Rus ordusu
Ukraynaya güclü hava hücumu həyata keçirib. Ukrayna Silahlı Qüvvələrinin Teleqram hesabından verilən məlumata görə, bu hücum zamanı ruslar ballistik, qanadlı və zenit-raket sistemləri ilə idarə olunan 61 raket və 477 pilotsuz uçuş aparatından istifadə ediblər.
Hava hücumundan müdafiə qüvvələri tərəfindən 39 raket və 249 pilotsuz uçuş aparatı məhv edilib, 226 PUA-nın isə istiqaməti dəyişdirilərək zərərsizləşdirildiyi bildirilib.
DÜŞƏN F-16 PİLOTU HƏLAK OLDU
Rusiyanın hava hücumunun qarşısını almaq üçün Ukrayna ordusuna məxsus döyüş təyyarələri döyüş uçuşları həyata keçirib. Açıqlamada bir F-16 döyüş təyyarəsinin hücum zamanı zədələndiyi qeyd edilib:
"Təəssüf ki, bu gecə daha bir acı itki verdik. Güclü düşmən hava hücumunun qarşısını alarkən, 1993-cü il təvəllüdlü birinci dərəcəli
F-16 pilotu, polkovnik-leytenant Maksim Ustimenko F-16 təyyarəsində həlak oldu. Pilot təyyarənin bütün silah kompleksindən istifadə etdi və 7 hava hədəfini vurdu. Son hücum zamanı təyyarəsi zədələndi və hündürlüyünü itirməyə başladı. Maksim Ustimenko əlindən gələni etdi, təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırdı, lakin katapult etməyə vaxtı qalmadı. O, qəhrəmancasına həlak oldu."
ZELENSKİDƏN TƏPKİ
Ukrayna prezidenti Volodimir Zelenski Teleqram hesabından etdiyi paylaşımda Rusiyanın hava hücumlarına reaksiya verib.
Zelenski bildirib ki, Rus ordusu təkcə son bir həftədə ölkəsinə 114-dən çox raket, 1270-dən çox
pilotsuz uçuş aparatları və təxminən 1100 hava bombası atıb.
Rusiyanın hücumlarını davam etdirdiyini qeyd edən Zelenski vurğulayıb ki, "(Rusiya prezidenti Vladimir) Putin dünyanın sülh çağırışlarına baxmayaraq, müharibəni davam etdirməyə çoxdan qərar verib."
Müharibənin sona çatmalı olduğuna diqqət çəkən Zelenski, Ukraynanın hava məkanının müdafiəsi üçün ABŞ və Avropanın dəstəyinə ehtiyac duyduqlarını qeyd etdi.
Ukraynanın Çerkassı Vilayəti Hərbi Administrasiyasının rəhbəri İqor Taburets də verdiyi açıqlamada, rusların bölgədəki Smela şəhərinə raket və PUA hücumu həyata keçirdiyini bildirib.
Taburets hücumda 6 nəfərin yaralandığını, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.
İvano-Frankivsk vilayətində də bir qadının hücumlarda yaralandığı qeyd edilib.
24 saat