"Yeni Türkiyə"ni hər kəs qəbul edəcək"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində Ədliyyə Hakim və Prokurorları ilə İnzibati Məhkəmə Hakimlərinin Püşkatma Mərasimində çıxış edib.
Təhsil və təcrübə dövrlərini uğurla başa vuraraq peşə karyeralarına ilk addımlarını atan gəncləri təbrik edirəm. Hazırda Türkiyədə 25 min 449 hakim və prokuror xidmət edir ki, onlardan 9 min 812-nin qadın olması xüsusi əhəmiyyət kəsb edir. İlk 8 gənc həmkardan 5-nin qadın olması da təqdirəlayiqdir. Türkiyə qadınları ictimai həyatdan kənarlaşdıran demokratiya əyibindən qurtulmuş, qarşılarındakı maneələri aradan qaldırdıqca qadınlar daha görünür olmağa başlayıblar. Geyim qadağaları başda olmaqla, qarşılarında duran maneələr tək-tək ləğv edildikcə, böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, qadınlar dövlət bürokratiyasında daha çox yer tutmağa, daha aktiv rol oynamağa başlayıblar. Lakin bəzi dairələrin bu dəyişikliyə hələ də uyğunlaşa bilmədiyini görürük. Başörtülü məhkəmə işçilərimizlə bağlı ədəb və əxlaq sərhədlərini aşan dözümsüzlüklərin şahidi oluruq. Ağlı, vicdanı və hüququ uyğun gəlməyən bu reaksiyaları yalnız dərin təəssüf və təəccüblə izlədiyimizi bildirmək istərdim. Türkiyə artıq bunları geridə qoymuş və qoymaq məcburiyyətindədir.
Bəlkə bir qədər vaxt aparacaq, bəlkə də bir az çətinliklər olacaq, lakin azadlıqların hər kəsə bərabər tətbiq olunduğu Yeni Türkiyəni ümid edirəm ki, hər kəs qəbul edəcək. Xüsusən də qadınların dövlət və özəl sektoru arasında fərq qoyulmadan həyatın müxtəlif sahələrində ləyaqətlə yer almasına hər kəs vərdiş edəcək. Buradan ölkənin hər yerində, ən kiçik hissəsindən ən yüksək səviyyəli məhkəməsinə qədər vaxt anlayışı olmadan çalışan, millətimizin ədalət sistemi tələbini qarşılayan məhkəmə işçilərimizə və ədliyyə təşkilatının əməkdaşlarına səmimi salamlarımı çatdırıram.
December 2, 2025
"Ədalət dövlət və cəmiyyət nizamımızın əsasıdır"
Əziz gənc həmkarlarım, sizlər bir qədər sonra çəkiləcək püşklərin nəticəsində vəzifələrinizə başlayacaq, ölkənin hər bir guşəsində ədalət sistemi mühafizəçisi kimi xidmət edəcəksiniz. Maaşını alıb küncünə çəkilən, iş vaxtı bitəndə maşınına minib evinə dönən biri kimi deyil, ədalət üçün, ədalətin təzahürü üçün vicdanı hür, ağlı hür, qəlbi hür bir vətən övladı olaraq fədakarlıqla çalışacağınıza ümid edirəm. Üzləndiyiniz məsuliyyəti layiqincə yerinə yetirməyin yolu çox çalışmaqdan, vicdanlı və sağlam düşüncəli olmaqdan, uzaqgörən və fərasətli davranmaqdan keçir. Qarşınıza gələcək hər sənəddə ən azı bir insanın hekayəsi, ən azı bir insanın gələcəyi, ümidi, arzuları və taleyi olduğunu lütfən unutmayın. Hər birinizin bugündən etibarən bu yüksək həssaslıqla vəzifənizi yerinə yetirəcəyinizə ürəkdən inanıram.
Ədalət dövlət və cəmiyyət nizamımızın əsasıdır. Onun varlığı ən yüksək fəzilət, yoxluğu isə cəmiyyət həyatı üçün fəlakətdir. Gəncəli Nizami ədalətin həyatımızdakı yerini “Məmləkətin dirəyi ədalətdir hər zaman, ədalətdə nəsibin səadətdir hər zaman” olaraq təsvir edir. Bəli, ölkədə sülh, rifah, səadət və inkişafın təməl daşı ədalətdir. Buna görə də, inancımızın bir tələbi olaraq “Mülk Allahındır” deyir, ədaləti də mülkün təməli olaraq qəbul edirik. Ədalət mülkün təməli olduğu kimi, dostluğun, qardaşlığın, sülhün və əmin-amanlığın da təminatçısıdır. Ölkəni idarə etmə məsuliyyətini üzərimizə götürdüyümüz zaman Türkiyəni təhsil, səhiyyə, ədalət və təhlükəsizlik sahələrində yüksəldəcəyimizə söz vermişdik. Şükürlər olsun ki, bu sözümüzün arxasında durduq. Geridə qoyduğumuz 23 il ərzində ən böyük sərmayələri bu sahələrə yatırdıq. Ən böyük islahatları da bu sahələrdə həyata keçirdik. İslahat işlərini ictimai tələb və ehtiyaclar əsasında yenilədiyimiz strategiya sənədləri və fəaliyyət planları ilə təqvimə əsaslanan, müəyyən müddətli hədəflərə çevirdik.
"Məhkəmələrdə işlərin bağlanma müddətini qısaltmışıq, Avropanı geridə qoymuşuq"
Vəzifəyə gəldiyimiz zaman 26 min 274 olan ədliyyə personalı sayımız yüzdə 262 artaraq bu gün 95 min 224-ə çatıb. Müstəqil ədliyyə binalarının sayı 78-dən 391-ə yüksəlib. 2002-ci ildə 9 min 349 olan hakim və prokuror sayımız, bir azdan keçiriləcək püşkatma ilə birlikdə 26 min 803-ə çatacaq. Ədliyyə məhkəmələrinin sayı 3 min 581-dən 8 min 681-ə, inzibati məhkəmələrin sayı isə 146-dan 239-a yüksəldilib. Yalnız son 2,5 ildə ədliyyə və inzibati məhkəmələrində 3 min 474 məhkəmə və apellyasiya şöbəsi yaradılıb. Ədalət sistemində işlərin bağlanma müddətini qısaltmışıq. Bu sahədə bir çox Avropa ölkəsini geridə qoymuşuq. Artıq həm ədliyyə, həm də inzibati məhkəmələr işləri çox sürətlə həll edir. Avropa Şurasının Ədalət sisteminin Effektivliyi Komissiyasının hesabatlarına görə, inzibati məhkəmələrdə işə baxılma müddəti 168 gündür. Bu müddət Fransada 314, İtaliyada 574 gündür. Türkiyə bu mərhələyə böyük fədakarlıqla gəlib. Bu müsbət tabloya baxmayaraq, qarşımızda hələ uzun bir yol var. Ümid edirəm ki, sizlərlə çiyin-çiyinə bu yolu da səbirlə gedəcəyik.
December 2, 2025
"Hakim və prokurorları hədələyənlərin ən böyük qorxusu ədalət qarşısında maskalarının düşməsidir"
Hakimlər və prokurorlar səhvi bilməyən həqiqət ovçuları deyillər. Mühakimə prosesində iştirak edənlərin səmimi töhfələri olmadan əldə ediləcək nəticəyə, veriləcək qərara həqiqət rəngi vermək mümkün deyil. Bununla yanaşı, hakim və prokurorların bu gün ictimai qavrayışda tutduqları yer onları ədalətin mərkəzi fiquruna çevirib. Təqdir edərsiniz ki, bu, olduqca böyük və ağır bir məsuliyyət deməkdir. Bu məsuliyyəti layiqincə daşımağın yeganə yolu, ədalət hədəfinə ağlın rəhbərliyi, vicdanın nəzarəti ilə irəliləməkdir. Əlbəttə, ağıl biliklə qidalanmalı, vicdan isə qərəzləri rədd etməlidir. Dövləti və ictimai asayişi qorumaq ədaləti təmin etməklə mümkündür. Gələcəyimizdən əmin olmaq istəyiriksə, hamımız birlikdə bunları qorumalı və gücləndirməliyik. Məhkəmə sisteminin təbii fəaliyyətinə, siyasətçilər və media daxil olmaqla hər kəs hörmət etməlidir. İşini dürüstlüklə, vicdanla, Konstitusiya və qanunlar çərçivəsində, xoş niyyətlə yerinə yetirən məhkəmə işçilərimizi dəstəkləməliyik. Lakin yalnız qərarları ilə danışan məhkəmə işçilərinin sakitliyi zəiflik kimi qəbul edilməməli, heç kim bunu sui-istifadə etməməlidir.
Xüsusilə son aylarda məhkəmə işçilərimizi hədəf alan, hətta çox vaxt təhdid xarakterli məsuliyyətsiz bir üslubun siyasətə hakim olduğu müşahidə edilir. Bunun səbəbi, irəli sürülən iddiaların ağırlığı və ciddiyyətidir. Hər fürsətdə hakim və prokurorları hədələyərək, təzyiq göstərərək ədalət sistemini iflic etməyə çalışanların ən böyük qorxusu, ədalət qarşısında maskalarının düşməsindən duyduqları dərin narahatlıqdır. Hüququn təməl prinsiplərindən biri budur: rüşvət, mənimsəmə, tenderə müdaxilə kimi cinayətlərin törədilməsinə dair kifayət qədər şübhə əldə edən prokurorluq üçün ictimai iddia açmaq bir seçim deyil, qanuni bir öhdəlikdir. Hər fürsətdə məhkəməyə barmaq yelləyənlərin ilk növbədə bu hüquq qaydasını öyrənmələrinin vacib olduğuna inanıram. Məhkəməni "siyasətləşdi" deyə ittiham edənlər, əslində, çirkin üslubları ilə məhkəmə işçilərimizi mübahisələrə çəkərək, məhkəməni özləri siyasətləşdirirlər.
"Hüquq qarşısında hər kəs bərabərdir, heç kim toxunulmaz deyil"
Hüquqi dövləti qorumaq və ədalət idealını yaşatmaq yalnız məhkəmə işçilərinin, yalnız hüquqşünasların deyil, siyasətçi və jurnalisti ilə hamımızın ortaq vəzifəsidir. Günahı daim başqalarında axtaranlar, maraqlarına toxunulduğunda üslublarını korlayanlar, artıq məhkəməni və işini yerinə yetirən məhkəmə işçilərini hədəf göstərməkdən vaz keçməlidirlər. Hər fürsətdə vurğulayıram, bu gün bir daha ifadə edirəm: Hüquq qarşısında hər kəs bərabərdir. Heç kim toxunulmaz deyil. Hüquqi dövlətdə cinayət törətmə imtiyazına sahib siniflər yoxdur və ola bilməz. Hüquq yalnız qanuni marağı və haqqın yüksək məqsədini qoruyur. Bizim də məsuliyyətimiz hüququn işləməsinə kömək etmək, ədalətin təzahürünə töhfə verməkdir. Ədalət və hüquq yalnız məhkəmələrin qərarları ilə deyil, cəmiyyətin hər təbəqəsinin hüquqa və ədalətə sahib çıxması ilə təmin edilə bilər. Biz tam 23 ildir ki, məhz bunu etməyə çalışırıq. Bundan sonra da demokratiyadan, hüquqdan, ədalətdən, azadlıqlardan güzəştə getmədən işləməyə davam edəcəyik. Gənc hüquqşünaslarımızın peşə həyatları boyunca çiyinlərində daşıdıqları bu ağır yükün bilincində hərəkət edəcəklərinə inanıram. Allah hamınızın yar və yardımçısı olsun.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz