Avstraliyada dəhşətli cinayət işi sona çatdı: Ailəsini zəhərli göbələklə öldürdü
Avstraliya ictimaiyyətini aylarca məşğul edən və "həqiqi cinayət" həvəskarlarını ekran başına bağlayan dəhşətli məhkəmə işi sona çatdı. Viktoriya ştatının sakit bir qəsəbəsi, son bir ildə ölkənin ən qaranlıq hekayələrindən birinə şahidlik etdi. 50 yaşlı Erin Patterson keçmiş ərinin ailəsini evinə dəvət etdikdə, heç kim bunun qətl planının bir hissəsi olduğunu güman etmirdi. Lakin 29 iyul 2023-cü ildə hazırlanan nahar üç nəfərin ölümünə və bir nəfərin həftələrlə ölüm-dirim mübarizəsi aparmasına səbəb oldu.
Ölüm menyusu və onun faciəvi nəticəsi
Həmin gün süfrəyə verilən yemək zahirən çox adi idi: klassik bir İngilis yeməyi olan "Beef Wellington". Lakin bu xüsusi resept, Erin Pattersonın əlində ölümcül bir silaha çevrilmişdi. Yeməyin tərkibinə təbiətdə nadir rast gəlinən, lakin təsiri dəhşətli olan bir göbələk növü əlavə edilmişdi: "Death Cap", yəni "Ölüm Papağı".
Bu məsum görünən yemək, saatlar içində Donald və Gail Pattersonun, həmçinin Gailin bacısı Heather Wilkinsonun həyatına son qoydu. Heatherin əri Ian Wilkinson isə ağır şəkildə zəhərləndi və 7 həftə reanimasiyada qaldı. O, sağ qaldı, lakin artıq heç nə əvvəlki kimi deyil.
"Bilərəkdən zərər verməzdim" iddiaları
Hadisədən sonra diqqət Erin Patterson üzərində cəmləşdi. Lakin o, əvvəlcə zəhərli göbələklərin təsadüfən yeməklə birlikdə süfrəyə verildiyini iddia etdi. Hətta mediaya verdiyi ilk açıqlamada "Onları çox sevirdim, əsla bilərəkdən zərər verməzdim" demişdi.
Lakin istintaq dərinləşdikcə, Erin Pattersonın hekayəsindəki ziddiyyətlər diqqət çəkdi. Prokurorlar, Erinin xərçəng olduğunu iddia edərək ailəni yeməyə çağırdığını və onların bu səbəbdən dəvəti rədd edə bilmədiyini bildirdi. Bundan əlavə, yeməyin tərkibində istifadə olunan göbələklərin şüurlu şəkildə toplandığı və qurudulduğu da iddia edildi.
Dəlillər və məhkəmənin nəticəsi
Ən təsirli tapıntılardan biri isə Erinin qida quruducusunu hadisədən sonra zibilə atması idi. Lakin cihaz zibil konteynerində tapılaraq polisə təhvil verildi. Bu cihazda zəhərli göbələk izlərinə rast gəlindi.
Məhkəmə prosesi 29 aprel 2024-cü ildə başladı. 10 həftə davam edən dava boyunca bütün Avstraliya gərginlikdə idi. Media, sosial şəbəkələr və podkastlar hadisənin hər detalını müzakirə etdi. Məhkəmə, sərhədləri aşaraq dünya mətbuatında da yer aldı. Erin Patterson müdafiə tərəfindən yeganə şahid kimi kürsüyə çıxdı və səkkiz gün ərzində sorğu-sual edildi.
Məhkəmə, üç dəfə qətl və bir dəfə qətlə cəhd ittihamlarından dolayı münsiflər heyəti Erini təqsirli bildi. Qərar açıqlanarkən Erin Pattersonın mimikası dəyişmədi, məhkəmə salonunda sakitlik hökm sürdü. Erin Patterson indi ömürlük həbs cəzası ilə üz-üzədir. Yekun qərar qarşıdakı həftələrdə açıqlanacaq. Avstraliya ədalət sistemi, cəmiyyətin vicdanını bir qədər rahatlatmağı hədəfləyir. Lakin bu dava, Avstraliyanın yalnız bir məhkəmə prosesi deyil; eyni zamanda ailənin, etibarın və evdəki adi bir yeməyin nə qədər ölümcül ola biləcəyinin də hekayəsi oldu.
Təbiətin səssiz qatili: Ölüm Papağı göbələyi
Britannica məlumatlarına görə, sözügedən zəhərli göbələk, təbiətdə yetişən ən ölümcül növlərdən biridir. Kiçik bir hissəsi belə qaraciyər və böyrək çatışmazlığına səbəb ola bilir. Üstəlik, bu toksinlər bişirmə, qurutma və ya dondurma prosesləri ilə məhv edilmir. Avropa və Britaniya mənşəli bu göbələk növü, bu gün demək olar ki, bütün qitələrə yayılmışdır. Məsum görünüşü səbəbindən tez-tez yeyilə bilən göbələklərlə səhv salınır.