Bəhruz Səmədovun Apellyasiya Məhkəməsindəki Prosesi Qapalı Keçirilib
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası keçirilib. Baxışın ictimaiyyətə açıq keçiriləcəyi gözlənilsə də, dövlət ittihamçısı iclasın qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Hakim vəsatəti təmin edərək, prosesin qapalı keçirilməsinə qərar verib.
Məhkəmənin bu qərarından sonra Bəhruz Səmədovun yeganə qohumu Zibeydə Osmanova və onu dəstəkləmək üçün gələn dostları, ictimai fəallar məhkəmə zalına buraxılmayıblar. Sonradan prokurorun ittiham aktı ilə tanış olmadığını bildirməsi səbəbindən məhkəmə iclası təxirə salınıb. Prokuror növbəti iclasın da qapalı keçirilməsini vəsatət edib və bu vəsatət də hakim tərəfindən təmin olunub. Növbəti məhkəmə iclası avqustun 13-nə təyin edilib.
Bəhruz Səmədovun İşinin Detalları
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs edilib. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə təqsirləndirilir. İttihamda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia edilir.
Bəhruz Səmədov isə məhkəmə proseslərindən birində bildirib ki, o, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu demədiyini və hər zaman sülh tərəfdarı olduğunu qeyd edib. Həmçinin dövlətlərarası müharibənin və bunun nəticəsində insanların həlak olmasının əleyhinə olduğunu vurğulayıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz