Sputnik Bakı Ofisi Əməkdaşları Həbs Edildi
Dünən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakıdakı Rusiya dövlət xəbər agentliyi ofisinə keçirilən əməliyyatda saxlanılan İqor Kartavıx və Yevgeni Belousov bu gün məhkəməyə çıxarılıb.
Məhkəmənin qərarı ilə qurumun Bakı ofisinin rəhbəri Kartavıxa və baş redaktoru Belousova 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən "mütəşəkkil dələduzluq", "külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq", "mütəşəkkil qanunsuz sahibkarlıq" və "cinayət yolu ilə əldə edilmiş gəlirlərin mütəşəkkil qaydada leqallaşdırılması" ilə ittiham olunurlar.
Qanunsuz fəaliyyətə dair iddialar
İstintaq zamanı müəyyən edilib ki, sözügedən ofisin akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirib. Bu səbəbdən başlanılan araşdırma çərçivəsində ofisdə axtarış aparılıb və bəzi əməkdaşlar saxlanılıb.
Federal Təhlükəsizlik Xidməti ilə əlaqə iddiaları
Yerli mediada yayılan xəbərlərdə saxlanılan əməkdaşlardan ikisinin eyni zamanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) üzvü olduğu iddia edilib. Bu iddialar kütləvi
informasiya vasitələrində geniş müzakirə olunur.
Qarşılıqlılıq prinsipi və dövlət qərarı
Azərbaycan hökuməti 2025-ci ilin fevralında Rusiya dövlət xəbər agentliyi ofisinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul etmişdi. Bu qərarın dövlət mediasının xaricdəki fəaliyyəti ilə xarici mətbuat nümayəndələrinin ölkədəki işləri arasında qarşılıqlılıq prinsipini təmin etmək məqsədilə verildiyi bildirilmişdi. Nəzərdə tutulurdu ki, Bakıda fəaliyyət göstərən müxbirlərin sayı
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Rusiyadakı müxbir sayı ilə bərabərləşdirilsin. Lakin Rusiya agentliyinin Bakı ofisi bu qərara əməl etməmiş, keçən müddət ərzində fəaliyyətini və əməkdaşların işini dayandırmamışdı.
24 saat