Gündəm 10.11.2025

Zəlzələlərin ardından super tayfun təhlükəsi: 100 min nəfər təxliyə olundu

Zəlzələlərin ardından super tayfun təhlükəsi: 100 min nəfər təxliyə olundu

Filippinlər bir daha təbiətin qəzəbinə təslim oldu. Kalmaegi tayfununun açdığı yaralar sağalmadan, indi də ölkə Fung-wong adlı daha bir nəhəng fırtınanın hədəfinə çevrilib. Dəqiqələr ərzində super tayfuna çevrilən Fung-wong, ölkəni yenidən qaranlığa qərq etdi; minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı, yüzlərlə uçuş ləğv edildi.

ELEKTRİK KƏSİNTİLƏRİ, HƏYƏCAN SƏVİYYƏSİ ZİRVƏDƏ

Fung-wong-un saatda 250 kilometrəyə yaxın sürətlə əsən küləkləri ölkənin şərq və şimal bölgələrini vurarkən, bir çox yerdə elektrik kəsintiləri baş verdi. Hökumət, bu güclü hava hadisəsinin təsir edəcəyi bölgələrdə “ən yüksək həyəcan” səviyyəsini elan etdi.

BİR NEÇƏ GÜN ƏVVƏL 204 NƏFƏR HƏLAK OLMUŞDU

Bu yeni fəlakət, Filippinlərin Kalmaegi tayfununun dağıdıcı izlərini silməyə çalışdığı bir vaxta təsadüf edir. Kalmaegi keçən həftə ən azı 204 nəfərin ölümünə və 100-dən çox insanın itkin düşməsinə səbəb olmuşdu. Eyni fırtına, Filippinlərdən sonra Vyetnama çataraq daha 5 nəfərin ölümünə səbəb olmuş, sahil qəsəbələrini viran qoymuşdu.

ZƏLZƏLƏLƏRDƏN SONRA QASIRĞA ZƏRBƏSİ

Filippinlər son aylarda təkcə tropik fırtınalarla deyil, zəlzələlərlə də sarsılır. 30 sentyabrda baş verən 6.9 bal gücündə zəlzələdə 74 nəfər, keçən ay baş vermiş 7.6 bal gücündə zəlzələdə isə ən azı 7 nəfər həlak olmuşdu. “Sakit okean od qurşağı” kimi tanınan zəlzələ qurşağında yerləşən ölkədə ildə orta hesabla 20 tayfun və tropik fırtına qeydə alınır.

Meteorologiya mütəxəssisləri, dəniz temperaturunun artmasının bu cür təbii fəlakətlərin daha tez-tez və dağıdıcı olmasına səbəb olduğunu bildirirlər. Filippin xalqı isə artıq sadəcə yeni bir fırtınanı deyil, növbəti fəlakəti gözləyir…

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz