Dünya 05.07.2025

Ukrayna Rusiyada aeroportu vurdu, Moskva təşvişdə

Ukrayna Rusiyada aeroportu vurdu, Moskva təşvişdə

Ukrayna-Rusiya müharibəsi, atəşkəs danışıqlarında irəliləyiş əldə olunmamasından sonra yenidən şiddətlənib.

Ukrayna xüsusi təyinatlılarının hücumu

Ukrayna Xüsusi Təyinatlı Qüvvələrindən verilən açıqlamada, Rusiyanın Voronej vilayətində yerləşən Borisoglebsk hərbi aerodromunun hədəf alındığı bildirilib. Hücum nəticəsində bomba anbarının və bir təlim təyyarəsinin vurulduğu qeyd olunub. Digər təyyarələrin də zərər görməsi ehtimalının olduğu vurğulanaraq, açıqlamada "Bu aerodrom düşmənin Su-34, Su-35S və Su-30SM təyyarələrinin əsas bazasıdır" ifadələri yer alıb.

Rusiyanın PUA iddiaları

Voronej qubernatoru Aleksandr Qusev sosial şəbəkə hesabında etdiyi paylaşımda, gecə ərzində bölgə üzərində 25-dən çox pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. Bir elektrik xəttinin müvəqqəti olaraq zərər gördüyünü qeyd edən qubernator Qusev, hərbi aerodromla bağlı əlavə məlumat paylaşmayıb.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 112 pilotsuz uçuş aparatının (PUA) Moskva da daxil olmaqla Rusiyanın müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Nazirliyin açıqlamasında, Ukraynanın PUA-larla Rusiya ərazilərinə hücumlar təşkil etdiyi vurğulanıb. Dünən yerli vaxtla saat 23:00-dan bu gün saat 09:40-dək 112 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunub. Bu PUA-ların ilk növbədə Moskva olmaqla, Voronej, Bryansk, Ryazan, Belqorod, Saratov, Novqorod, Kursk, Leninqrad, Oryol, Rostov, Smolensk, Penza, Tula vilayətləri və Rusiyaya bağlı Çuvaşıstan Muxtar Respublikası üzərində düşürüldüyü bildirilib.

Moskva meri Sergey Sobyanin “Telegram” kanalında etdiyi açıqlamada, vurulan PUA parçalarının düşdüyü ərazilərdə işlərin aparıldığını qeyd edib.

24 saat