Siyasətçilərin Beynəlxalq Münasibətlər Ekspertinə Çevrilməsi: Səbəblər və Nəticələr
Son illər Azərbaycanda maraqlı bir meyil qeydə alınır:
siyasi partiya liderləri və müxtəlif səviyyəli siyasətçilər beynəlxalq münasibətlər üzrə ekspertə çevrilməkdədirlər. Onlar gündəlik olaraq, istər sosial mediada, istərsə də internet TV platformalarında bölgədə və dünyada baş verən hadisələr barədə şərhlər verirlər. Hökumətin "dialoq" adlandırdığı prosesdə iştirak edən partiya rəhbərləri AzTV başda olmaqla, televiziya kanallarında çıxış etmək üstünlüyünə də malikdirlər.
Əlbəttə ki, siyasi xadimlərin qlobal geosiyasət haqqında müəyyən məlumata sahib olması zəruridir. Ehtiyac yarananda bu barədə fikir bildirmələri qeyri-adi hesab edilmir, ən azı ona görə ki, dünya proseslərinin Azərbaycanın daxili və xarici siyasətinə birbaşa və ya dolayı təsirləri mövcuddur. Ukrayna müharibəsi, Rusiyanın siyasəti, Qərb-Rusiya münasibətləri, qonşu ölkələrdə – Türkiyə, İran, Ermənistan və Gürcüstanda baş verənlər, eləcə də dünya enerji bazarındakı meyllər ölkəmiz üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan dövləti və ictimaiyyəti sözsüz ki, bu prosesləri diqqətdə saxlamalı, media həmin mövzulara dair xəbər və şərhləri davamlı olaraq oxuculara və izləyicilərə çatdırmalıdır. Analitiklər arasında
siyasi partiya liderləri də ola bilər. Onlar, xüsusən, Azərbaycan-Ermənistan sülh prosesi və ümumilikdə Azərbaycanın xarici siyasəti barədə öz mövqelərini ifadə etməlidirlər – lakin Prezident Administrasiyasından gələn tezislər əsasında deyil, həqiqətən öz inandıqları və anladıqları şəkildə.
Partiya Liderlərinin Xarici Liderlərə Pərəstişi və Daxili Siyasətin Boşluğu
Lakin reallıq tamamilə fərqlidir. Beynəlxalq mövzularda yazmaq və çıxışlar etmək bu gün
siyasi partiya liderlərinin ən sevimli məşğuliyyətinə çevrilib. Bu, sanki bir hobbi halını alıb. Sanki onlar beynəlxalq icmalçı qismində fəaliyyət göstərməsələr, cəmiyyət, xalq, seçicilər bunu böyük bir çatışmazlıq kimi dəyərləndirəcək. Hətta elə partiya rəhbərləri var ki, onlar başqa dövlətlərin liderlərinin pərəstişkarı rolunda çıxış edirlər. Azərbaycanda "Ərdoğançı" partiya liderləri və siyasətçilər kifayət qədər idi, son vaxtlar onlara "Trampçı"lar da əlavə olunub. "Putinçi", "Xameneiçi" liderlərin olmaması müsbət fakt kimi qeyd edilə bilər, lakin bu onunla bağlıdır ki, rejim açıq şəkildə Rusiyayönlü və İranyönlü siyasi-ideoloji xəttin tərəfdarı olan partiyaların yaradılmasına və fəaliyyətinə icazə vermir. Fəaliyyətlərinə imkan tanınan "Ərdoğançılar" və "Trampçılar" bu siyasətçilərin olan və olmayan xidmətlərini ön plana çıxarır, onların təbliğatını aparır, həmin liderləri tənqid edən azərbaycanlı sosial media istifadəçilərini mövqelərinin səhv olduğuna inandırmağa, bəzən isə o tənqidçiləri susdurmağa çalışırlar. "Trampçılar" hazırkı ABŞ prezidentinin daxili və xarici siyasətini, eləcə də onun müxtəlif qlobal məsələlərə – məsələn, iqlim dəyişikliyi, beynəlxalq ticarət və müasir beynəlxalq münasibətlərə baxışını hərarətlə müdafiə edirlər. Qısası, özünü Ərdoğanın və Trampın trolu kimi aparan siyasətçilərimiz də var.
Avtoritar Rejimin Təsirində Formlaşan Siyasi Mühit
Bunun səbəbi nədir? Etiraf etmək lazımdır ki, azərbaycanlı siyasətçilərin beynəlxalq icmalçıya çevrilmələrinin obyektiv səbəbləri subyektivlərdən daha üstündür. Azərbaycanda sərt
avtoritar rejim hökm sürməkdədir. Bu rejim totalitar xarakter daşıyır və bütün sahələri, o cümlədən medianı inhisara alıb. Yaxın keçmişdə məhdud dərəcədə mövcud olan
plüralist mühit demək olar ki, tamamilə ləğv edilib. Bu qədər sosial media platformasının olduğu bir dövrdə Azərbaycan avtoritarizmi demək olar ki, tək səsli ictimai mühit formalaşdıra bilib. Bu, şübhəsiz ki, onun ciddi nailiyyəti kimi dəyərləndirilməlidir. Bu gün ölkədə müzakirə mövzularını rejimin təbliğat maşını müəyyənləşdirir və diktə edir. Onlar təkcə media vasitələrini, o cümlədən internet media resurslarını nəzarət altına almaqla məhdudlaşmır. İqtidar maraqları baxımından cəmiyyətə çatdırılması vacib sayılan mövzular əsas tezislər formasında gündəlik olaraq mediaya (baş redaktorlara), dövlətdən maliyyələşən QHT-lərə və "dialoq partiyaları"nın rəhbərlərinə göndərilir və onlara yalnız həmin çərçivə daxilində fikir bildirməyə icazə verilir. Əlbəttə ki, tezisləri olduğu kimi təkrarlamaq istəməyən və çərçivələri aşmamaq şərti ilə improvizasiyalar edən istedadlı media və partiya rəhbərləri də var. Belələrinin fikirləri ictimaiyyətdə müəyyən marağa da səbəb olur.
Daxili Siyasi Sükut və "Təhlükəsiz" Beynəlxalq Mövzular
Avtoritar rejim ölkədə siyasi prosesi faktiki olaraq dayandırıb. Hər hansı yazıda və ya çıxışda "Azərbaycandakı daxili siyasi proseslər" cümləsini qurmaq qəribə görünər və səslənərdi. Bu gün Azərbaycanda siyasət demək olar ki, qadağan olunmuş fəaliyyət sahəsidir. 2024-cü ilin sentyabrında keçirilmiş parlament seçkilərində hətta kimlərin namizəd olacağına da Prezident Administrasiyası qərar vermişdi. Əvvəllər heç olmasa, namizədliyin irəli sürülməsi mərhələsində sərbəstlik var idi, buna mane olunmurdu. Son seçkidə bu azadlıq da aradan qaldırıldı. Ümumən İkinci Qarabağ Müharibəsindəki qələbənin ona sərhədsiz səlahiyyət verdiyini düşünən hakimiyyət sonrakı mərhələdə mövcud hüquq və azadlıqları da ortadan qaldırdı. Belə bir siyasi sükut vəziyyətində partiya liderlərinin, siyasətçilərin təhlükəsiz və icazəli mövzularda fikir səsləndirməkdən başqa çıxış yolu qalmır. Ən təhlükəsiz tematik istiqamət isə beynəlxalq siyasətdir. Bu sahədə mövzu qıtlığı yoxdur, iqtidarın Ərdoğan, Orban, Tramp kimi dostlarına və ya önəm verdiyi liderlərə toxunmamaq şərti ilə rahat şəkildə danışmaq, mülahizələr irəli sürmək mümkündür.
Müxalifətin Rolu və Hakimiyyətin Komfort Zonası
Halbuki dünyanın harasında olursa olsun, siyasi partiyalar, onların liderləri, siyasətçilər ilk növbədə ölkədaxili problemləri prioritet hesab etməli, bu mövzularda müzakirələr aparmalıdırlar. Müxalifət kimi özünü cəmiyyətə təqdim edən partiyalar fəaliyyətlərini xalqın, vətəndaşın problemlərini daim ön plana çıxarmaq və hakimiyyətin davamlı tənqidi üzərində qurmalıdırlar. Hakimiyyətin doğru və haqlı addımları olsa belə, bunları dilə gətirmək müxalifətin vəzifəsi deyil. Müxalifət bu sözün lüğəvi mənasına (əks mövqe tutmaq, dirəniş göstərmək) uyğun fəaliyyət göstərməlidir. Təbii ki, müxalifət problemlərdən çıxış yollarını necə gördüyünü də xalqa anlatmalı, seçki kampaniyalarında öz proqramını seçicilərə təqdim etməlidir, amma bu, daha çox demokratik ölkələrə aid olduğundan, hazırkı şəraitdə Azərbaycanda o qədər də ehtiyac duyulmur. Lakin Azərbaycanda xeyli vaxtdır ki, xalqın real problemləri, ümumiyyətlə, müzakirə mövzusu olmur. Bəzən sosial mediada problemlərdən söhbət açılsa da, bunlar gündəliyə gətirilə bilmir. Səbəb odur ki, insanlar həm daxildəki problemlər haqqında tənqidi mövqe ortaya qoymaqdan ehtiyat edir, həm də hakimiyyətin gündəliyi diktə etmək gücü var. Nəticədə ya hakimiyyətə sərf edən və onun uğur hekayəsi ilə əlaqəli məsələlərin ictimai müzakirəsi üstünlük təşkil edir, ya da regional və beynəlxalq hadisələrin.
Görünən odur ki, Azərbaycan hakimiyyəti bu vəziyyəti davam etdirməyə çalışır. Çünki Ermənistanla aparılan sülh prosesi, Rusiya və İranla münasibətlərdə idarəolunan gərginliklər, ümumən xarici siyasət mövzuları ictimai diskursda prioritet olanda hakimiyyət özünü "suda balıq kimi" hiss edir. Bu, onun üçün rahatlıq zonasıdır. Onu komfort zonasından çıxarmaq istəyənlərin aqibəti xüsusiylə də xoş olmur; buna cəhd etmiş bəzi jurnalistlər, QHT nümayəndələri və siyasətçilər hal-hazırda həbsdə saxlanılır.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz