ABŞ-da kritik görüşə gözlər dikilib
Qəzzada təcili atəşkəs üçün beynəlxalq təzyiqlərin artdığı bir dövrdə Ağ Ev ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövründə dördüncü dəfə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul etməyə hazırlaşır.
Prezident Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası zamanı Türkiyə və digər yeddi müsəlman ölkəsinin liderləri ilə bir araya gələrək əsas konturları üzərində razılığa gəldiyi yeni Qəzza sülh planının İsrail tərəfindən də təsdiqlənməsini istəyir.
Görüş Netanyahu hökumətinin müharibəni dayandırmaq üçün ağır beynəlxalq təzyiq altında olduğu bir vaxtda baş tutur. BMT-nin 80-ci Baş Assambleyası zamanı başlıca Qərb ölkələri İsrailin etirazlarına baxmayaraq Fələstin dövlətini tanıyan ölkələr siyahısına qoşulub. İsrailə qarşı idman və mədəni sahələrdə boykot çağırışları getdikcə artır, Avropa İttifaqı (Aİ) də bu ölkəyə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir.
Netanyahunun daxili və beynəlxalq təzyiqləri
Netanyahu cümə günü BMT Baş Assambleyasında dünya liderlərinə müraciət etməyə başlayarkən, bir çox nümayəndənin Fələstin etirazı üçün zalı tərk etməsi İsrailin Baş nazirini demək olar ki, boş bir zalda çıxış etməyə məcbur etdi.
Netanyahu haqqında İsraildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları davam edir. 2023-cü il oktyabrın 7-də baş verən Həmas hücumlarına qədər İsrailin Baş nazirinə qarşı küçə nümayişləri ölkə gündəminin ən vacib mövzusu idi. Müxaliflərinə görə, İsrailin Fələstin ərazisinə qarşı başlatdığı hərbi əməliyyat Netanyahunun ifrat sağçı partiyalarla qurduğu kövrək hökumətin siyasi ömrünü uzatdı.
Prezident Trampın administrasiyası indiyədək Netanyahu hökumətini dəstəkləyib. Lakin ABŞ prezidenti Tramp son dövrlərdə baş verən bəzi hadisələr qarşısında narazılığını gizlətmir. Xüsusilə bu ayın əvvəllərində Qətərdə Həmas danışıqlar heyətini hədəf alan İsrail hava zərbəsi Vaşinqtonu regiondakı müsəlman müttəfiqləri qarşısında çox çətin vəziyyətə saldı.
Yeni Qəzza sülh planının detalları
Prezident Tramp Türkiyə də daxil olmaqla səkkiz müsəlman ölkəsinin liderləri ilə 80-ci Baş Assambleyanın çərçivəsində yan görüşdə bir araya gəldi. Görüşdən sonra açıqlama verən ABŞ prezidenti bu toplantını "sammit ərzində keçirdiyim ən əhəmiyyətli görüş" adlandıraraq bölgədə tezliklə bir həll yoluna nail olacağına ümid etdiyini bildirmişdi.
Nyu-Yorkdakı bu görüşdən sonra cümə axşamı Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp Ağ Evdə bir araya gəldi. İki ölkə arasında uzun müddətdir davam edən CAATSA sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramında iştirakı, F-16 satış müqaviləsi və Halk Bank işi kimi mövzularla yanaşı, görüşdə Yaxın Şərq məsələsi də gündəmə gəldi. Hər iki lider Oval Ofisdə keçirdikləri mətbuat konfransında bu məsələni təsdiqləsə də, əlavə təfərrüat vermədi.
Lakin İsrail və Amerika mətbuatına sızan məlumatlara görə, ABŞ prezidenti 21 maddədən ibarət yeni bir sülh planı üzərində işləyir. Yan görüşdə Türkiyə və digər yeddi müsəlman ölkəsinin əsas konturları ilə dəstəklədiyi bu sülh planı Fələstinlilərin öz ölkələrini tərk etmədən Qəzzanın yenidən qurulmasını təmin edərkən, Həmasın silahlarını yerə qoymasını və tamamilə ləğv edilməsini nəzərdə tutur. Yenə mətbuata sızan 21 maddəlik plana görə, bütün İsrail girovları azad ediləcək, qarşılığında isə İsrailin əlindəki Fələstinli məhbuslar azadlıqlarına qovuşacaq. Vaşinqton və müsəlman zəmanətçi ölkələr sülh planının məzmununun dəyişdirilməsi barədə çevikdir. Lakin razılaşmanın tək və ən əhəmiyyətli çatışmazlığı İsrail tərəfinin hələlik anlaşmaya yaşıl işıq yandırmamasıdır.
Bu gün Vaşinqtonda baş tutacaq Tramp-Netanyahu görüşü bu səbəbdən böyük əhəmiyyət kəsb edir. Görüşdən bir gün əvvəl Amerikanın Fox News xəbər kanalına danışan İsrailin Baş naziri Netanyahu, ABŞ-lı həmkarları ilə razılaşma üzərində işləməyə başladıqlarını söylədi.
ABŞ prezidenti Donald Tramp ABŞ mərkəzli Truth Social hesabından dünən etdiyi paylaşımda, "Yaxın Şərqdə böyük işlər üçün əsl şansımız var" ifadəsini istifadə etdi.
Trampın Netanyahunun səfəri öncəsi etdiyi paylaşımının davamında, "Hamımız həyatımızda ilk dəfə olaraq xüsusi bir işə hazırıq. Biz bunu bacaracağıq" qiymətləndirməsini verdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz