Dünya 17.07.2025

Son Dəqiqə: Suriyada son vəziyyət – ABŞ və İsrailin mövqeləri fərqlidir, atəşkəsin maddələri nələri ehtiva edir

Son Dəqiqə: Suriyada son vəziyyət – ABŞ və İsrailin mövqeləri fərqlidir, atəşkəsin maddələri nələri ehtiva edir
Çərşənbə günü İsrail hücumları Şamda müdafiə nazirliyinin bir hissəsini dağıdıb və prezident sarayının yaxınlıqlarını hədəf alıb. Hücumların məqsədinin Suriyadakı Dürzi azlığını qorumaq olduğu iddia edilib. Eyni zamanda, əsasən Dürzi əhalinin yaşadığı Süveyda vilayətində məzhəblərarası qarşıdurmalar dördüncü gününü də davam etdirib.

300-dən çox ölü var

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail qüvvələri "Dürzi qardaşlarımızı xilas etmək və rejimin dəstələrini aradan qaldırmaq üçün çalışır". Suriya münaqişəsi fonunda, Suriya Xarici İşlər Nazirliyi isə İsraili "xaincəsinə hücum" törətməkdə günahlandırıb. Hücumlarda 300-dən çox sivil və əsgərin həyatını itirdiyi bildirilir.

İsrail bazar ertəsindən bəri hədəf alır

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Suriya ordusu Süveyda əyalətindən geri çəkilməyə başlayıb. Agentlik bildirib ki, ordu qeyri-qanuni qruplara qarşı "təqib əməliyyatını tamamladıqdan" sonra, Suriya hökuməti ilə Süveyda ruhani liderləri arasında əldə edilən razılaşma çərçivəsində şəhərdən ayrılıb. İsrail ordusu, keçən dekabr ayında Bəşər Əsədin devrilməsindən bəri ilk dəfə olaraq Süveydaya yerləşən Suriya təhlükəsizlik qüvvələrini və onların silahlarını bazar ertəsindən etibarən hədəf almağa başlayıb.

ABŞ prezidenti Donald Tramp şərh verməkdən imtina edib

ABŞ prezidenti Donald Tramp İsrail hücumları və müharibənin sarsıtdığı ölkədəki qeyri-sabitlik barədə şərh verməkdən imtina edərək, jurnalistləri Dövlət katibi Marko Rubioya yönəldib. ABŞ Dövlət katibi Marko Rubio isə ölkənin cənubunda davam edən zorakılıqdan "çox narahat" olduğunu, lakin hadisələrin saatlar içində sona çatacağına inandığını bildirib və daha sonra razılaşma elan edib: "Bu narahatedici və dəhşətli vəziyyəti bu gecə sona çatdıracaq konkret addımlar üzərində razılığa gəldik." İsrail cəbhəsindən isə hələ atəşkəs cəhdinə dair bir açıqlama gəlməyib.

Atəşkəs nələri ehtiva edir?

Əl-Ərəbiyyəyə danışan Suriyanın üç əsas Dürzi ruhani liderindən biri olan Şeyx Yusuf Cərbu, xarici müdafiə çağırışlarına qarşı olduğunu bildirərək, "Suriya dövlətindən ümidimizi üzməyəcəyik" deyib. Livanın Dürzi icmasının ruhani lideri Şeyx Akil Sami Əbu əl-Mona da Əl-Ərəbiyyəyə verdiyi başqa bir müsahibədə, Şam ilə Süveyda arasında əldə edilən razılaşmanı "müsbət" adlandırıb və silahların həm Suriyada, həm də Livanda yalnız dövlətin əlində olması lazım olduğunu vurğulayıb. Dövlət televiziyasında yayımlanan bir videoda Cərbu, razılaşmanın 10 maddəsini oxuyub. Bu maddələr arasında "Süveyda vilayətinin tamamilə Suriya dövlətinə inteqrasiya edilməsi" də yer alır. Bu günə qədər Dürzi bölgələri, azlıq icmasına mənsub döyüşçülər tərəfindən idarə olunurdu. Müxalif qüvvələrin 14 il sürən vətəndaş müharibəsindən sonra dekabr ayında uzun müddət hakimiyyətdə olan Bəşər Əsədi devirməsindən sonra bəzi Dürzi döyüşçüləri, yeni təhlükəsizlik qüvvələrinə inteqrasiya olmağa hazır olduqlarını bildirmişdilər. Atəşkəs mətnində, sivillərə və ya əmlaklarına zərər verilməyəcəyi qeyd olunur. Eyni zamanda "həbsdə olanların azad edilməsi" və itkin düşənlərin aqibətinin araşdırılması da nəzərdə tutulur.

Şara: Biz müharibə qorxusu daşıyanlardan deyilik

Suriya müvəqqəti Prezidenti Əhməd Şara, cümə axşamı televiziya ilə etdiyi açıqlamada, "Dürzi xalqına qarşı cinayət törədənlərin cavab verəcəyi" sözünü verib və "Sizi xarici bir tərəfin əllərinə sürükləməyə yönəlmiş hər bir cəhdi rədd edirik" deyib, həmçinin Dürzilərin qorunmasının "prioritetləri" olduğunu əlavə edib. Şara deyib: "Biz müharibə qorxusu daşıyanlardan deyilik. Ömrümüzü çətinliklərə sinə gərərək və xalqımızı müdafiə edərək keçirdik. Lakin Suriya xalqının maraqlarını xaosun və dağıntının önünə qoyduq."

İsrail və ABŞ müxtəlif yollarda

Middle East Eye, "İsrail, Trampın Suriya vizyonunu cırıb atmaq istəyir" başlığı ilə yayımladığı təhlildə "İsrail və ABŞ, Suriya münaqişəsində görünüşə görə müxtəlif yollarda irəliləyir" şərhini edərək əlavə edib: "Bu İsrail hücumları Prezident Əhməd Şara hökumətinə qarşı İsrailin əhəmiyyətli bir gərginlik artımını ifadə edir. Üstəlik, bu hücumlar, Şaranın ABŞ ilə əlaqələrinin yaxınlaşmasına və İsraillə artan təhlükəsizlik təmaslarına baxmayaraq baş verib." Beynəlxalq Böhran Qrupunun baş müşavirlərindən Dareen Xəlifə, Middle East Eye-a verdiyi açıqlamada, "İsrail və ABŞ qətiyyən eyni mövqedə deyil" deyərək, "İsrail, hücumunun İsraildəki təxminən 150 min nəfərlik Dürzi icmasının müdaxilə çağırışlarına cavab olduğunu irəli sürüb."

Dürzi liderlərinin mövqeyi nədir?

İsrailə yaxınlığı ilə tanınan qabaqcıl Suriyalı Dürzi şeyxi Hikmət Salman əl-Hacri həqiqətən də beynəlxalq dəstək çağırışında bulunmuş və azlığın "tamamilə bir məhv etmə müharibəsi ilə" qarşılaşdığını söyləmişdir. Lakin digər Suriyalı Dürzi liderlər İsrailin müdaxiləsini rədd ediblər.

Bütün yollar Şama çıxır

İsrailin cənubi Suriyadakı Dürzi icmasını qoruyan dominant qüvvə kimi özünü önə çıxarma addımı, Tramp administrasiyasının vizyonu ilə ziddiyyət təşkil edir. MEE bildirib ki, ABŞ bu ilin əvvəllərində İsrailin şimal-şərq Suriyada daha çox əsgər saxlama tələblərini rədd edib. Bu bölgədə Kürd döyüşçülər daha çox muxtariyyət tələb edir. Tramp administrasiyası, Suriyadakı hərbi mövcudluğunu azaltmaq və Xristianlar, Müsəlmanlar, Dürzilər və Kürdlərdən ibarət bu ölkənin, NATO üzvü Türkiyə, zəngin Qətər və Səudiyyə Ərəbistanı kimi ABŞ müttəfiqlərinin dəstəklədiyi tək bir mərkəzi qüvvə ətrafında birləşməsini istəyir.

Netanyahunun fikrində Suriyanı zəiflətmək çox vacibdir

Keçmiş İsrailli diplomat Alon Pinkas isə MEE-yə, "Netanyahunun fikrində, Suriya dövlətini zəiflətmək, hər hansı bir normallaşmadan çox daha vacibdir" deyib. ABŞ-ın Ankara səfiri və Suriya üzrə Xüsusi Nümayəndəsi Tomas Barrack, keçən həftə etdiyi çox danışılan açıqlamada "Bizim tərəfimizdən nə ayrı bir Ələvi dövləti, nə də ayrı bir Dürzi dövləti olacaq. Suriya deyilən bir şey var" demişdir.

24 saat