ABŞ Prezidentindən Ukraynaya Həlledici Dəstək Paketi
ABŞ prezidenti Donald Trampın Ukraynaya inkişaf etmiş Patriot sistemləri və sursat satışına icazə verməsi, Kiyev üçün həyati əhəmiyyətli bir inkişaf kimi qiymətləndirilir. Lakin mütəxəssislər, bu qərarın cəbhədə effektiv ola bilməsi üçün sürətli və genişmiqyaslı tədarükün zəruri olduğuna diqqət çəkirlər.
Trampın Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə birgə açıqlamada elan etdiyi bu dəstək paketi, yalnız Patriot sistemləri ilə məhdudlaşmayacaq. Raketlər, sursatlar və hətta JASSM ilə Tomahawk kimi uzunmənzilli raketlərin də paketə daxil edilə biləcəyi bildirilir.
Silahların Çatdırılma Mexanizmi və Əsas Rollar
ABŞ, Ukraynaya silahları birbaşa göndərməyəcək. Bunun əvəzinə, NATO müttəfiqləri əllərindəki Amerika istehsalı sistemləri Ukraynaya ötürəcək; bu ölkələrin ehtiyatları isə ABŞ-dan ediləcək yeni təchizatlarla zamanla yenilənəcək.
Almaniya müdafiə naziri Boris Pistoriusun aylarla davam edən diplomatik təmasları bu planın əsasını təşkil etdi. Pistorius, ABŞ-dan iki Patriot sisteminin alınaraq birbaşa Ukraynaya göndərilməsi ideyasını ilk dəfə aprel ayında gündəmə gətirmişdi. Bu təklif, sonrasında NATO müdafiə nazirləri toplantısı və Vaşinqtondakı təmaslarla formalaşdı.
ABŞ prezidenti Donald Tramp, Almaniya başda olmaqla bəzi Avropa ölkələrinin əlindəki Patriot sistemlərini "erkən mərhələdə" Ukraynaya göndərəcəyini və bu sistemlərin sonradan ABŞ tərəfindən "geri doldurulacağını" açıqladı. Bu formul sayəsində Ukraynaya silahların daha sürətli çatdırılması hədəflənir.
Təchizat Yolları və Koordinasiya
Silahların Ukraynaya çatdırılması üçün bir neçə seçim masadadır:
- Avropa NATO müttəfiqlərindən birbaşa quru yolu ilə təchizat: Almaniya, Polşa və Rumıniya kimi ölkələrin mövcud Patriot batareyalarının Ukraynaya quru yolu ilə daşınması ən sürətli metod hesab olunur.
- Hava yolu ilə təchizat: Patriot sistemlərinin hissələri, hərbi yük təyyarələri ilə əvvəlcə Polşaya, oradan quru yolu ilə Ukraynaya çatdırıla bilər.
- Birbaşa istehsal xəttindən təhvil: Bəzi sistemlər isə Lockheed Martin istehsal xətlərindən çıxar-çıxmaz Ukraynaya yönləndirilə bilər. Lakin bu, digər müttəfiqlərin gözləməsini tələb edə bilər.
ABŞ prezidenti Donald Trampın bu istehsal sırasına müdaxilə edib-etməyəcəyi hələlik məlum deyil. Lakin Bayden administrasiyası dövründə oxşar bir addım atılmış və Ukraynanın Patriot ehtiyacı prioritetləşdirilmişdi.
Əməliyyatın koordinasiyasının, NATO-nun Avropadakı ən yüksək səviyyəli komandanı və ABŞ Avropa Komandanlığı rəhbəri General Alexus Qrinkeviç tərəfindən aparılacağı gözlənilir. NATO Baş katibi Rutteyə görə, Finlandiya, Kanada, İsveç, Böyük Britaniya və Danimarka da bu birgə tədarükdə iştirak edəcək ölkələr sırasındadır.
Ukraynanın Ehtiyacları və Patriot Sistemlərinin Xüsusiyyətləri
Ukrayna indiyə qədər 6 ədəd tam təchizatlı Patriot batareyası alıb. Lakin mütəxəssislərə görə, ölkə daxilində effektiv müdafiə təmin edilə bilməsi üçün 10 yeni batareyaya daha ehtiyac var.
Bir Patriot batareyası, 100-200 kvadrat kilometrlik bir ərazini müdafiə edə bilir. Lakin 603 min kvadrat kilometrlik Ukrayna üçün bu tutum yetərli deyil.
Lockheed Martin ötən il yalnız 500 ədəd PAC-3 tipli Patriot səddi istehsal etmişdi. 2027-ci ilə qədər bu sayın 650-yə qədər artırılması hədəflənir. Avropadakı istehsal tutumu isə daha məhduddur. Bu da prosesin ləng irəliləyə biləcəyi narahatlıqları özü ilə gətirir.
Putinin Strategiyası və Müdafiənin Dayanıqlığı
Rusiya Dövlət başçısı Vladimir Putin, müharibədə balansı dəyişmək üçün Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarını azaltmağa yönəlmiş hücumlarını artırır. Keçmiş Pentagon rəsmisi Celeste Vallanderə görə, əgər Patriot təchizatları yay boyunca tamamlanmazsa, Putinin hücumlarını intensivləşdirməsi qaçılmazdır.
Üstəlik, Rusiya yalnız raket deyil, hər gecə 700-ə yaxın "Şahid" tipli pilotsuz uçuş aparatı da göndərir. Buna qarşı tək bir Patriot səddinin xərci 4 milyon dollara çatır. Bu da müdafiənin dayanıqlığı barədə sual işarələri yaradır.
ABŞ-dan Moskvaya Son Xəbərdarlıq
ABŞ prezidenti Donald Tramp, 14 iyul tarixində etdiyi açıqlamada Rusiyaya da açıq bir mesaj verdi: Putinin 50 gün ərzində atəşkəs razılaşmasına gəlməməsi halında, Rusiyaya idxal edilən məhsullara 100%-ə qədər əlavə gömrük tarifləri tətbiq ediləcək.
ABŞ ilə Rusiya arasındakı ticarət məhdud olsa da, Tramp bu sanksiyaları Rus neftini idxal edən üçüncü ölkələri də əhatə edəcək şəkildə genişləndirməyi planlaşdırır. Bu addım, Kremlin üzərindəki iqtisadi təzyiqi artırmağı hədəfləyir.
Ukrayna Üçün Patriot Sistemlərinin Əhəmiyyəti
Ukrayna üçün Patriot sistemləri yalnız müdafiə deyil, sağ qalmaq məsələsidir. Çünki Rusiyanın hər gün yüzlərlə dron və raket göndərdiyi bir mühitdə, paytaxt Kiyevdən cəbhə xəttindəki kiçik yaşayış məntəqələrinə qədər ölkənin dörd bir tərəfi hədəfə çevrilir.
Patriotlar ABŞ ordusunun ən inkişaf etmiş hava hücumundan müdafiə sistemlərindən biridir. Qısa mənzilli ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarına (PUA) qarşı effektiv bir qalxan təmin edir.
Əsas texniki xüsusiyyətləri bunlardır:
- Mənzil: 35 kilometrə qədər effektiv mənzil, 15 kilometr hündürlüyə qədər hədəf məhv etmə qabiliyyəti.
- Əhatə dairəsi: Tək bir batareya, əraziyə bağlı olaraq 100-200 kvadrat kilometr ərazini qoruya bilir.
- Batareya quruluşu: 6 ilə 8 buraxıcı qurğu, hər biri 16 sədd daşıya bilir; radar, idarəetmə və güc bloku ilə birlikdə daşına bilən sistemdir.
- Personal: 90 əsgər xidmət edir; lakin müharibə anında yalnız 3 əsgər tərəfindən idarə edilə bilir.
- Qiymət: Tək bir batareyanın dəyəri 1 milyard dollara, bir ədəd sədd raketinin dəyəri isə 4 milyon dollara çata bilər.
Lakin bu yüksək xərc, sistemin çəkindirmə qabiliyyətini azaltmır. Ukraynanın Rusiya qarşısında hava məkanını qoruya bilməsi üçün yalnız Patriot sistemlərinə deyil, onların vaxtında, yetərli sayda və düzgün nöqtələrə yerləşdirilməsinə ehtiyacı var.