Azparking MMC bələdçisinin iddiaları gündəmdə
Son günlər Azparking MMC ilə bağlı şikayətlər yenidən ictimai müzakirələrə çıxarılıb. Şirkətin bələdçisi İlyasov Kənan çəkdiyi videomüraciətdə həm öz təcrübəsini, həm də kolleqalarının üzləşdiyi problemləri ictimailəşdirib. O bildirir ki, “haqqını tələb edən hər kəs müxtəlif yollarla təzyiq və təhdidlərə məruz qalır”.
Kənanın sözlərinə görə, rəhbərlik açıq şəkildə xəbərdarlıq edib: “Əgər video çəkib efirə çıxsaq və ya media orqanlarına danışsaq, müqaviləmizə xitam veriləcək və işdən uzaqlaşdırılacağıq.”
Əmək haqqı və bayram günləri ilə bağlı şikayətlər
Şikayətçi bildirir ki, Azparking MMC-də əmək haqlarının ödənilməsi və bayram günləri ilə bağlı ciddi problemlər mövcuddur:
-
Mart–aprel aylarında bələdçilərə ikiqat əməkhaqqı vəd edilsə də, yalnız bir qisminin ödənişi həyata keçirilib.
-
Rəqəmsal İnkişaf Nazirliyinə edilən müraciətdən sonra yalnız şikayət edən işçilərin maaşı ödənilib.
-
Digər əməkdaşlar isə haqlarını ala bilməyiblər.
Bu hadisədən sonra işçilər efirə çıxmaqdan çəkindirilib, “səssiz qalın, pullarınız veriləcək” deyə vədlər verilib.
İş şəraitində məhdudiyyətlər: yemək, fasilə və siqaret qadağası
İlyasov Kənan açıqlamasında iş şəraitindəki haqsızlıqlardan da danışıb. Onun sözlərinə görə, sahə rəisləri və auditorlar bələdçilərin fəaliyyətini məhdudlaşdırır:
-
Bələdçilər gündə yalnız bir dəfə ayaqyoluna buraxılır. İkinci dəfə üçün xüsusi icazə tələb olunur.
-
Əmək müqaviləsində göstərilən fasilə vaxtlarına baxmayaraq, yemək saatları rəhbərliyin istəklərinə uyğun müəyyən edilir.
-
Hətta siqaret çəkmək belə rəhbərliyin nəzarəti altında saxlanılır və “gündə neçə dəfə və harada siqaret çəkə biləcəyinizi biz deyəcəyik” ifadələri işlədilir.
“Ödəniş sistemi manipulyasiya olunur”
Şikayətdə qeyd olunur ki, Azparking MMC-nin onlayn ödəniş sistemində də sui-istifadələr var. Bəzi hallarda əraziyə gizli müdaxilə edilərək parklanma vaxtı bağlanır, nəticədə sürücülər əlavə ödənişlə üzləşirlər.
İddialara görə, bu prosesdə şirkətin rəhbər şəxsləri – Zalış Zeynalov və İlkin adlı auditorların rolu var. Təlimatlar isə xidmət rəisi Bəşirov Yalçın və bölgə müdiri Azər Seyfullayev tərəfindən verilir.
“Qohum-əqrəbalıq və rüşvət halları geniş yayılıb”
Şikayətçi həmçinin qohumluq əlaqələrinin və rüşvətin işə qəbulda əsas rol oynadığını iddia edir:
-
Sahə rəisləri və baş bələdçilərin əksəriyyəti qohumluq əlaqələri ilə işə düzəlib.
-
“İ-patrul” sürücüləri və bəzi bələdçilər işə qəbul olunmaq üçün 2–3 min manat məbləğində pul ödəməyə məcbur ediliblər.
-
Şirkətdə illərlə eyni ərazilərdə çalışan işçilər olduğu halda, digər bələdçilərin yeri hər 3–5 aydan bir dəyişdirilir.
“Sən yuxarıda adamın olmadıqca vəzifəyə yüksələ bilməzsən”
İlyasov Kənan deyir ki, diplomu, hərbi bileti və müharibə iştirakçısı statusu olsa da, rəhbərlik açıq şəkildə bildirib: “Sənin yuxarıda adamın yoxdur, ona görə vəzifəyə yüksələ bilməzsən, maaş artımı da olmayacaq.”
O, əlavə edib ki, məsələni efirə çıxarmaq istədikdə isə “hara istəyirsən de, sənə heç kim inanmayacaq” cavabını alıb.
Dövlət orqanlarına çağırış
Şikayətçi sonda Prezident İlham Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək Azparking MMC-də baş verən haqsızlıqların araşdırılmasını xahiş edib:
“Bizim əlimizdə faktlar var. Bu insanlar cəzasız qalmamalıdır. Haqq öz yerini tapmalıdır.”
AYNA ilə bağlı əlavə qeydlər
Məsələ ilə bağlı informasiya sorğusu ünvanlamaq üçün AYNA-nın rəsmi elektron poçt ünvanı tapılmadı. Qurumun saytında e-mail ünvanı göstərilmir. Sayta yerləşdirilən 1181 telefon nömrəsi isə təyin edilməyib və zənglər qəbul edilmir.
Bu hal qurum barəsində səsləndirilən fikirləri təsdiqləməklə yanaşı, həm də “İnformasiya əldə etmək haqqında” Qanunun açıq pozuntusu hesab olunur.
Oxucu Şərhləri
Şərh Yaz