Bazar günü Dürzi və Bədəvi qruplar arasında başlayan münaqişələr yeni bir mərhələyə qədəm qoyub.
Suriya Müdafiə Naziri çərşənbə axşamı səhər saatlarında Suveydada atəşkəs elan edib və təhlükəsizlik qüvvələrinin şəhərə yerləşdirilməsi üçün yerli qruplaşmaların nüfuzlu nümayəndələri ilə razılığa gəlindiyini açıqlayıb. Lakin bu icmanın Ruhani Lideri olaraq tanınan Şeyx Hikmət Əl Hicri yerli döyüşçüləri müqavimət göstərməyə çağırıb.
Əsəd rejiminin devrilməsindən sonra Suriya hökumət qüvvələri ilk dəfə olaraq bu cənub əyalətində yerləşdirilib. Ruhani liderin çağırışından sonra isə toqquşmalar yenidən şiddətlənib.
İSRAİLDƏN HAVA HÜCUMU
İsrail Baş Naziri Benyamin Netanyahunun bəyanatına görə, o, Suveyda bölgəsindəki qüvvələr və silahlar üzərinə hücum əmri verib. Buna səbəb kimi Suriya hökumətinin onları "Dürzilərə qarşı istifadə etməyi planlaşdırdığı" göstərilib.
Suriya isə İsrailin müdaxiləsini pisləyərək hücumlar nəticəsində silahlı qüvvələr mənsubları və mülki şəxslərin həlak olduğunu açıqlayıb.
Suriya Xarici İşlər Nazirliyi çərşənbə axşamı axşam saatlarında verdiyi açıqlamada, İsraili cənubi Suriyaya yönəlik son hücumlar və onların nəticələrinə görə tamamilə məsuliyyətli tutduğunu bildirib.
ABŞ-DAN İSRAİLƏ XƏBƏRDARLIQ
ABŞ mərkəzli Axios xəbər saytının bir Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın rəhbərliyi İsraildən Suriya ordusuna qarşı hücumlarını dayandırmağı tələb edib. Bildirilib ki, İsrail çərşənbə axşamı axşam saatlarından etibarən hücumları dayandırmağa razılıq verib.
Suveydadan yaşayan bir sakin BBC Ərəbcəyə verdiyi açıqlamada, şəhərdəki vəziyyətin "fəlakətli" olduğunu və nizamsız atəşlər səbəbindən əhalinin "kənd yerlərinə qaçdığını", Suriya hakimiyyətinin elan etdiyi komendant saatına baxmayaraq insanların evlərini tərk etdiyini bildirib.
İSRAİL MƏTBUATI: "HÜCUMLAR DAYANDIRILACAQ"
İsrailin Kanal 12 televiziyasının ABŞ-lı bir mənbəyə istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatlar İsraildən Suriyanın cənubuna yönəlik hücumları dayandırmağı tələb edib. ABŞ mənbəsi Vaşinqton rəhbərliyinin hücumları dayandırma tələbinə İsrailin bu axşamdan etibarən dayandırma sözü ilə cavab verdiyini ifadə edib. Haaretz qəzetinin İsrail təhlükəsizlik mənbəyinə istinadən verdiyi xəbərdə isə "İsrailin lazım gələrsə, Suriyaya hücumları intensivləşdirməyə hazır olduğu", lakin şəhərdəki toqquşmaların sakitləşməyə başladığı qeyd olunub.
ÇATIŞMALAR NECƏ BAŞLADI?
Suveydada baş verən münaqişələrin ötən cümə günü Dəməşq şosesində bir Dürzi tacirin qaçırılıb soyulmasından sonra başladığı bildirilir.
Bazar günü BBC-nin məlumatına görə, silahlı qruplar bədəvilərin yaşadığı Əl-Məkvas məhəlləsini mühasirəyə alıb və daha sonra ələ keçirib.
Toqquşmalar qısa müddətdə Suveyda əyalətinin digər bölgələrinə də yayılıb. Bədəvi döyüşçülərin şəhərin ətrafındakı Dürzi kənd və qəsəbələrinə hücumlar təşkil etdiyi bildirilir.
Bu vaxt, ölü sayı 30-a çatıb və Suriya Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə müdaxilə edərək nizamı bərpa etmək qərarı verdiyini açıqlayıb. Nazirlik "təhlükəli gərginliyin aidiyyatı rəsmi qurumların yoxluğunda" yaşandığını qeyd edib.
Bazar gecəsi qısa müddətli sakitlik yaşanıb. Aktivistlər tərəfindən idarə olunan Suwayda 24 adlı xəbər mənbəsinə görə, bu sakitlik Dürzi və Bədəvi liderləri arasındakı vasitəçilik nəticəsində hər iki tərəfin qaçırdığı şəxslərin azad edilməsi ilə təmin edilib.
Lakin bazar ertəsi şəhərin kəndlərində toqquşmaların yenidən başladığı bildirilir. Suwayda 24, həmin vaxt pilotsuz uçuş aparatlarının kəndlərə hücum etdiyini, eyni zamanda hökumət qüvvələrinin Dera’nın şərq bölgələrində yerləşdirildiyini xəbər verib.
Daha sonra Suwayda 24 kəndlərin minaatanlarla da hədəf alındığını və onlarla ölü ilə yaralının yerli xəstəxanalara gətirildiyini açıqlayıb.
Bu vaxt İsrail ordusu Suveyda şəhərinə doğru irəliləyən bəzi Suriya tanklarını vurduğunu açıqlayıb. İsrail Müdafiə Naziri İsrael Katz bu hücumların Suriya rejiminə "açıq xəbərdarlıq" olduğunu bildirib.