Yaxın Şərq 09.07.2025

Tramp Qərbi Afrikanın 5 lideri ilə ticarət və inkişafı müzakirə etdi

Tramp Qərbi Afrikanın 5 lideri ilə ticarət və inkişafı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderlərini qəbul edərək, işgüzar imkanları müzakirə edib.

ABŞ prezidenti Donald Tramp beş Afrika ölkələrinin liderləri ilə görüş keçirib. Bu görüş ABŞ-ın inkişaf etməkdə olan ölkələrə təsir edə biləcək ticarət müharibəsini genişləndirdiyi bir vaxta təsadüf edir.

Çərşənbə günü Ağ Evdə baş tutan danışıqlarda və işgüzar naharda Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri iştirak edib. Ağ Ev rəsmisinin verdiyi məlumata görə, müzakirələrin əsas mövzusu işgüzar imkanlar olub.

Naharda çıxış edən Tramp bu ölkələri "çox canlı yerlər, böyük dəyərli torpaqlar, zəngin mineral yataqları, geniş neft ehtiyatları və mükəmməl insanlarla" xarakterizə edib.

"Qitənizdə böyük gərginliklər mövcuddur. Biz onların bir hissəsini həll etməyə nail olmuşuq," deyən Tramp, Konqo Demokratik Respublikası və Ruanda liderləri arasında Ağ Evdə imzalanan son sülh sazişini nümunə göstərib. Ağ Ev və Liberiyanın verdiyi açıqlamalara görə, liderlər iqtisadi inkişaf, təhlükəsizlik, infrastruktur və demokratiya kimi əsas əməkdaşlıq sahələrini müzakirə ediblər. Trampın sözlərinə görə, bu beş ölkənin ABŞ tarifləri ilə üzləşməsi ehtimalı azdır.

ABŞ prezidentinin yaxın gələcəkdə, bəlkə də sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dövründə, daha geniş Afrika ölkələri liderləri zirvə görüşünün tarixlərini elan edəcəyi gözlənilir. Bu həftəki kiçik zirvə görüşü, ABŞ-ın Çinin iqtisadi cəhətdən irəlilədiyi qitəyə biganə qaldığına dair təsəvvürləri aradan qaldırmaq üçün ardıcıl administrasiyaların son səyidir.

Ticarət və İnvestisiya Diqqət Mərkəzindədir

Çərşənbə günü baş tutan görüşün əsasən iqtisadi məsələlərə yönəlməsi gözlənilirdi. Görüş zamanı Qabon prezidenti Bris Oliqi Nquema Trampa ölkəsinin investisiyaya açıq olduğunu və xammal resurslarının yerli emalını təmin etmək istədiyini, lakin bunun üçün böyük enerji sərmayələrinə ehtiyac duyduğunu bildirib.

"Biz kasıb ölkələr deyilik. Xammal baxımından zəngin ölkələrik. Lakin bu resursları qarşılıqlı faydalı tərəfdaşlıqlar əsasında inkişaf etdirməyə bizə dəstək olacaq tərəfdaşlara ehtiyacımız var," Nquema görüşdə deyib.

Seneqal prezidenti Bassiru Diomaye Faye ölkəsinin turizm, o cümlədən qolf meydançası üçün investisiya imkanları təklif etdiyini bildirib. Faye meydançanın Nyu-Yorkdan cəmi altı saatlıq uçuş məsafəsində olacağını qeyd edərək, Trampı bacarıqlarını nümayiş etdirmək üçün səfərə dəvət edib.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) günün əvvəlində Qabonun idxaldan asılılığını azaltmağa kömək edəcək Banio Potash Mina layihəsinin inkişafı üçün maliyyə vəsaiti ayıracağını açıqlayıb.

"DFC-nin səyləri təkcə investisiya qoyduğu ölkə və icmalara fayda vermir, həm də yeni bazarlar açaraq, ABŞ ticarəti əlaqələrini gücləndirərək və daha təhlükəsiz və çiçəklənən qlobal iqtisadiyyatı təşviq edərək ABŞ-ın iqtisadi maraqlarını irəli aparır," DFC-nin investisiyalar rəhbəri Konor Koulman deyib.

Trampla görüşən beş ölkə ABŞ-Afrika ticarətinin kiçik bir hissəsini təşkil etsə də, onlar işlənilməmiş təbii sərvətlərə malikdirlər. Seneqal və Mavritaniya miqrasiya baxımından əhəmiyyətli tranzit və mənşə ölkələridir və Qvineya-Bisau ilə birlikdə narkotik ticarətinə qarşı mübarizə aparmaqda çətinlik çəkirlər. Bu məsələlərin hər ikisi Tramp administrasiyası üçün narahatlıq doğurur.

Lakin Afrika İttifaqının rəsmiləri, Afrikanın "haqsız" tarif təklifləri və əsasən Afrikadan gələn səyahətçiləri hədəf alan viza məhdudiyyətləri altında ABŞ ilə ticarət əlaqələrini necə dərinləşdirə biləcəyini sual altına alırlar. ABŞ-ın Afrikadakı baş diplomatı, səfir Troy Fitrell, ABŞ-ın ədalətsiz ticarət təcrübələri ilə bağlı iddiaları rədd edib.

Bu ayın əvvəlində ABŞ səlahiyyətliləri ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv edərək, "xeyriyyə əsaslı xarici yardım modelini" tətbiq etmədiyini və bunun əvəzinə "özlərinə kömək etmək üçün həm qabiliyyətə, həm də istəyə" sahib olan ölkələrlə tərəfdaşlığa diqqət yetirəcəyini bildirib. The Lancet tibb jurnalında keçən həftə dərc olunan araşdırma göstərir ki, bu ixtisarlar 2030-cu ilə qədər 14 milyondan çox əlavə ölümə səbəb ola bilər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz