Gündəm 03.07.2025

Türkiyə Suriya danışıqları Yunanıstanı narahat edəcək

Türkiyə Suriya danışıqları Yunanıstanı narahat edəcək
Yunanıstanın əsas narahatlıqlarından biri Türkiyənin Aralıq dənizindəki təsirini artırmasıdır. Liviya hökumətləri ilə imzalanan dəniz yurisdiksiyası müqaviləsi nəticəsində mövqeyinin zəiflədiyini düşünən Afina, qeyri-qanuni miqrasiyanı səbəb göstərərək Liviya-Türkiyə ərazi suları arasına 3 hərbi gəmi göndərmiş, bu gün isə daha çox gəmi göndərmə qərarı vermişdi. Lakin Afinanı son dərəcə məyus edən başqa bir xəbər bu dəfə Suriyadan gəldi. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi Suriya ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsi üçün danışıqlara başladığını açıqlamışdı.

HƏR KƏSİN DANIŞDIĞI AÇIQLAMA

Açıqlamanın səbəbi diqqətçəkicidir. İYİ Partiyasının millət vəkili Ayyüce Türkeş Taşın sual təklifi ilə əlaqədar verilən bəyanatda, "Suriya Türkiyə ilə müqavilə imzalayacağına dair öhdəlik götürdüyü" iddialarının həqiqəti əks etdirmədiyi vurğulandı. Ancaq bəyanatın davamında "2020-ci ildə BMT-yə bildirilən kontinental şelf kontekstində, hüquq və maraqlarımız, habelə Şimali Kipr Türk Cümhuriyyətinin Şərqi Aralıq dənizindəki hüquq və maraqları qorunacaq şəkildə, Suriya ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair işlər müvafiq qurumlarımızla koordinasiya şəraitində davam etdirilir" ifadəsi yer aldı. Bəyanat, "İki suveren ölkənin dənizdəki səlahiyyətli sahələrini müəyyən edən ehtimal olunan bir razılığa müdaxilə etmək haqqı yoxdur" ifadəsi ilə yekunlaşdı. Bu açıqlama o deməkdir: Suriya və Türkiyə arasında dəniz yurisdiksiyası müqaviləsinin maddələri üzərində işlər aparılır və bu müqavilənin imzalanması "ehtimal olunur."

YUNANISTAN ÜÇÜN "EKZİSTENSİAL TƏHLÜKƏ"

Yunanıstan hökuməti və mətbuatı, məhz bu vəziyyətdən dəfələrlə narahatlığını ifadə etmişdi. Yunanıstan, Liviya və Suriya ilə müqavilə bağlayan Türkiyənin ərazi sularının Kipri əhatə etməsini və Şərqi Aralıq dənizində söz sahibi olmasını "ekzistensial milli təhlükəsizlik problemi" olaraq qiymətləndirdi. Yunanıstan ordusu məhz bu səbəbdən 25 milyard Avroluq Avropa Birliyi dəstəkli modernləşdirmə proqramına başlamış və xüsusilə donanmasını növbəti 10 ildə "Türkiyəyə qarşı inkişaf etdirmək hədəfi" ilə gücləndirəcəyini açıqlamışdı. Yunanıstan, tədbir görməzsə bölgədə və Cənubi Kipr Rum hissəsində gücünün xeyli azala biləcəyinə inanır. Bu səbəbdən qonşu ölkə, Türkiyəyə qarşı diplomatik səylər və müdafiə sənayesinə yatırımlar vasitəsilə hərəkətə keçib. Bu tədbirlərin nəticəsinin nə olacağı hələlik məlum deyil. Lakin Yunanıstan, Türkiyəni regiondakı əsas rəqibi kimi gördüyünü qətiyyətlə bildirir.

24 saat