Gündəm 03.12.2025

Yunan mətbuatı: Trampın yeni diplomatik hədəfi Kipr

Yunan mətbuatı: Trampın yeni diplomatik hədəfi Kipr
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack Fənər Rum Patriarxlığının qarşısında yunan jurnalistə qısa müsahibə verib. Müsahibənin əsas mövzusu Kipr məsələsi olub. Barrack, Yunanıstan və Türkiyə arasında əla iqtisadi inkişafın mümkün olduğunu, lakin əsas problemin Kiprdəki gərginlikdən qaynaqlandığını bildirib. Səfir Şərqi Aralıq dənizində sabitliyi təmin edəcək hər geniş planın Kipri də əhatə etməli olduğunu vurğulayıb. İstanbulda Fənər Rum Patriarxlığına səfəri zamanı danışan Barrack, adadakı parçalanmanın gözardı edilməyəcəyini, "əks halda sağlam bir bədənin ortasında irinli bir yara" olacağını dilə gətirib. Bu müsahibədən qısa müddət sonra Cənubi Kipr qəzeti Politis, "Ukraynadan sonra ABŞ prezidenti Donald Trampın yeni diplomatik hədəfi Aralıq dənizi olacaq" başlığı ilə xəbər yayıb. Kipr probleminə Ukrayna-Rusiya müharibəsi üçün hazırlanan 28 maddəlik və Qəzzə üçün təqdim olunan 20 maddəlik planlara bənzər bir həll yolunun gündəmə gətirildiyi bildirilir.

Kiprə Həll Xəzərdən Gələ Bilər

ABŞ kimi Avropa İttifaqı da Kipr məsələsinin həllində maraqlıdır. Avropa Türkiyəni potensial Rusiya təcavüzünə qarşı öz tərəfinə çəkmək istəsə də, Türkiyənin iştirakını veto edən Yunanıstan və Cənubi Kipr buna mane olur. Aralıq dənizindəki ərazi suları mübahisəsini və Kipr məsələsini əsas gətirərək Türkiyənin özləri və Avropa üçün təhlükə olduğunu iddia edən Yunanıstan və Cənubi Kipr, Türkiyənin Avropanın 150 milyard avroluq müdafiə layihəsində iştirakına əngəl olmuşdu. Səfir Barrack bu konteksti daha geniş bir iqtisadi baxışla əlaqələndirib. O, Kipr probleminin həlli ilə Xəzərdən Aralıq dənizinə qədər uzanan, rifah yönümlü yeni bir regional nizamın yaranacağını irəli sürüb. Rusiya neft və qazından asılılıqdan xilas olmaq istəyən Avropa İttifaqı, Türkiyənin iştirakı ilə Xəzər dənizindən Avropaya, Türkiyə üzərindən bir enerji dəhlizi qurulmasının mümkünlüyünü vurğulayıb. Lakin bu yolda adadakı problemin əsas maneə olduğunu qeyd edib. Bu iqtisadi xətlərin siyasi gərginliyi azalda biləcəyi irəli sürülüb. Barrack özünün və ABŞ-ın yeni Afina səfiri Kimberly Guilfoyle’un, ABŞ prezidenti Donald Trampla regionda ABŞ-ın rolunu müzakirə etdiyini bildirib.

Kipr üçün Tramp Planı

Politisə danışan ekspertlər, əgər ABŞ Şərqi Aralıq dənizində balansı həqiqətən dəyişdirməyi planlaşdırırsa, Kiprin bunun nəticələrinə indidən hazır olmalı olduğunu bildirir. Vaşinqtonun fəallığının artacağına şübhə ilə yanaşanlar olsa da, bir çox mütəxəssisin ümumi fikri budur ki, potensial bir "Tramp Planı" gündəmə gəlsə, region aktorları ya buna hazır olacaq, ya da prosesi sadəcə seyr etməklə kifayətlənəcəklər. Qəzetə danışan Cənubi Kipr Rum Hökumətinə yaxın bir mənbə, Tom Barrackın karyera diplomatı olmadığını, siyasi təyinatla vəzifəyə gəldiyini vurğulayıb. Mənbəyə görə, Barrackın Trampa yaxınlığı Vaşinqtonda institusional siyasət dəyişikliyi üçün tək başına kifayət deyil. Eyni mənbə ABŞ-ın prioritetlərinin əvvəlcə Qəzzə və Ukrayna, daha sonra Suriya olduğunu, Dəməşqin maliyyə problemləri səbəbindən kövrək qeyri-sabitlik yaratdığını bildirib. Politis həmçinin Yunanıstan ilə Türkiyə arasındakı dialoqda regional əməkdaşlığı bloklayan məsələlərin həll yoluna girdiyini göstərən konkret bir addım müşahidə edilmədiyini yazıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz