Tehranda kütləvi vida mərasimi
İsrailin iyunun 13-də nüvə obyektlərini hədəf alan hücumlarından sonra Tehranda bu gün tarixi cənazə mərasimi təşkil edilib. Paytaxtda aralarında yüksək rütbəli İnqilab Keşikçiləri Komandanları, nüvə alimləri, qadınlar və uşaqların da olduğu 60 nəfər üçün keçirilən mərasimə yüz minlərlə insan qatılıb.
Yüksək vəzifəli şəxslər yad edildi
Tehranın İnqilab Meydanında yerli vaxtla səhər saat 08:00-da başlayan mərasim Azadi Meydanına qədər 11 kilometrlik yürüşlə davam edir. Vətəndaşların şüarlarla irəlilədiyi mərasimdə İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilir. Küçələr həlak olan yüksək rütbəli şəxsləri anmaq üçün plakatlarla bəzədilmişdi.
Dövlət qurumları bağlı qaldı
Ölkənin İslam Təbliğat Koordinasiya Şurasının açıqlamasına görə, mərasimin xalqın geniş iştirakı ilə keçirilə bilməsi üçün paytaxtdakı bütün dövlət qurumları bu gün qeyri-iş günü elan edilib. Tehran valisi Məhəmməd Sadıq Mutəmədyan da verdiyi açıqlamada "Vətəndaşlara layiq bir vida mərasimi təşkil etmək üçün bu gün dövlət idarələri bağlı qalacaq" bildirib.
Hadisələr necə inkişaf etdi?
İsrailin 12 gün davam edən hücumlarında İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Komandanı və 9 nüvə alimi də daxil olmaqla yüksək rütbəli hərbi və mülki şəxslər hədəfə alındı. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlarda 627 mülki şəxs həlak olmuş, 4 mindən çox insan yaralanmışdı. İyunun 22-də isə ABŞ, İranın Natanz, Fordo və İsfahandakı üç əhəmiyyətli nüvə obyektinə birbaşa hücum etdi. İran bu hücuma iyunun 23-də ABŞ-ın Qatardakı Əl-Udeyd Hərbi Bazasını hədəf alaraq cavab zərbəsi endirdi. İyunun 24-də isə ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs elan olunduğunu bildirdi.