QƏZZA MƏSƏLƏSİ: AVRUPA YOX, ORTA ŞƏRQ HƏLL EDƏCƏK
ABŞ prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı əsas gündəmi Qəzzada davam edən qətliamlar olub. Tramp, əvvəldən İsrailin tərəfində olduğunu açıq şəkildə bildirsə də, "vəziyyətin tezliklə həll olunması vacibdir" deyə vurğulayıb.
Lakin ABŞ prezidentinin "bu vəziyyəti həll etmək üçün" kimlərlə birgə fəaliyyət göstərdiyi, sözləri qədər davranışları ilə də özünü büruzə verib.
Donald Trampın oturduğu iki masanın iki fərqli düzülüşü bütün dünyaya vacib bir mesaj göndərir: Qəzza problemi Avropada deyil, Orta Şərqdə həll olunacaq.
QƏZZA PROBLEMİNİN HƏLLİ ÜÇÜN AVRUPA DEYİL, ORTA ŞƏRQ MÜTTƏFİQLİYİ
Birləşmiş Millətlər Baş Assambleyasında Avropanı sərt tənqid edən Tramp, Avropa ölkələrinin "cəhənnəmə döndüyünü" dəfələrlə qeyd edib.
BMT Baş Assambleyasında səslənən çıxış, ötən ilin avqust ayında Avropa liderlərini qarşısına alaraq danışan Trampın görüntülərini yada saldı. ABŞ prezidenti bir daha Avropanı aşkar şəkildə danlayıb.
Dünyanın ən zəngin ölkələrinin liderlərini tənqid edən ABŞ prezidentinin mövqeyi, Qəzzadakı qətliamı Körfəz ölkələri ilə müzakirə etdiyi masadakı mövqeyindən çox fərqlənib.
Birləşmiş Millətləri "işə yaramayan bir qurum" kimi xarakterizə edən, hətta daha çox problem yaratdığını iddia edən Donald Tramp, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misir liderlərinin iştirak etdiyi masada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yanına oturdaraq "bu gün burada keçirilən ən vacib toplantı, bu masada baş tutur" sözləri ilə çıxışına başlayıb.
Avropa ölkələrini "Qəzzadakı müharibəni daha da pisləşdirməkdə" günahlandıran Tramp, Ərdoğanın yanında "bir şeyi bitirmək üçün buradayıq" deyə danışıb.
Qəzza məsələsində sərhədlərini dəqiq müəyyənləşdirən ABŞ prezidenti, Avropanı zəif və qeyri-kafi hesab edərkən, İslam ölkələri ilə əməkdaşlığa hazır olduğunu açıq şəkildə göstərib.
İsrailin Qətərə qarşı hücumundan sonra diplomatiyaya ağırlıq verən Trampın Ərdoğanı da yanına oturtması, Qəzzadakı sülh danışıqlarının necə formalaşacağı barədə də bir fikir verib.
Lakin Trampın Orta Şərq ölkələrinə qarşı bu mövqeyinin tək səbəbi Qəzza problemi deyil.
KÖRƏF QUŞU ƏLDƏN UZAQLAŞIR
ABŞ-ın təsir dairəsindən gündən-günə daha da uzaqlaşan bu Orta Şərq ölkələri, İsrailin təcavüzkar hərəkətləri ilə daha da bezginliyə sürükləniblər.
Trampı hədiyyələrə qərq edən Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi dövlətlərin davamlı olaraq İsrail təhdidi altında olması, onları yeni tərəfdaşlıqlar axtarmağa sövq edə bilər. Sələfi cərəyanının güclü olduğu bəzi region ölkələri arasında bu vəziyyət, yeni siyasi münasibətlərin qurulmasına zəmin yarada bilər.
Səudiyyə Ərəbistanının Pakistanla bağladığı nüvə mühafizəsi müqaviləsi bunun ilk nümunəsi olub. Digər tərəfdən Pakistan da ABŞ-ın Hindistana olan dəstəyi səbəbindən Çinə yaxınlaşıb.
Trampın neft və təbii qazla zəngin olan bu Orta Şərq ölkələrində vacib və strateji maraqları olduğu halda, onun "problem qaynağı" kimi gördüyü Avropada heç bir marağı yoxdur.
Avropa, Trampın gözündə daimi qorunmağa ehtiyac duyan bir borc mənbəyidir. Digər tərəfdən, Qəzzadakı müharibənin həllini tapması, ABŞ-ın Orta Şərqdə gəlirli razılaşmalar əldə etməsi anlamına gələcək.
İki masa arasındakı fərq, işin təməlində yenidən ABŞ-ın əldə edəcəyi mənfəətə söykənib.
Oxucu Şərhləri
Şərh Yaz