Çin Xalq Respublikasının Sədri Si Cinpin, ABŞ prezidenti Donald Tramp ilə görüşündə,
məlumat təhlükəsizliyi narahatlıqları səbəbindən verilməsi və ya bağlanması müzakirə olunan sosial media platforması
TikTok'un ABŞ-lı tərəfdaşlara mümkün devrinə yaşıl işıq yandırdı.
Si Cinpinin Açıqlaması
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Sədr Si Cinpin, görüşdə Çinə məxsus ByteDance şirkətinin əsas tərəfdaşı olduğu qısa video paylaşma tətbiqinin statusu ilə bağlı qiymətləndirmə aparıb.
Çin hökumətinin
TikTok mövzusunda mövqeyinin aydın olduğunu vurğulayan Si, "Çin hökuməti sözügedən şirkətin (ByteDance) istəklərinə hörmət edir. Çin qanunlarına və qaydalarına uyğun, hər iki tərəfin də maraqlarını nəzərə alan bir həll üçün bazar qaydalarına uyğun səmərəli kommersiya danışıqlarının aparılmasını görməkdən məmnun olarıq," ifadəsini işlətdi.
Görüşdə Si, ABŞ-ın çinli investorlar üçün açıq, ədalətli və ayrı-seçkilikdən kənar bir mühit təmin etməsinin vacibliyini qeyd etdi.
ABŞ-ın Ticarət Məhdudiyyətləri
Si Cinpin, Çin və ABŞ heyətlərinin iki ölkənin qarşılıqlı gömrük rüsumlarının artırılması ilə yaranan
ticarət gərginliyini həll etmək məqsədilə son aylarda apardığı məsləhətləşmələrin bərabərlik, qarşılıqlı hörmət və fayda ruhunu əks etdirdiyini vurğuladı.
Heyətlərin ikitərəfli əlaqələrdəki əsas problemləri uyğun şəkildə həll etməyi və qarşılıqlı faydalı nəticələrə nail olmaq cəhdlərini davam etdirməyin vacibliyini bildirən Si, "ABŞ ticarəti məhdudlaşdıran birtərəfli tədbirlər almağı dayandırmalı və iki tərəf arasında çoxsaylı raundlarda aparılan danışıqların nəticələrinə zərər verməməlidir," dedi.
ABŞ prezidenti Donald Tramp da görüşdən sonra ABŞ mərkəzli sosial media platforması Truth Social hesabından verdiyi açıqlamada, Çin lideri ilə aralarında
ticarət gərginliyi və
TikTok'un devri də daxil olmaqla bir çox mövzuda səmərəli bir görüş keçirdiklərini qeyd etdi və
TikTok'un devrinə razılıq verdiyi üçün həmkarına təşəkkür etdi.
Tramp, iki gün əvvəl etdiyi açıqlamada,
TikTok'un alınması mövzusunda Çinlə razılığa gəldiklərini və razılaşmanın təsdiqlənməsi ilə bağlı Çin Sədri Si Cinpin ilə son detalları müzakirə edəcəyini bildirmişdi.
TikTok Problemi
ABŞ Nümayəndələr Palatası 2024-cü il martın 13-də keçirilən səsvermədə "Amerikalıların Xarici Düşmənlər tərəfindən Nəzarət Edilən Tətbiqlərdən Qorunması Qanunu" başlıqlı layihəni böyük əksəriyyətlə qəbul etmişdi. ABŞ Senatından da keçən layihə 2024-cü il aprelin 24-də o vaxtkı ABŞ prezidenti Co Baydenin imzası ilə qüvvəyə minmişdi.
"Milli təhlükəsizliyə təhdid yaratdığı" əsası ilə
TikTok'un qadağan edilməsinə yol açan
qanun, əsas tərəfdaş mövqeyində olan ByteDance şirkətinin platformanı ABŞ-lı bir şirkətə təhvil verməsini, əks halda tətbiqin ABŞ-da qadağan edilməsini nəzərdə tutur.
ABŞ Konqresi ByteDance-ın 2025-ci il yanvarın 19-dək nəzarət payını təhvil verməməsi halında tətbiqin bütün ölkədə qadağan edilməsi qərarının ABŞ Ali Məhkəməsi tərəfindən də təsdiqləndiyini qeyd edib. Lakin ABŞ prezidenti Donald Tramp son tarixi 2025-ci il sentyabrın 17-nə qədər, prezident sərəncamları ilə 4 dəfə uzadıb.
Son olaraq, bu həftənin əvvəlində
ticarət danışıqları üçün İspaniyanın paytaxtı Madriddə bir araya gələn ABŞ və Çin heyətləri,
TikTok ilə bağlı problemin əməkdaşlıq çərçivəsində həlli barədə "əsas çərçivə razılaşmasına" gəldiklərini bildirmişdi.
Tarif Mübahisələri və Danışıqlar
ABŞ prezidenti Donald Tramp, aprelin 2-də aralarında Çinin də olduğu ticarət tərəfdaşlarına əlavə gömrük vergiləri tətbiq etdi. Çinin buna cavab verməsi ilə iki ölkə arasında başlayan tarif mübahisəsi nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifi 145 faizə, Çin isə ABŞ-a tətbiq etdiyi tarifi 125 faizə qaldırmışdı.
Artan
ticarət gərginliyi sonrasında ABŞ-lı və Çinli səlahiyyətlilər, mayın 10-11-də tarif danışıqları üçün İsveçrənin Cenevrə şəhərində bir araya gələrək, gömrük vergilərini 90 gün müddətinə qarşılıqlı endirmə qərarı almışdılar.
Görüşdən sonra mayın 14-dən etibarən ABŞ-ın Çin mallarına tətbiq etdiyi gömrük vergisini 90 günlük müddətə 145 faizdən 30 faizə, Çinin də ABŞ mallarına tətbiq etdiyi vergini 125 faizdən 10 faizə endirməsi qərara alınmışdı.
İki ölkə heyətləri danışıqların ikinci turu üçün iyunun 9-10-da İngiltərənin paytaxtı Londonda bir araya gələrək, əvvəlki görüşlərdə əldə olunan razılaşmanın tətbiqinə yönəlik tədbirlərin çərçivəsi barədə razılığa gəldiklərini elan etmişdi.
Heyətlər, iyulun 28-29-da da İsveçin Stokholm şəhərində apardıqları üçüncü tur danışıqlarda tariflər mövzusunda əldə olunan müvəqqəti uzlaşmanın avqustun 12-dən etibarən daha 90 gün uzadılması barədə razılığa gəlmişdilər.
Ən son sentyabrın 14-15-də İspaniyanın paytaxtı Madriddə danışıqlar aparan heyətlərin, müvəqqəti uzlaşma müddətinin başa çatacağı noyabrın 10-u öncəsi gələn ay yenidən bir araya gəlməsi gözlənilir.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz