Gündəm 24.11.2025

800 nəfərlik cəzaçəkmə müəssisəsində 1800 məhkum saxlanılır: Həddindən artıq doluluq

800 nəfərlik cəzaçəkmə müəssisəsində 1800 məhkum saxlanılır: Həddindən artıq doluluq

Afiəddin Məmmədov Cəzaçəkmə Müəssisəsindəki vəziyyəti ifşa edir

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov ictimaiyyətə ünvanladığı məktubda saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların bir sıra hüquqlarının pozulduğunu iddia edir. Yaxınları tərəfindən yayımlanan məktubda o, müəssisədəki şəraitsizlik, korrupsiya halları və sıxlıq kimi problemləri qabarıq şəkildə dilə gətirir.

Görüntülü zəng qadağası və məhkumların narazılığı

Məmmədovun sözlərinə görə, daha əvvəl saxlanıldığı Bakı İstintaq Təcridxanası və Umbakı Penitensiar Kompleksindən fərqli olaraq, 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlara həftədə bir dəfə görüntülü zəng imkanı verilmir. Məktubda bildirilir ki, bu hüquq əvvəllər ödənişli əsaslarla (dəqiqəsi 1 manat) təmin olunsa da, bir neçə məhkumun danışıq zamanı qeyri-etik ifadələrinə görə ləğv edilib. Fəal qeyd edir ki, hazırda müəssisədə olan 1800-ə yaxın məhkum bu hüququn bərpasını həsrətlə gözləyir, çünki bir çoxu məsafə səbəbindən ailə üzvlərinin üzlərinə aylarla həsrət qalır. O, 21-ci əsrdə Penitensiar Xidmət müəssisələrində texnoloji inkişafların qarşısının alınmamasını vacib sayır.

Korrupsiya iddiaları və erkən azadlıq məsələsi

Fəal məhkumların cəzalarının qalan hissəsinin ləğvi ilə bağlı məhkəmələrdə rüşvət tələblərinin olduğunu da iddia edir. Afiəddin Məmmədov misal olaraq Xəzər Rayon Məhkəməsinin cəzanın çəkilməyən hər ayı üçün 500 AZN pul tələb etdiyini, lakin bunun da şərti olduğunu qeyd edir: cəzanın çəkilməyən hissəsi iki ildən az olmalıdır. O, yazır ki, azadlıq cibdəki pulun miqdarı ilə müəyyən olunur və pulu olmayan şəxslər üçün müsbət rəy almaq əhəmiyyətsizdir.

Sıxlıq, şəraitsizlik və islahat çağırışları

Məktubda müəssisədəki sıxlıq və şəraitlə bağlı narazılıqlar da ifadə olunub. Fəal vurğulayır ki, 2 saylı Cəzaçəkmə Müəssisəsinin tutumu 800 məhkum olsa da, orada 1800-ə yaxın məhkum saxlanılır. Nəticədə bəzi məhkumlar yerdə yatır, ümumi şərait isə bərbaddır. Penitensiar Xidmətin işçi heyətinin çatışmadığını və buna görə məhkumlara tam nəzarət edə bilmədiyini qeyd edən Məmmədov, Azərbaycan məhkumlarının böyük əksəriyyətinin sosial-iqtisadi problemlər ucbatından cinayət törətmiş şəxslər olduğunu vurğulayır. O, hökuməti yeni həbsxanalar tikməkdə deyil, yeni iş yerləri açmaqda çıxış yolu axtarmağa çağırır. Məmmədov həm Ədliyyə Nazirliyinin, həm də məhkumların böyük bir amnistiya gözləntisində olduğunu bildirir və Azərbaycan hökumətinin öz xalqının məhkum nümayəndələrini diqqətdən kənar qoymamalı olduğunu əlavə edir.

"İşçi Masası" Həmkarlar İttifaqı rəhbərinin aqibəti

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur. Fəal ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə bağlı keçirilən etiraz aksiyası zamanı saxlanılaraq 30 sutka inzibati həbs almışdı. Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Afiəddin Məmmədov, 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədr və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucovla birlikdə hazırda həbsdədir. Onlar üzləşdikləri ittihamları qurama və siyasi hesab edirlər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz