Dünya 18.07.2025

Suriya: İsrail Hücumu Sonrası Ərəb Tayfaları Səfərbərliyə Başladı, 50 Min Döyüşçü Yola Düşdü

Suriya: İsrail Hücumu Sonrası Ərəb Tayfaları Səfərbərliyə Başladı, 50 Min Döyüşçü Yola Düşdü

Ötən bazar günü atəşkəs elan edilməsinə və 600-dən artıq insanın həlak olmasına baxmayaraq, Suriyada vəziyyət yenidən gərginləşib. Druz və bədəvi ərəb qrupları arasında münaqişələrin şiddətlənməsindən sonra İsrail qırıcıları bədəvi dəstələrinin mövqelərini bombalayıb.

Suriya Yenidən Gərginləşir

Anadolu Agentliyinin məlumatına görə, Süveydada yerli silahlı qrupların çox sayda bədəvi ərəb ailəsini silah gücü ilə evlərindən çıxarması, bəzilərini öldürməsi və yaralaması nəticəsində artan gərginlik dünən axşam silahlı toqquşmaya çevrilib.

İsraildən Yeni Hava Zərbəsi

Dünən axşam saatlarında İsrailə məxsus çoxsaylı pilotsuz uçuş aparatları Suriya səmalarında kəşfiyyat uçuşları həyata keçirib. Eyni zamanda, İsrail qırıcıları Bakı vaxtı ilə 20:40-da bədəvi ərəblərin nəzarətində olan Mezraa kəndinə hava zərbəsi endirib. Toqquşmalara birbaşa müdaxil etməyən Suriya təhlükəsizlik qüvvələri dünən axşam Süveydadan kənara çıxaraq Dəra-Süveyda yolunda gərginliyin daha da artmasının qarşısını almağa çalışır.

Qəbilələrdən Ümumi Səfərbərlik Elanı

Səudiyyə Ərəbistanında yerləşən və ərəbcə yayımlanan "Əl-Hədəs" telekanalının mənbələri Suriya qəbilələrinin baş verən hadisələr və bədəvi qruplara edilənlərdən sonra ümumi səfərbərlik elan etdiyini açıqlayıb.

Məlumata görə, Şərqi Suriya, Hələb və ətraf rayonlardan 50 mindən artıq döyüşçünün druz əhalinin üstünlük təşkil etdiyi Süveydaya gəlməsi gözlənilir. Sosial mediada yayılan görüntülərdə qəbilə döyüşçülərinin Süveydadakı toqquşmalara qatılmaq üçün yola düşdüyü görünür. Digər tərəfdən, Bədəvi Ərəblər Şurası öz silahları ilə paylaşım edərək, "Süveyda tamamilə azad edilənə qədər bir fincan belə ərəb qəhvəsi içməyəcəklərinə and içiblər" ifadələrini istifadə edərək əllərindəki qəhvələri yerə töküblər.

Bu ümumi səfərbərlik, Suriya ərəb qəbilələrinin cümə axşamı günü, "cənub vilayətindəki bədəvi qəbilələrinə yardım məqsədi daşıdığını" bildirərək səfərbərlik elan etməsindən sonra baş verib.

"Bədəvilərə Qarşı Qətliam Var"

Almaniya Xəbər Agentliyinin (dpa) əldə etdiyi və yayımladığı bəyanatda qəbilələr belə deyib: "Biz Suriya qəbilələrinin nümayəndələri olaraq, Süveyda vilayətində bədəvi qəbilələrinə qarşı törədilən qətliam və soyqırım cinayətlərini böyük narahatlıqla izləyirik. Bu hücumlar günahsız mülki vətəndaşların yurdlarından didərgin düşməsinə və köç etməsinə səbəb olub."

Bəyanatda həmçinin vurğulanıb ki, əxlaqi və qəbilə məsuliyyəti tələb edir ki, Suriya hökuməti bölgə xaricindən gələn və qardaş bədəvi qəbilələrini müdafiə etmək üçün hərəkətə keçən döyüşçülərin qarşısını kəsməməli və onlara müdaxilə etməməlidir.

Qəbilələr, "məzlumları müdafiə etməyin və qadın, uşaq və yaşlılara qarşı hücumları dəf etməyin legitim bir haqq olduğunu" vurğulayıblar. Bu cür toqquşmalarda bəzən sələfi cərəyanlarla əlaqəli qrupların da iştirak etdiyi qeyd olunur.

Bədəvilər Kimdir?

  • Bədəvilər, ərəbcə "əl-bədu" adlandırılan və söz kökü olaraq "çöldə yaşayan" mənasını verən köçəri ərəb icmalarıdır. Tarixən Ərəbistan yarımadası, İordaniya, İraq, Suriya, Misir (xüsusilə Sinay), Fələstin və Şimali Afrikanın müxtəlif bölgələrində yaşamışlar. Köçəri və ya yarımköçəri həyat tərzi sürən, heyvandarlıqla (xüsusilə dəvə və qoyun) dolanan, qəbilə quruluşuna malik bir cəmiyyətdir.

Suriya Hökuməti İsraili Qınayır

Digər tərəfdən, Suriya dövlət xəbər agentliyi SANA, hökumət qüvvələrinin geri çəkilməsindən sonra Süveyda ətrafına endirilən ilk İsrail zərbəsini də bildirib.

Suriya Prezident Ofisi isə Süveydadakı druz döyüşçülərini atəşkəsi pozmaqda günahlandırıb. Prezident Ofisi, hökumət qoşunlarının geri çəkilməsinə səbəb olan bu atəşkəsin pozulduğunu iddia edib. Açıqlamada, "qanunsuz qüvvələrin" mülki şəxslərə qarşı "dəhşətli zorakılıq" tətbiq edərək razılaşmanı pozduğu iddia edilib. Həmçinin, "İsrailin Suriyanın daxili işlərinə davam edən açıq müdaxiləsinin yalnız daha çox xaos, dağıntı və regional vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxaracağı" barədə xəbərdarlıq edilib.

İsrail Hücumları və Druzların Müdafiəsi

Çərşənbə günü Dəməşqdəki Suriya Müdafiə Nazirliyinin binasını və Prezident Sarayının yaxınlıqlarını vuran İsrail, öz torpaqlarında da bir druz icmasına malikdir və özünü bu icmanın müdafiəçisi kimi təqdim edir. Fransız Xəbər Agentliyinə (AFP) danışan bəzi analitiklərə görə, bu, əslində İsrailin hərbi məqsədi olan, Suriya hökumət qüvvələrini İsrailin işğalı altındakı Qolan təpələrindən uzaq tutma strategiyasının bir bəhanəsidir.

24 saat