İdman 28.06.2025

Uğurcan iddialarına sərt cavab: 20 milyon avroya da satmaram

Uğurcan iddialarına sərt cavab: 20 milyon avroya da satmaram

Trabzonsporun kapitanı Uğurcan Çakırın "Fənərbaxça"ya transfer olunacağı ilə bağlı iddialar getdikcə artsa da, Trabzonsporun rəhbəri Ərtoğrul Doğan bu söz-söhbətlərə son qoyub.

Sarı-lacivərtli kollektiv Uğurcanla əlaqə qursa da, transfer təklifi rəsmi formada irəli sürülməyib.

PREZİDENTDƏN QƏTİ QƏRAR

Ərtoğrul Doğan “A Spor” kanalının canlı yayımında çıxış edib. O, Uğurcan Çakırın Türkiyədən heç bir komandadan rəsmi təklif almadığını bəyan edib. Klub prezidenti “Kapitanımız Uğurcan Çakırı satmaq fikrimiz yoxdur. Xaricdən yaxşı bir təklif gələrsə, kömək edəcəyimizə söz vermişdim. Türkiyədən isə heç bir təklif gəlməyib”, – deyə vurğulayıb.

"Fənərbaxça"dan təklif gələrsə nə edərsiniz?" sualına cavab verən Ərtoğrul Doğan qətiyyətlə bildirib: "Verməyəcəm. Uğurcan "Fənərbaxça"ya getmək istədiyini bildirsə də, yenə də verməyəcəm. Dəfələrlə demişəm: "Fənərbaxça" 20 milyon avro təklif etsə belə, Uğurcan Çakırı satmayacağam! Uğurcan getmək istəsə belə, ona icazə verməyəcəyəm."

Qeyd olunur ki, Uğurcan üçün yeganə konkret transfer təklifi Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" klubundan gəlib.

ÇAKIR AİLƏSİNDƏN DƏSTƏK MESAJI

Prezident Ərtoğrul Doğanın bəyanatlarından sonra Uğurcan Çakır sosial şəbəkələrdə çempionluq kuboku ilə birgə fotosunu paylaşıb. Uğurcan Çakırın həyat yoldaşı Kübra Çakır da özü, həyat yoldaşı və övladları ilə birlikdə Trabzonspor forması ilə çəkdirdikləri şəkli yayımlayıb.

24 saat