Gündəm 30.09.2025

Toplum TV: İstintaq sübutları saxtalaşdırdı

Toplum TV: İstintaq sübutları saxtalaşdırdı
Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən "Toplum TV"-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclasdakı çıxışına davam edərək irəli sürülən ittihamlara cavab verib.

Ələsgər Məmmədli “Toplum TV”-nin fəaliyyətinə dair iddiaları rədd edir

Ələsgər Məmmədli ilk olaraq "Toplum TV"-nin dövlət qeydiyyatından keçməməsi iddiasının ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən xəbərsizliyini göstərdiyini vurğulayıb. O qeyd edib ki, "Toplum TV" sadəcə bir domen adıdır. Beynəlxalq Kommunikasiya Assosiasiyasının qaydalarına əsasən, "com", "org", "net", "info", "tv" kimi domen adları beynəlxalq xarakter daşıyır və internet üzərindən fərdi e-poçt vasitəsilə, müəyyən ödəniş qarşılığında əldə edilə bilər. Bu cür domenlərin alınması üçün hər hansı digər prosessual qayda və ya dövlət qeydiyyatı nəzərdə tutulmur.

Məmmədli əlavə edib ki, "Toplum TV" domeni 2016-cı ilin aprelində alınıb və internet səhifəsi 2017-ci ildə yaradılıb. Həmin dövrdə Azərbaycanda media fəaliyyətini hüquqi tənzimləyən qanunvericilik aktları "Kütləvi İnformasiya Vasitələri" haqqında Qanun və "Televiziya və Radio yayımı" haqqında Qanun olub. 1999-cu ildə qəbul edilən "KİV" haqqında Qanun yalnız çap mediasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyətə başlamazdan 1 həftə öncə xəbərdarlıq etməklə qeydiyyatını tələb edirdi. İnternet üzərindən və domen adları ilə daxil olunan resursların qeydiyyatı isə nəzərdə tutulmayıb.

Hüquqşünas Ələsgər Məmmədli çıxışında 2022-ci ildə qəbul edilmiş "Media haqqında" Qanuna da toxunub. O bildirib ki, bu qanunda da sadəcə domen adı "tv" olan və ya onlayn televiziya kimi özünü adlandıran qurumların "dövlət qeydiyyatı" tələb olunmur. Yeni qanun "platforma yayımçısı" anlayışı gətirsə də, belə yayımçılar yalnız ən azı gündə 8 saat fasiləsiz canlı yayımla məşğul olarsa, müraciət edib rəsmi qeydiyyatdan keçə bilərlər. "Toplum TV" heç vaxt gündəlik 8 saat yayımla məşğul olmadığına görə bu meyarlara uyğun gəlmir.

Məmmədli daha sonra ittiham tərəfinin onun "Toplum TV" adından layihələr yazaraq xarici təşkilatlardan qrantlar alması iddiasına aydınlıq gətirib. O, ittihamı əsassız adlandırıb və istintaqın onun müxtəlif qurumlarla ekspert kimi bağladığı xidmət müqavilələrini qrant adı ilə təqdim etməklə sübutları saxtalaşdırdığını söyləyib. Ələsgər Məmmədli həmçinin vurğulayıb ki, "Toplum TV"-nin kommersiya fəaliyyəti olmayıb, hər hansı gəlir gətirməyib. Bu platforma sadəcə jurnalist olmaq və təlimlərdə jurnalist peşəsinə yiyələnmək istəyən gənclərin praktiki vərdişlərini həyata keçirmə məqsədi daşıyıb. O, "Toplum TV"-nin ictimai qaydada heç bir maddi gəlir gətirməyən və ayrı-ayrı şəxslərin könüllü fəaliyyəti olduğunu, özünün buradakı fəaliyyətinin isə yalnız Toplum.tv domenini almaqdan ibarət olduğunu bildirib.

Fərid İsmayılov təcridxanada təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirir

Daha sonra çıxış edən "Toplum TV" jurnalisti Fərid İsmayılov saxlandığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükələr olduğunu söyləyib. Jurnalist yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini qeyd edib. Onun sözlərinə görə, hadisə sentyabrın 23-də Penitensiar Xidmət işçilərinin gözü önündə baş verib: "Tibb məntəqəsinə aparılarkən məhkumlardan biri mənə stəkan atdı. Penitensiar işçiləri önümə keçdi və stəkanın mənə dəyməsinin qarşısını aldı. Lakin dəfələrlə xahiş etməsinə baxmayaraq hadisə aktlaşdırılmayıb".

Jurnalist əlavə edib ki, hadisədən dərhal sonra vəkili ilə görüşüb və məhkumun otağının dəyişdirilməsi, onunla rastlaşmamasının təmin olunmasını tələb edib, lakin müraciət həllini tapmayıb. Fərid İsmayılov bildirib ki, sentyabrın 24-də oxşar hadisə təkrarlanıb. Bu dəfə həmin məhkum ona isti su atmağa cəhd edib. Penitensiar işçilərinin müdaxiləsi ilə hadisənin qarşısı alınıb, lakin məsələ kökündən həll olunmamış qalır. Jurnalist əlavə edib ki, sentyabrın 25-də sözügedən məhkum ona zərər verə bilmədiyi üçün aqressivləşib və öz bədəninə kəsici alətlə zərər vurub: "Bunları edərkən mənə zərər verəcəyini dedi və məni təhqir etdi". F.İsmayılov məsələ həll olunmadıqca, bunun qəsdən baş verdiyini və təxribat üçün şərait yaradıldığını düşünür.

Məsələ ilə bağlı İsmayılovun anası Məlahət İsmayılova Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayaraq oğlu üçün narahatlığını çatdırıb. Ona müraciətə yalnız 30 iş günü ərzində baxılacağı bildirilsə də, ana təcili tədbir görülməsini tələb edir: "Məsələ həll olunmadıqca qorxuram ki, oğlumun başına dəhşətli bir hadisə gəlsin".

Toplum TV işi üzrə ümumi vəziyyət

Toplum TV işi üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Təqsirləndirilənlər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. Bu məhkəmə prosesi ictimaiyyətin diqqət mərkəzində qalır.

24 saat

Oxucu Şərhləri

Nihat Məmmədli
30.09.2025 03:07
Bu məqalədə Ələsgər Məmmədlini dinləmək çox maraqlıdır. O, "Toplum TV" işi ilə bağlı hüquqi məsələləri diqqətə çatdırır və istintaq tərəfinin bəzi iddialarının əsassız olduğunu göstərməyə çalışır. Ələsgər Məmmədlini dedikləri, yəni "Toplum TV"nin sadəcə bir domen adı olması və onun qeydiyyatı ilə bağlı qanunvericiliyin necə olduğunu izah etməsi, məsələyə daha aydın baxmağımıza kömək edir. Bu cür dərin izahlar hüquqi proseslərin mürəkkəbliyini və detallara nə qədər diqqət yetirilməli olduğunu göstərir.
Rauf Həsənli
30.09.2025 03:02
Bu məqalədə Ələsgər Məmmədlinin ifadələri diqqət çəkicidir. O, "Toplum TV" domen adının qeydiyyatı ilə bağlı irəli sürülən iddialara qarşı mühüm arqumentlər gətirir. Məmmədli beynəlxalq təcrübəyə istinad edərək, domen adlarının qeydiyyatının milli qanunvericilikdə nəzərdə tutulmadığını vurğulayır. Bu, məsələyə hüquqi tərəfdən yanaşmanın nə qədər vacib olduğunu göstərir.Maraqlıdır ki, bu məsələdə hüquqi tənzimləmənin hansı mərhələdə olduğu və ümumiyyətlə internet resurslarının qeydiyyatı ilə bağlı mövcud qanunların bu cür hallarda nə qədər tətbiq oluna biləcəyi sual doğurur. Qeyd etmək lazımdır ki, bu cür hüquqi nüansların aydınlaşdırılması həm mediaya, həm də cəmiyyətə faydalı olardı.
Zaur İsmayılov
30.09.2025 01:54
Məqalədə təqdim olunan məlumatlar əsasında "Toplum TV" işi ilə bağlı irəli sürülən ittihamların hüquqi əsasları zəif görünür. Ələsgər Məmmədlini çıxışında qeyd etdiyi kimi, domen adlarının alınması üçün dövlət qeydiyyatına ehtiyac yoxdur və bu məsələdə mövcud qanunvericilik açıq şəkildə təqdim olunub. Yeni qanun da bu tələbi dəyişmir. Belə bir vəziyyətdə, istintaqın sübutları saxtalaşdırdığı iddiaları ciddi şəkildə nəzərdən keçirilməlidir. Əgər hüquqi tənzimləmənin əsaslarından xəbərsizlik varsa, bu, prosesin obyektivliyinə xələl gətirə bilər.
Məryəm Quliyeva
30.09.2025 01:51
Məqalə ilə bağlı mənim də fərqli bir baxış bucağım var. Ələsgər Məmmədlini dinləyərkən, əsas diqqəti domen adlarının qeydiyyatı məsələsinə yönəltməsinə təəccübləndim. Lakin "Toplum TV" işinin mahiyyəti yalnız domen adlarının hüquqi statusu ilə məhdudlaşmır. İttihamların kökündə, mənə elə gəlir ki, medianın fəaliyyətinə dair daha geniş hüquqi çərçivənin pozulması dayanır. Bu məsələdə sadece domen adının qeydiyyatı yox, həm də fəaliyyətin özünün hüquqi əsaslarla tənzimlənməsi önəmlidir. Əlbəttə, hüquqi detallara girmədən belə qənaətə gəlmək çətindir, lakin mənim fikrimcə, məsələ yalnız texniki bir məsələ deyil.

Şərh Yaz