Gündəm 10.12.2025

Aysel Umudova: “Nikbin və heç kimin əlimdən ala bilməyəcəyi gülüşümlə hakim qarşısına çıxarılacağım günü səbirsizliklə gözləyirəm”

Aysel Umudova: “Nikbin və heç kimin əlimdən ala bilməyəcəyi gülüşümlə hakim qarşısına çıxarılacağım günü səbirsizliklə gözləyirəm”

Aysel Umudova Nikbin və heç - “Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Aysel Umudova Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayaraq saxlanılma anı, polis idarəsinə aparıldığı yolda yaşadığı qısnama və həbsin ilk günlərində şahidi olduğu insan hekayələrindən bəhs edib.
 
“Meydan TV”nin dərc etdiyi məktubu olduğu kimi təqdim edirik.

“Səhər hər şeydən bixəbər Şabranda yerləşən “Qalaaltı” istirahət mərkəzinə yollanırdım. Günü planlaşdırmışdım. Həmin gün planımda həbs edilmək yox idi. Lakin avtoritar bir ölkədə həm müstəqil jurnalist kimi fəaliyyət göstərib, həm də həbsdən yan keçmək mümkün idimi? Əlbəttə, yox. Üstəlik, 20-yə yaxın həmkarımız artıq həbsdəykən.

Əlqərəz, evdən çıxarkən pişiyim Miaya əl edib, “ana iki günə gəlir” dedim.

“Qalaaltı”na çatıb, otağa daxil olan kimi sönmüş telefonumu açıram. Telefonumu açan kimi zəng gəlir, səsi titrəyən dostumun ilk cümləsi belədir: “Elə bildim səni də tutublar”. Məlum oldu ki, müstəqil medialara qarşı 2023-cü ildən başlayan repressiya dalğası üzü “Meydan TV” tərəfə şığıyıb. Aynur Elgünəş, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva, Natiq Cavadlı və Aytac Əhmədova (Tapdıq) artıq hökumətin əlindədir. Su sızması və buna bənzər bəhanələrlə evlərinə basqın edilib, İlham Əliyevin siyasi əsirinə çevriliblər. Edəcək bir şey yox idi. Boğazımdakı düyünü içdiyim su ilə açıb, ailələrə xəbər etmək üçün telefonu əlimə aldım. Ailələrin bəziləri artıq xəbərdar idi, bəzilərinə isə mən xəbər etməli oldum. Anamla da danışandan sonra döyüşə gedirmiş kimi əynimdəki paltarları daha rahat geyimlə əvəzləyib, Bakıya qayıtmağa hazırlaşırdım. Öz-özümə “əgər yoldan götürməsələr birbaşa Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) gedirəm” düşünürdüm ki, qaldığım otağın qapısı çöldən açıldı və bir anda otaqda 6 mülki geyimli polis peyda oldu. Bəli, nə qapı döyüldü, nə də uyğun olub-olmadığım soruşuldu. Dərhal telefonuma əl qoyuldu. Qollarımı tutub hərəkətimi məhdudlaşdırdılar. Düzü, mən də müqavimət göstərmədim. Mənasız idi. Tanımadığım üç kişi ilə Bakıya gəlmək üçün üç saatlıq yol qət etdik.

Dəhşət leysan yağış yağırdı. Sonra bilmişdim ki, dostlarımız o leysanda səhərə kimi BŞBPİ-nin qarşısında bizi gözləyiblər. Yolu yarılamışdıq ki, panik atakım tutdu. Nəfəs almağım çətinləşdi, başım ağırlaşdı, biləklərim keyidi, əllərimdə və dodaqlarımda kontrol edə bilmədiyim bir əsmə başladı. Özümü maksimum sıxırdım ki, qorxduğumu düşünüb, psixoloji üstünlük əldə etməyə çalışmasınlar. Panik atakın qorxu ilə yox, nevrozla əlaqəli olduğunu izah edəcək halım yox idi. Bir müddət sonra vəziyyətimin pisləşdiyini görüb, su istədim. Maşında su yox idi. Mağazada isə “düşüb, qaçar” düşüncəsi ilə saxlamadılar. Xeyli yol gələndən sonra kiməsə zəng edib, yola su çıxarmasını istədilər. Solumda oturan yekəpər, qarabuğdayı, saçları çallaşmış adam ilkin tibbi yardım göstərməyə çalışırdı. Ya da mən elə bilirdim. Vəziyyətimi stabilləşdirmək üçün biləyimi ovdu. Biləyimdə hiss etdiyim əli ayağımda hiss edəndə, qolu dəydiyini düşündüm. Əllərini ayağımdan uzaqlaşdırdım. Sonra o təkrar əllərini dizimin üstünə qoyub ayağıma toxunanda tez əlimi çəkib, cibimə qoydum. Vəziyyəti başa düşdüyümü anlayıb, oturacağın digər ucuna keçdi. Mürgüləmək üçün yerini rahatladı. Bir müddət sonra mürgü yerini dərin yuxuya verdi. Çox keçməmiş xorultusu maşına yayıldı. Yaşadığım qısnamanı həzm etmək isə mənim 1 ilimi aldı. Çatmağıma bir az qalmış idarəyə təcili tibbi yardım çağırmalarını istədim. İdarəyə çatdıq. Ortada təcili yardım yox idi. Müstəntiqin otağına gedənədək saxlandığım otaqda BŞBPİ-nin əməkdaşı telefonumu açmağımı istədi, daha doğrusu panik atakın verdiyi titrəməyə vurğu edib “indi ayaq üstə dura bilirsən, telefonu açmasan, heç o da olmayacaq” deyə hədələdi. Onunla razılaşmadığımı görəndə “özümüz açarıq” dedi və məni müstəntiqin otağına apardı.

Mən artıq ifadə üçün otaqdaydım. Amma ortada nə vəkil vardı, nə də həkim. Müstəntiq Ceyhun Hüseynova vəkilim gəlmədən və həkim müdaxiləsi olmadan ifadə verməyəcəyimi dedim. Nəhayət Təcili Tibbi Yardıma zəng etmək ehtiyacı hiss etdilər. Gələn həkim tibbi yardım göstərdikdən sonra “get yat, dincəl” - dedi. Müstəntiqin əsəbdən gözləri kəlləsinə çıxdı. Bəli, həkim mənə analgin, dimedrol iynəsi vurmuşdu və mənim yuxum gəlməmiş ifadəni bitirməliydik. İfadədən sonra qarşıma qoyulan sənəddə “İmran Əliyev” yazılmışdı. Mən təəccüblə kağıza baxanda adların səhv düşdüyünü dedim. Müstəntiq şərlədikləri adamları qarışdırmışdı. Şübhəli şəxs kimi istintaqa cəlb edildiyim mənə elan olunandan sonra bir neçə şəxsi əşyamı götürüb Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə yollandım.

48 saata yaxın soyuq, natəmiz, közərmiş işıqlı bir kamerada saxlanıldım. 8 dekabr Xətai Rayon Məhkəməsinə çıxarılıram və barəmdə həbs qətimkan tədbiri seçilir. İki günlük yorucu marşrutdan sonra Bakı İstintaq Təcridxanasına gətirilirəm. Saxlanıldığım binanın koridorunu yorğun-arğın addımlayanda gözüm qadın həmkarlarımızı axtarır. Sonra öyrənirəm ki, biz ümumiyyətlə fərqli binalarda saxlanılırıq. Kameranın qapısı açılır və mən işıqlı otağa daxil oluram. Məni otaqda iki gülərüz qadın qarşılayır. Tez mənə çay süzüb, dincəlməyim üçün yataq hazırlayırlar. Onların otaqda o yan-bu yana gəzişməyini izləyirdim və mənə hər şey çox qəribə gəlirdi. Bu adlarını bilmədiyim qadınlarla mən artıq bir otaqda yaşamalı, birlikdə yemək yeməli, söhbət etməli və məişət qayğılarını paylaşmalıydım.

Zaman keçdikcə o qadınlardan biri ilə yaxınlaşdıq, oxuduğumuz kitabları bir-birimizlə bölüşüb, hərdən müzakirə edirdik. Bir gün Xalid Hüseyninin “Min möhtəşəm günəş” kitabını bitirib geri qaytaranda “oxuduqca, elə bildim mən Məryəməm, sən də Leyla” dedi. Kitabın sonuna yaxın Məryəm türmədə edam edilirdi. Bu həyat dolu, mehriban, əyləncəli qadınla beş ay bir kameranı bölüşdükdən sonra getdiyi “tubzon” adlı xəstəxanada vəfat etdi. O, öldükdən sonra əslində necə doğmalaşdığımızı daha yaxşı anladım.

Hə, düz bir il əvvəl pişiyim Miaya 2 günə gələcəyimi desəm də, bir ildir nə evə qayıdıram, nə Miamı görürəm.

İndi isə mən 7 maddə ilə ittiham olunuram və tezliklə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacağam. Nikbin və heç kimin əlimdən ala bilməyəcəyi gülüşümlə o günü səbirsizliklə gözləyirəm. Çünki 1 ildir ki, öz seçimimə olan sarsılmaz inamım nəticəsində həyatdayam.

Aysel Umudova

Kürdəxanı

08.12.2025″

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz