Gündəm 26.09.2025

Şüvəlan təcridxanasında işgəncə yarışı

Şüvəlan təcridxanasında işgəncə yarışı

Şüvəlan İstintaq Təcridxanasında Dözülməz Şərait və İşgəncə İddiaları

Bakının Şüvəlan qəsəbəsində yerləşən, xalq arasında "Şüvəlan türməsi" kimi tanınan 3 saylı İstintaq Təcridxanasında məhbusların saxlanma şəraiti ilə bağlı ciddi narahatlıq doğuran faktlar üzə çıxıb. Əldə edilən məlumatlara görə, təcridxanada işgəncə, korrupsiya və antisanitariya halları geniş yayılıb. 2023-cü ilin dekabr ayından 2025-ci ilin may ayına qədərki dövrü əhatə edən müşahidələr həbsxana daxilindəki vəziyyətin dözülməz olduğunu göstərir. Məhbusların ifadələrinə əsasən, Şüvəlan İstintaq Təcridxanası ölkədə ən ağır işgəncələrin və ən total korrupsiyanın hökm sürdüyü cəzaçəkmə müəssisələrindən biridir.

Təcridxana iki hissədən ibarətdir: "aşağı" və "yuxarı". "Aşağı hissə" daha çox maddi imkanı olmayan və ya rüşvət vermək istəməyən məhbuslar üçün nəzərdə tutulur. "Yuxarı hissə", yaxud məhbusların "Titanik" adlandırdığı bölüm isə pul müqabilində nisbətən yaxşı şərait əldə edən, bir nəfərlik çarpayısı olan kameralarda yerləşənlər, eləcə də siyasi məhbuslar və ya nüfuzlu şəxslər üçün ayrılıb. Bu bölgü həbsxana daxilində təbəqələşmə yaradır ki, bu da məhbuslar arasında ciddi ayrı-seçkilik kimi dəyərləndirilir.

Sistemli İşgəncələr və Qorxunc Metodlar

Məhbuslara qarşı işgəncələrin əsas icraçıları arasında müəssisənin rəis müavinləri və rejim rəisləri var. Məsələn, rejim nəzarət üzrə rəis müavini Rasim adlı polkovnik-leytenant və əməliyyat üzrə rəis müavini, 1991-ci il təvəllüdlü mayor İlkin Şirinov bu hallarda adları hallanan şəxslərdəndir. Məhbusların ifadələrinə görə, bu şəxslər arasında kimin daha qəddar işgəncə metodları tətbiq etməsi barədə bir növ "yarış" gedir.

İlkin Şirinovun ən qorxunc işgəncə forması məhbusun qulaq pərdəsini partlatmasıdır. Bu, şəxsi ömürlük kar etmək deməkdir. Şirinovun iki metrə yaxın boyu və idman cüssəli bədəni var. O, qurbanlarına böyük əlləri ilə qulaq nahiyəsindən zərbələr endirir və məhbusların dediyinə görə, zərbə zamanı ağız açıq saxlanılmazsa, qulaq pərdəsi partlayır. İlkin Şirinov məhbusları hədələyərkən bu metoddan qürurla bəhs edərək, "indiyə qədər 100-dən çox məhbusun qulağını partlatmışam" deyir. İlkin Şirinovun digər bir işgəncə növü isə məhbusları otağındakı 1 metr hündürlüyündə şkafa salaraq saatlarla orada saxlamaqdır.

Rasim adlı polkovnik-leytenant isə məhbusları daha çox dəmir barmaqlıqlardan asır və saatlarla bu vəziyyətdə saxlayır. Məhbuslardan birinin sözlərinə görə, "elə bir gün yoxdur ki, ən azı bir nəfər döyülməsin, ən azı bir nəfər aşağı korpusların birləşdiyi yerlərdəki dəmir barmaqlıqlardan qandalla asılmasın." Bu o deməkdir ki, son bir il altı ay ərzində Şüvəlan İstintaq Təcridxanasında ən azı 550 işgəncə halı qeydə alınıb. Rasim həmçinin məhbusları toplu şəkildə plastik boru ilə döyməkdən də istifadə edir. Dəhlizdə salamlaşan, danışan və ya nəfəslikdən digər kameralarla əlaqə quran məhbuslar, hətta bütün kamera sakinləri bu cəzaya məruz qalırlar.

1-ci korpusun rejim rəisi, təxminən 40 yaşlı Orxan adlı mayor da məhbusları döyür və sonra dəmir barmaqlıqlardan asır. Məhbuslar dözülməz şəraitə etiraz etdikdə Orxan və ya rəis müavinləri tərəfindən döyülür və qandalla dəmir barmaqlıqlardan asılırlar. İşgəncədən qurtulmaq üçün rejim rəisinə 50-100 manat, bəzən daha artıq pul ödəmək tələb olunur.

Geniş Miqyaslı Korrupsiya Faktları

Təcridxanadakı hər addım pul tələbi ilə müşayiət olunur. Yeni gələn məhbuslara ilk olaraq pullu kameralar təklif edilir. Təmir edilmiş kameralar 400-700 manata "satılır". Məsələn, 1-ci korpusun 14-cü kamerası kafelli yeri və bağlı sanitar qovşağı səbəbiylə adambaşına 700 manata təklif edilir. Maddi imkanı olan və ya "böyük yeyinti" ittihamı ilə həbs olunan şəxslərə "Titanik"də yer təklif olunur ki, burada qiymətlər daha yüksəkdir: birinci mərtəbə 700-800 manat, "dəniz mənzərəli" üçüncü mərtəbə isə 1500-2000 manatdır.

Pullu televiziya kanallarına baxmaq da əlavə xərc tələb edir. 40-50 manatlıq avadanlıq 150 manata satılır, aylıq 10 manatlıq ödəniş əvəzinə isə yenə 150 manat alınır. Üstəlik, bu xidməti istəyən kameralar köhnə televizorları həbsxana rejimindən 300 manata almağa məcbur edilir. Yay aylarında nəfəsliklərin bağlı qalması səbəbindən yaranan istidən məhbuslar ciddi əziyyət çəkir, hətta huşunu itirənlər olur. Nəfəsliyin açılması üçün rəis Cəlil müəllimdən icazə almaq və bunun üçün aylıq 500 manat ödəmək lazımdır.

Ağır Saxlanma Şəraiti və Antisanitariya

Şüvəlan İstintaq Təcridxanasına gələn məhbusun ilk qarşılaşdığı "şmon" adlanan yoxlama bölməsində məqsəd yalnız qeyri-qanuni əşyaların aşkarlanması deyil, həm də pul qoparmaqdır. Məhbusların üstündəki pulun böyük hissəsi əllərindən alınır. Sonra isə onlar karantin adlanan bölməyə aparılırlar ki, burada qeyri-insani şərait hökm sürür. Məsələn, 7-8 kvadratmetrlik, əslində iki nəfərlik kamerada doqquz nəfər saxlanılır. Bu da məhbusun pul verib oradan çıxmasına məcbur etmək üçün tətbiq edilən bir üsuldur.

Aşağı korpuslardakı kameraların şəraiti acınacaqlıdır. Çarpayılar 70-80-ci illərdən qalıb, döşəklər on illərdir təmizlənmir, qan, çirk, ləkə, ifrazat və infeksiya mənbəyinə çevrilib. Bir kamerada 14 çarpayı olmasına baxmayaraq, 24 nəfər qalır, növbə ilə yatır. Bu da məhbusların yuxu rejimini pozaraq sağlamlıqlarına və psixikalarına mənfi təsir edir.

Kameralarda tarakan, böcək, siçan, siçovul, hətta ilanlara rast gəlmək mümkündür. Tualetlərin üstü açıqdır ki, bu da antisanitariya və bağırsaq çöpünün yayılmasına şərait yaradır. Məhbuslar havasız şəraitdə yaşayırlar, çünki kameralarda yalnız balaca bir pəncərə var və təmiz hava çatmır. Gəzinti hüququ da pozulur. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna görə, gündəlik iki saatdan az olmayaraq gəzintiyə çıxarılmalı olsalar da, Şüvəlan İstintaq Təcridxanasında bu müddət maksimum yarım saatdır, bəzən isə cəmi 5 dəqiqə olur. Daha çox gəzmək istəyənlər rejim rəisinə pul verməli olurlar.

Verilən yeməklər də çox pis keyfiyyətdədir; məhbuslar onları yeməyin mümkün olmadığını bildirirlər. Ona görə də yeməyin tərkibindəki noxudları və ya ət məhsullarını ayırıb yenidən bişirməyə çalışırlar. Hətta ən imkansız məhbuslar belə bu yeməkləri yeyə bilmirlər. Məhbuslardan biri təcridxanadakı şəraiti "insan deyil, heç heyvanın belə qalmadığı at tövləsi" kimi qiymətləndirir.

Yoxlamalar və Məhbusların Səssiz Harayı

Təcridxananın həyətində rəisin öz şəxsi ferması mövcuddur; burada müxtəlif quşlar, toyuq-cücə, qoyun-quzu və donuz saxlanılır. Bu fermaya da məhbuslar qulluq edir. Məhbusların dediyinə görə, yoxlamalar və ya Ombudsman müəssisəyə gələndə yalnız "Titanik" adlanan "yuxarı hissə"yə aparılırlar. "Bizim vəziyyətimizlə heç kim maraqlanmır. Ona görə həbsxana rəisi, müavinləri, rejim rəisləri dustaqların başına nə oyun istəyirsə, açır, hansı işgəncəni istəyirsə, verirlər. Burada vəziyyət belə ağır, dözülməz və özbaşınadır," – deyə məhbuslar vəziyyəti təsvir edirlər.

Bu müəssisədə müşahidə olunan ayrı-seçkilik, qanunsuzluq və faşist rejiminə bənzər vəziyyət təəssüf doğurur. Penitensiar Xidmətin işgəncələrdə adı hallanan əməkdaşlarının siyahısı genişlənməyə davam edir:

  • Cavid Güləliyev – Bakı İstintaq Təcridxanası
  • Ceyhun Hacıyev – Bakı İstintaq Təcridxanası
  • İlkin Şirinov – 3 saylı İstintaq Təcridxanası
  • Rasim adlı polkovnik-leytenant – 3 saylı İstintaq Təcridxanası
  • Orxan adlı mayor – 3 saylı İstintaq Təcridxanası
  • Pərviz Quliyev (gizir) – Bakı İstintaq Təcridxanası
  • Kənan Orucov (rəis müavini) – 7 saylı Cəzaçəkmə Müəssisəsi

24 saat

Oxucu Şərhləri

İlqar Ramizov
26.09.2025 05:16
Məqalədəki məlumatlar dəhşətlidir və Şüvəlan təcridxanasındakı vəziyyətin bu qədər ciddi olması təəssüf doğurur. İşgəncə və korrupsiya iddialarının bu qədər açıq şəkildə qeyd olunması, həqiqətən də diqqət tələb edir. Ümid edirəm ki, bu cür məsələlər ictimaiyyətin diqqətini cəlb edəcək və müvafiq tədbirlər görüləcək. Belə bir vəziyyətin mövcud olması, insan hüquqları baxımından heç də xoşagəlməzdir.
Cəmil Ramizov
26.09.2025 04:58
Bu məqaləni diqqətlə oxudum. Şüvəlan təcridxanasındakı vəziyyətlə bağlı bu qədər aydın və təfərrüatlı məlumatla tanış olmaq olduqca təəccüblüdür. İşgəncə və korrupsiya hallarının bu qədər geniş yayılması, xüsusilə də "aşağı" və "yuxarı" hissə bölgüsünün yaradılması, insan haqlarına hörmətsizlikdir. "Titanik" adlandırılan bölümdə belə şəraitin pul müqabilində əldə edilməsi, sistemin pozğunluğunu bir daha göstərir. Ən çox məni narahat edən isə, məmurların işgəncə metodları üzrə "yarış" aparması ideyasıdır. Bu, sadəcə qəddarlıq deyil, eyni zamanda vəzifə səlahiyyətlərinin sui-istifadə edilməsidir. Bu cür mövzuların ictimaiyyətə çatdırılması çox vacibdir.
Aytən Əhmədli
26.09.2025 04:53
Bu yazını oxuyanda ağlıma ilk gələn, görəsən o "vlan" yəni təcridxananın özü də belə "aşağı" və "yuxarı" kateqoriyalara bölünürmüş? Bir tərəfdə "Titanik" kimi rahatlıq, digər tərəfdə isə nə bilirsən, nə qədər pis şərait. Həqiqətən də gülməli deyil, amma bu "işgəncə yarışı" ideyası adamı düşündürür. Görəsən bu yarışda birinci yeri tutan necə bir mükafat alır? İndi bu suallarla gecələr yata bilməyəcəm.

Şərh Yaz