Bir çox gənc gələcəklə bağlı adi arzulara sahibdir: yaxşı bir iş, gözəl bir ev, bəlkə də bir qədər səyahət... Lakin İngiltərədən olan
Daniel Ceksonun arzusu bütün bunlardan fərqli idi. O, öz ölkəsini qurmaq istəyirdi. Bu uşaqlıq arzusu illər keçdikcə təəccüblü bir gerçəkliyə çevrildi.
Verdisin Yaranması
Cekson hələ 14 yaşında ikən dostları ilə əyləncə məqsədilə başladığı bu ideya üzərində işləməyə davam etdi. Beş il sonra, 2019-cu ildə
Tuna çayı sahilindəki sahibsiz kiçik bir torpaq sahəsini fürsət olaraq dəyərləndirdi. Xorvatiya ilə Serbiya arasında sərhəd mübahisəsi səbəbindən heç bir ölkəyə rəsmən aid olmayan bu bölgəyə o, Verdis adını verdi. Bayrağını tərtib etdi, qanunlarını yazdı və özünü "prezident" elan etdi. Beləliklə,
Verdis Azad Respublikası yarandı.
400-ə Yaxın Vətəndaşı Var
Yarım kvadrat kilometrlik bu kiçik ərazi bu gün 400-ə yaxın rəsmi vətəndaşa malikdir. Minlərlə insan isə vətəndaşlıq üçün müraciət edib. Ölkənin rəsmi dilləri ingilis, xorvat və serb dilləridir, pul vahidi isə avrodur. Lakin Verdisə çatmaq olduqca çətindir: ora yalnız Xorvatiyanın Osiyek şəhərindən yola düşən qayıqlarla getmək mümkündür.
Əsas Peşəsi Oyun Dizayneridir
Daniel Cekson yaşayışını video oyunları üçün virtual dünyalar dizayn etməklə təmin edir. Lakin onun əsas ehtirası Verdisdir. O bildirir ki, bu müddətdə siyasət və insan təbiəti haqqında çox şey öyrənib.
Xorvatiyadan Deportasiya Edildi
Lakin bu arzu hər kəsi sevindirmədi. Keçən il Xorvatiya polisi Ceksonu və onunla birlikdə olan bir neçə şəxsi Verdisdə düşərgə qurarkən saxlayıb. Səbəb tam açıqlanmasa da, qrup Xorvatiyadan deportasiya edildi və ölkəyə girişləri qadağan olundu. Ceksona görə, səlahiyyətlilər onu təhlükə olaraq görürlər.
Seçki Təşkil Etməyi Planlaşdırır
Hazırda Cekson Verdisi sürgündə, Serbiyanın paytaxtı Belqraddan idarə edir. O, Serbiya səlahiyyətlilərinin daha tolerant olduğunu düşünür. Ən böyük arzusu isə bir gün Verdisə qayıdıb orada tam zamanlı yaşamaqdır. Həmin gün gələndə, seçki təşkil edib prezidentlikdən istefa verəcəyini "Mən gücə həris deyiləm. Daimi bir quruluş yaratmaq istəyirəm" sözləri ilə ifadə edir.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz