Gündəm 10.11.2025

Almanların kredit kartı istifadə etməmə səbəbi

Almanların kredit kartı istifadə etməmə səbəbi

Almaniya, dünyanın ən güclü iqtisadiyyatlarından biridir. Avtomobil, mühəndislik və texnologiyanın mərkəzi hesab olunur. Lakin ödəniş məsələsinə gəldikdə, almanlar hələ də ciblərində nağd pul gəzdirirlər. Bir kafedə hesabı ödəmək istəyəndə "Kredit kartı qəbul edilirmi?" sualına verilən cavab adətən eyni olur: "Təəssüf ki, yalnız nağd və ya EC-Karte." Rəqəmsallaşmada lider olan bu ölkə, ödənişlərdə təkidlə 1990-cı illərdə yaşayır. Bəs nə üçün?

"BORC" VƏ "GÜNAHKARLIQ" EYNİ KÖKDƏN GƏLİR

Bu qəribə görünən vərdişin cavabı iqtisadiyyatdan daha çox mədəniyyətdə gizlidir. Almancada "borc" mənasını verən "Schulden" sözü, "günahkarlıq" və ya "təqsir" mənasını verən "Schuld" sözü ilə eyni kökdən gəlir. Yəni, almanca danışan bir insan üçün borclanmaq yalnız maliyyə əməliyyatı deyil, həm də əxlaqi bir yükdür. Kredit kartı isə, tam əksinə, "sahib olmadığın pulu xərcləməyin" simvoludur. Bu səbəbdən də Almanlar üçün kredit kartı sadəcə bir ödəniş vasitəsi deyil, borc bataqlığının qapısı kimi qəbul edilir.

Bu mədəni refleksin arxasında tarixi bir travma da var. 1920-ci illərdəki Veymar Respublikası hiperinflyasiyası, pulun bir gecədə dəyərsizləşdiyi o dəhşətli dövr hələ də kollektiv yaddaşda canlıdır. O dövr almanlara bir dərsi həkk etdi: "Yığmaq fəzilətdir, borclanmaq zəiflikdir."

"BÖYÜK QARDAŞ" QORXUSU: NAĞD GİZLİLİKDİR

Almanların kredit kartından uzaq durmasının digər səbəbi isə şəxsi məlumatlara dair həssaslıqlarıdır. Şərqi Almaniya dövründə Ştazi tərəfindən illərlə izlənilən və qeydə alınan xalq, fərdi məlumatlar mövzusunda son dərəcə həssasdır. Bu gün belə, bir çox alman Google Xəritələrdə evini bulanıq göstərməyə üstünlük verir. Çünki müşahidə edilmək onların keçmişindən gələn bir qorxudur. Kredit kartı istifadə etmək onlar üçün yalnız bir ödəniş üsulu deyil, bir iz qoymaq anlamına gəlir. Harada, nə vaxt və nə aldığınızı bank bilir. Bu səbəbdən nağd ödəniş onlar üçün bir növ azadlıq manifestidir: "Mənim həyatımı heç kim izləyə bilməz."

ƏSL KARTLARI BAŞQADIR: GİROCARD (EC-KARTE)

Almanlar kart istifadə etmirlərmi? Əlbəttə, istifadə edirlər. Lakin onların seçimi kredit kartı deyil, Girocard, keçmiş adı ilə EC-Karte (Electronic Cash) kartıdır. Bu kartla edilən hər ödəniş, dərhal bank hesabından çıxılır. Yəni "borc pul" deyil, "mövcud pul" xərclənir.

Bu sistem kiçik müəssisələrin də işinə yarayır, çünki Girocard əməliyyatlarında komissiya dərəcəsi çox aşağıdır. Bu səbəbdən Almaniyada bir çox kafe, çörək evi və restoran hələ də "kredit kartı keçməz" lövhəsini qürurla asır. Bir alman üçün bu, gerilik deyil; nizam-intizamlı maliyyə yanaşmasının göstəricisidir.

NAĞD ÖDƏNİŞ, NƏZARƏT VƏ ETİMAD DEMƏKDİR

Almaniyada orta statistik vətəndaş pulqabında həmişə ən az 100 avro nağd pul gəzdirir. Çünki nağd pul nəzarət hissidir. Pulu fiziki olaraq görmək, nə qədər xərclədiyini bilmək deməkdir. Kredit kartı isə "görmədən itən pul" təsəvvürü yaradır. Almanlar o itən hissin yaratdığı narahatlıqdan xoşlanmır.

PANDEMİYA İLƏ BELƏ TAM DƏYİŞMƏDİLƏR

Pandemiya təmassız ödənişləri artırsa da, almanların nağd pul sevgisi asanlıqla zəifləmədi. Gənc nəsil rəqəmsal ödənişlərə daha açıq olsa da, yaşlı nəsil hələ də POS aparatına ehtiyatla yanaşır. Apple Pay, Google Pay və PayPal populyarlıq qazansa da, "Bargeld ist König" (Nağd pul kraldır) sözü Almaniyada hələ də qüvvədədir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz