QƏZZA HUMANİTAR YARDIM PLANININ SIRLARI ÜZƏ ÇIXDI
ABŞ və İsrailin dəstəyi ilə Qəzza Humanitar Fondu (QHF) vasitəsilə həyata keçirilən mübahisəli humanitar yardım planı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. "Financial Times"ın araşdırmasına əsasən, ABŞ mənşəli Boston Consulting Group (BCG) QHF-nin yaradılmasında milyonlarla dollarlıq müqavilə çərçivəsində iştirak edib.
Layihənin əvvəlində BCG yalnız "pro bono" – yəni pulsuz məsləhət xidməti göstərdiyini bildirmişdi. Lakin şirkətin 2024-cü ilin oktyabrından 2025-ci ilin mayına qədər "Aurora" kod adlı layihədə 4 milyon dollarlıq iş həyata keçirdiyi və 12-dən çox əməkdaşı ilə birbaşa iştirak etdiyi müəyyən edilib.
FƏLƏSTİNLİLƏRİN YERİNDƏN KÖÇÜRÜLMƏSİ PLANININ DƏHŞƏTLİ TƏFƏRRÜATLARI
"Financial Times"ın məlumatına görə, BCG-nin gördüyü işlərdən biri də müharibədən sonra Qəzzanın yenidən qurulması üçün maliyyə modelləşməsi olub. Bu modelləşdirmədə diqqət çəkən ssenarilərdən biri 500 min fələstinlinin "könüllü" şəkildə Qəzzadan kənara köçürülməsi idi. Ssenariyə əsasən, hər fərdə 9 min dollarlıq "yenidən məskunlaşma paketi" təklif edilərək əhalinin 25 faizinin Qəzzanı tərk etməsi hədəflənib.
Model, köçənlərin 75 faizinin geri dönməyəcəyi fərziyyəsi ilə hazırlanıb. Həmçinin qeyd olunub ki, fələstinlilərin zorla sərhəddən kənara çıxarılması, onların Qəzzada qalıb dəstəklənməsindən hər nəfər üçün 23 min dollar daha ucuz başa gələcək. BCG, bu hissənin yuxarı rəhbərliyin xəbəri olmadan və təlimatlara zidd olaraq edildiyini açıqlayıb.
HUMANİTAR YARDIM NÖVBƏSİNDƏ ATƏŞ AÇILIR
QHF-nin tətbiq etdiyi sistem çərçivəsində Qəzzada mövcud olan 400 humanitar yardım paylama məntəqəsi ləğv edilərək cəmi dörd hərbi humanitar yardım mərkəzi yaradılıb. Bu mərkəzlərdə milyonlarla fələstinli humanitar yardım ala bilmək üçün həyatlarını riskə atmaq məcburiyyətində qalır.
İsrail əsgərləri, bu mərkəzlərdə humanitar yardım gözləyən silahsız fələstinlilərə birbaşa əmrlə atəş açdıqlarını etiraf ediblər. İndiyədək ən azı 600 fələstinli bu mərkəzlərdə öldürülüb, 4 min nəfər isə yaralanıb.
TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİNDƏ CIA TƏSİRİ
BCG-nin təkcə humanitar yardım sahəsində deyil, təhlükəsizlik məsələsində də təsirli olduğu üzə çıxıb. Vaşinqtonda yerləşən təhlükəsizlik şirkəti Orbis, İsrailin "Tachlith" İnstitutu adından yeni bir yardım əməliyyatının mümkünlüyü ilə bağlı araşdırma aparması üçün BCG-yə müraciət edib.
Bu əlaqədə əsas fiqur isə keçmiş CIA agenti Phil Reilly olub. Reilly, BCG-nin müdafiə departamentində baş məsləhətçi idi və layihəni idarə edən Matt Schlueter ilə Ryan Ordway adlı iki tərəfdaşın da rəhbəri idi. Reilly daha sonra məsləhətçi vəzifəsindən ayrılaraq Safe Reach Solutions (SRS) adlı özəl təhlükəsizlik şirkəti təsis edib. SRS, QHF-nin əsas təhlükəsizlik təminatçısı olub. BCG əməkdaşlarının bir hissəsi də SRS və QHF üçün daha ətraflı iş planı hazırlamaq məqsədilə təyin edilib.
ŞƏFFAF OLMAYAN MALİYYƏ STRUKTURU
QHF və SRS-nin maliyyələşmə strukturu hələ də qeyri-müəyyən olaraq qalır. Hər iki quruluş ABŞ-ın vergi cənnətlərində qeydiyyatdan keçib və ictimai sənədlərdə məhdud məlumat mövcuddur.
"Financial Times"a danışan bir mənbə, adını açıqlamadığı bir ölkənin QHF-yə 100 milyon dollar vəsait bağışlayacağını vəd etdiyini bildirib. Digər tərəfdən, "Reuters" xəbər verib ki, UBS və Goldman Sachs kimi böyük banklar şəffaflıq çatışmazlığı səbəbindən QHF üçün bank hesabı açmaqdan imtina ediblər. QHF-nin sözçüsü isə "Avropadan ilkin maliyyələşmədən danışdıq, lakin donorlarımızın məxfiliyini qorumaq üçün adlarını açıqlamırıq" şərhini verib. Burada baş verənlər uzunmüddətli müharibənin ağır fəsadlarını bir daha nümayiş etdirir.