Türkiye Böyük Millət Məclisi (
TBMM) nəzdində fəaliyyət göstərən həll komissiyasının AKP, MHP və DEM Partiyasından olan üç üzvünün dünən
İmralı Adasında
PKK-nın qurucusu
Abdullah Öcalanla keçirdiyi görüşlə bağlı DEM Partiyasından ilk rəsmi açıqlama gəlib.
Partiyasının Məclis Qadın Qrupu toplantısında çıxış edən DEM Partiyasının həmsədri Tülay Hatimoğulları, “Görüşün məzmunu ilə bağlı şübhəsiz ki, Məclis Sədri və komissiya lazımi məlumatları verəcək. Lakin biz bilirik ki, cənab Öcalan Türk-Kürd ittifaqının və bütün xalqların birgə yaşayış zəmininin güclənməsi, münaqişəsizliyin daimi xarakter alması və demokratik həll iradəsinin bir daha açıq şəkildə ortaya qoyulması üçün bir mövqe sərgiləyib. Buna heç bir şübhəmiz yoxdur”, – deyə bildirib.
Hatimoğulları, görüşdə kürd döyüşçülərin rəhbərlik etdiyi
Suriya Demokratik Qüvvələrinin (SDQ) taleyinin də müzakirə edildiyini qeyd edərək deyib: “Suriya probleminin həllinə işıq salacaq mühüm qiymətləndirmələr aparılıb. Xüsusilə Suriyanın şimal-şərqində və ümumilikdə Suriya üçün həll prosesinin açarı ola biləcək bir perspektiv ortaya qoyulub. Bu görüşdə sülhün təmin edilməsi və komissiyanın hüquqi və siyasi tənzimləmələr üzrə işlərini dəstəkləyəcək dəyərləndirmələr edilib”.
Hazırda Suriyanın şimal-şərqindəki geniş əraziləri nəzarətdə saxlayan SDQ ilə Şam hökuməti arasında hərbi və mülki strukturların mərkəzi idarəetməyə inteqrasiyasına dair danışıqlar davam edir. Ankara prosesin əvvəlindən bəri Öcalanın PKK-ya silahı yerə qoymaq çağırışının SDQ-ni də əhatə etdiyini müdafiə etsə də, suriyalı kürdlər bu çağırışın özlərinə aid olmadığını və Türkiyə üçün təhdid yaratmadıqlarını bildirirlər.
DEM Partiyası bundan sonra nə gözləyir?
TBMM-dəki çıxışında CHP-nin dünənki heyətdə yer almamasını da dəyərləndirən Hatimoğulları bildirib: “Komissiyada təmsil olunan bütün partiyaların İmralı görüşündə yer almasını, əlbəttə, çox istərdik. Bu mövzuda tənqidi dəyərləndirmələrimizi etdik. Komissiyanın cənab Öcalanla görüşünün 86 milyon insana zərər deyil, fayda verdiyi görünəcək. Bir daha qeyd edirik ki, kürd məsələsi seçki məsələsi deyil. Kürd deyəndə sandıq, sülh deyəndə səsvermə cədvəli təsəvvür etmək siyasət deyil, siyasətsizlikdir. Bu, kürd xalqına böyük haqsızlıqdır”.
Növbəti mərhələdə zəruri qanuni tənzimləmələrin sürətlə həyata keçirilməsinə çağırış edən Hatimoğulları deyib: “Prosesin bu yeni mərhələsində gözləntimiz komissiyanın hesabatını tez bir zamanda yazması, hüquqi və qanuni tənzimləmələr prosesinə sürətlə keçid edilməsi və bu tənzimləmələrin təcili aparılmasıdır”.
Qrup toplantısından dərhal sonra jurnalistlərin suallarını cavablandıran Hatimoğulları, “Görüşün müsbət keçdiyini deyə bilərik. Bununla bağlı ətraflı açıqlamanı sabah komissiya toplandıqdan sonra komissiyanın sədri cənab Numan Kurtulmuş verəcək”, – deyə əlavə edib.
DEM Partiyasından olan siyasətçi, partiya olaraq İmralı görüşməsinin protokollarının hər kəsə açıq olmasını istədiklərini və sabahkı komissiya toplantısında bu istiqamətdə fikir bildirəcəklərini qeyd edib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz