Dünya 09.08.2025

Azərbaycan-Ermənistan sülh sazişi paraflanıb

Azərbaycan-Ermənistan sülh sazişi paraflanıb
Bəyanatda bildirilib ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan, iki ölkənin xarici işlər nazirləri tərəfindən Azərbaycan-Ermənistan sülhünün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş mətninin paraflanmasına şəxsən şahidlik ediblər. Qeyd olunub ki, tərəflər, sazişin imzalanması və yekun təsdiqi üçün əlavə və ardıcıl addımların atılmasına davam edilməsinin zəruriliyini qəbul edərək, regionda iki ölkə arasında sülhün təmin edilməsi və möhkəmləndirilməsinin xüsusi önəmini vurğulayıblar.

AGİT Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün birgə müraciət imzalandı

Bəyanatda həmçinin qeyd edilib ki, bu vacib görüşdə liderlər AGİT Minsk Qrupunun və onunla əlaqəli strukturların fəaliyyətinin dayandırılmasına dair AGİT-ə ediləcək birgə müraciətin Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalanmasına şahidlik ediblər.

Azərbaycanın əsas hissəsi Naxçıvana "Tramp Marşrutu" ilə birləşdiriləcək

Tərəflərin nəqliyyat xətlərinin açılmasının regional inkişaf üçün əhəmiyyətini bir daha təsdiqlədiyi bəyanatda deyilir: "Bu səylər Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni və Ermənistan üçün beynəlxalq, eləcə də ölkədaxili əlaqələr baxımından qarşılıqlı faydaları əhatə edir. Ermənistan öz ərazisində "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRİPP) layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı razılaşma ilə təyin ediləcək üçüncü tərəflərlə fəal əməkdaşlıq edəcəkdir. Bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə qətiyyətimizi təsdiqləyirik."

İntiqam cəhdləri qətiyyətlə rədd edilir

Bəyanatda bunlar da qeyd edilib: "Biz, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq bir gələcək yoluna qədəm qoymağın zəruriliyini qəbul edirik. Dərin insan əzablarına səbəb olmuş uzunmüddətli münaqişədən sonra, nəhayət, beynəlxalq sərhədlərin toxunulmazlığı və torpaq əldə etmək məqsədilə güc tətbiqinin qəbuledilməzliyi əsasında dövlətlərimiz arasında xoş qonşuluq münasibətlərinin qurulması üçün əlverişli şərait yaranıb. Yenidən nəzərdən keçirilməyən və heç vaxt keçirilməyəcək bu tarixi həqiqət, dövlətlərimiz arasında düşmənçilik səhifəsinin qəti şəkildə bağlanmasına gətirib çıxarır. Biz indi və gələcəkdə hər hansı bir intiqam cəhdini qətiyyətlə rədd edir və istisna edirik."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz