamaq üçün əlverişli bir Fələstin dövlətinin qurulmasına tamamilə mane olacaq.
“QANUNSUZ İŞĞAL ƏRAZİSİ”
İsrail rəsmiləri E-1 planını Maale Adumimin “təbii genişlənmə sahəsi” kimi müdafiə edir. 40 mindən çox əhalisi olan bu məskunlaşma onlarla məktəb, sinaqoq və ticarət mərkəzi ilə İsrailin bölgədəki işğal siyasətinin simvoludur. Məskunlaşma sakinləri özlərini Qüdsün ətraf qəsəbəsində yaşayan sıravi vətəndaşlar kimi təqdim etsələr də, beynəlxalq hüquq buranı qanunsuz işğal ərazisi kimi qəbul edir.
3400 MƏNZİL İNŞASI HƏDƏFLƏNİR
1999-cu ildə təsdiqlənən plan, ABŞ-ın etirazları səbəbindən illərlə təxirə salınmışdı. Lakin dünyanın, xüsusən də Avropanın ardıcıl Fələstin dövlətini tanıma qərarlarından sonra İsrail yenidən fəaliyyətə keçdi. Bu iddia olunan plan çərçivəsində E-1 bölgəsində 3400-dən çox mənzil inşa edilməsi hədəflənir. Bölgə hazırda mülki yaşayış məntəqələrinə, heyvandarlıq sahələrinə və böyük bir İsrail polis mərkəzinə ev sahibliyi edir.
KÖÇÜRTMƏ ƏMRLƏRİ QÜVVƏDƏDİR
Plan 5 mindən çox Fələstinlinin öz yurd-yuvalarından didərgin düşməsini ehtiva edir. İsrail bu insanların evlərinin və yaşayış yerlərinin “icazəsiz” olduğunu iddia edir. Daha əvvəl zibilxana yaxınlığında bir bölgəyə köçürülməsi təklif edilən Fələstinlilər, beynəlxalq təpkilər nəticəsində prosesə cəlb olunacaqları vədi alsalar da, köçürmə əmrləri hələ də qüvvədədir.
“TAMAMİLƏ MƏHV EDƏCƏYİK”
Bununla belə, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç, E-1 planının “Fələstin dövləti ideyasını tamamilə məhv edəcəyini” açıq şəkildə ifadə etdi. Smotriç, Binyamin Netanyahunun və ABŞ prezidenti Donald Trampın layihəyə razılıq verdiyini iddia etdi. Vaşinqton isə dəqiq mövqe bildirmək əvəzinə, məsələni ötüşdürərək prioritetin “Qəzzada müharibənin dayandırılması” olduğunu müdafiə etdi. Smotriç, İordan çayının qərb sahilindəki planlaşdırma proseslərinə cavabdeh olduğu kimi, Fələstinlilərə qarşı zorakılıq çağırışları səbəbindən Böyük Britaniya, Kanada, Avstraliya, Niderland və Yeni Zelandiyanın sanksiya siyahısındadır.
“VARLIĞIMIZA TƏHDİD”
İordan çayının qərb sahilindəki 19 qanunsuz məskunlaşmanın liderləri də Netanyahuya göndərdikləri məktubda, “Suverenliyin yalnız müəyyən bölgələrdə deyil, bütün İordan çayının qərb sahilində tətbiq olunması zəruridir” deyərək işğalı dərinləşdirməyə çağırdılar. Məktubda, bəzi ölkələrin Fələstini tanıma addımlarının “İsrail üçün varoluşsal bir təhdid” olduğu iddia edildi.
BEYNƏLXALQ BİRLİKDƏN ETİRAZLAR
Beynəlxalq ictimaiyyət isə E-1 planına sərt şəkildə qarşı çıxır. Avropa İttifaqı, Almaniya, Norveç və Birləşmiş Millətlər Təşkilatı bu addımın iki dövlətli həlli tamamilə ortadan qaldıracağı barədə xəbərdarlıq etdi. BMT-nin Baş katibi Antonio Quterreş, “Mövqeyimiz aydındır: Şərqi Qüds daxil olmaqla İordan çayının qərb sahilindəki İsrail məskunlaşmaları beynəlxalq hüquqa ziddir” deyərək planın bölgəni böləcəyini və Fələstin dövlətinin yaşaya biləcək imkanlarını ciddi şəkildə zədələyəcəyini vurğuladı.
“QANI DAYANDIRMAYACAQ, ARTIRACAQ”
Fələstin tərəfdarı “Sülh İndi” hərəkatı isə Netanyahunun hökumətinin hər fürsətdə İordan çayının qərb sahilindəki ilhaqı dərinləşdirdiyini bildirərək, “Bu siyasət qanı dayandırmaq əvəzinə artıracaq” xəbərdarlığını etdi.
E-1 mübahisəsi 1990-cı illərdən bəri İsrail siyasətində qırmızı xətt kimi tanınsa da, bu dəfə etirazlara baxmayaraq təsdiq prosesinin son mərhələyə gəldiyi bildirilir. Dünyanın gözü, inşaatın faktiki olaraq başlayıb başlamayacağı və bu addımın Fələstin torpaqlarında yaradacağı bərpaedilməz dağıntılara yönəlib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz