Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ardıcıl ikinci ildir ki, doğum gününü məhbəsdə qeyd edir. O, 2024-cü il martın 6-da III Respublika Platformasının Bakıdakı ofisində aparılan polis reydi zamanı saxlanılıb. Ona qarşı valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi bir sıra ciddi maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Lakin Qurbanov bu ittihamları qəbul etməyərək, öz həbsinin siyasi motivli olduğunu qəti şəkildə iddia edir.
Hakimin "özünüzü təqsirli bilirsinizmi?" sualına tam cavab verməsi üçün ona üç məhkəmə iclası tələb olunub. Qurbanov məhkəmədəki çıxışında İDİ-nin gənclərin hüquq və media sahəsində maarifləndirmək məqsədilə təsis edildiyini, bu səbəbdən özünün və ailə üzvlərinin təqiblərə məruz qaldığını bildirib. O, həmçinin, azadlıqda olarkən Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) əməkdaşlıq təklifi aldığını, lakin bunu qəti şəkildə rədd etdiyini qeyd edib. Onun sözlərinə görə, DTX ilə görüşdə İDİ-nin Prezident Administrasiyasında ciddi şəkildə izlənildiyi vurğulanıb. Qurbanov cavabında dövlətini sevdiyini, lakin DTX-nin təmsil etdiyi rejim ilə dövlət arasında bərabərlik işarəsi qoya bilməyəcəyini ifadə edib. O, əlavə edib ki, hüquq və institusiyalara əsaslanan dövlət anlayışını müdafiə edirlər, çünki dövlət bir ailənin mülkiyyəti ola bilməz.
Beynəlxalq insan hüquqları təşkilatları Akif Qurbanov və digər “Toplum” hərəkatının üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edir. Onlar bu həbsləri Azərbaycanda müstəqil medianın səsinin boğulmasına yönəlmiş geniş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirirlər.
Akif Qurbanov kimdir?
Akif Qurbanov 3 avqust 1981-ci ildə Gürcüstanda dünyaya gəlmişdir. O, 1998-ci ildə Bakı şəhərində yerləşən 289 saylı Zəngi liseyini müvəffəqiyyətlə bitirib. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ilk ali təhsilini əldə etmişdir. 2002-2005-ci illər arasında Ümid Partiyasında Gənclərlə iş üzrə sədr müavini vəzifəsində fəaliyyət göstərib. Daha sonra, 2005-2006-cı illərdə Ümid Partiyasının Mərkəzi Seçki Qərargahına rəhbərlik edib, 2006-2016-cı illərdə isə Mərkəzi Seçki Komissiyasının üzvü kimi xidmət edib. 2008-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasət Məktəbini bitirmişdir. 2013-2016-cı illərdə Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində ikinci ali təhsilini tamamlamışdır. 2013-cü ildən etibarən Demokratik Təşəbbüslər İnstitutuna rəhbərlik edən Akif Qurbanov, həmin ildən 2024-cü ilin əvvəlinə qədər institut çərçivəsində liderlik, jurnalistika, hüquq və iqtisadiyyat kimi sahələrdə silsilə təlimlər keçirərək yüzlərlə gəncin maariflənməsinə, ictimai proseslərə və vətəndaş cəmiyyətinə inteqrasiyasına mühüm töhfələr verib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz