Yaxın Şərq 25.06.2025

Britaniya "Fələstin Fəaliyyəti"ni qadağan edir: Nədir, niyə

Britaniya "Fələstin Fəaliyyəti"ni qadağan edir: Nədir, niyə
Böyük Britaniya hökuməti iyunun 23-də Fələstinə dəstək verən “Palestine Action” qrupunu terrorizmlə mübarizə qanunları çərçivəsində qadağan edəcəyini açıqlayıb. Bu addım təşkilatı Birləşmiş Krallıqdakı “Əl-Qaidə” və İŞİD kimi silahlı qruplarla bərabər səviyyəyə qoyur ki, bu da “Palestine Action”ın üzvü olmağı cinayət əməlinə çevirir. Hökumətin bu açıqlaması insan hüquqları təşkilatları tərəfindən tənqid olunub və etirazlara səbəb olub. Çərşənbə axşamı Londonda etirazçılar Metropoliten Polisi ilə toqquşduqdan sonra 13 nəfər həbs edilib, 7 nəfərə qarşı isə ittiham irəli sürülüb. İttihamlar arasında təcili yardım işçilərinə hücum və irqi ayrı-seçkilik zəminində törədilmiş cinayət də var.

Palestine Action nədir?

Palestine Action” özünü “İsrailin soyqırım və aparteid rejiminə qlobal iştiraka son qoymağa sadiq bir hərəkat” kimi təqdim edir. Qrup 2020-ci ilin iyulunda fəaliyyətə başlayıb. Təşkilatın sözçüsü Manaal Siddiqi Al Jazeera-ya bildirib ki, “Palestine Action” əsasən Böyük Britaniya ərazisində fəaliyyət göstərən və Qəzzadakı indiki soyqırımda, eləcə də Fələstin xalqının uzunmüddətli zülmündə şərik olan silah fabriklərinə fokuslanan birbaşa hərəkət qrupudur. Qrup İsrail üçün silah istehsalında iştirak edən şirkətləri, məsələn, İsrail mənşəli Elbit Systems, İtaliya aerokosmik şirkəti Leonardo, Fransa çoxmillətli Thales və ABŞ şirkəti Teledyne kimi “korporativ təminatçıları” hədəf almaq üçün “pozucu taktikalar”dan istifadə etdiyini bildirir. Qrup bu şirkətlərlə əlaqəli Britaniya obyektlərini dəfələrlə hədəf alıb. 2022-ci ildə qrup Qlazqoda yerləşən Thales avadanlıqları fabrikinə daxil olaraq 1 milyon funt sterlinqdən (1,4 milyon dollar) çox dəyərində silahlara zərər vurub. 2021-ci ildə “Palestine Action” üzvləri altı gün ərzində Lesterdəki Elbit Systems-in törəmə şirkəti UAV Tactical Systems-in damında etiraz aksiyası keçiriblər, ta ki bir neçə üzv polis tərəfindən həbs olunana qədər.

Böyük Britaniya Palestine Action-ı niyə qadağan edir?

Daxili İşlər Naziri Yvette Kuper bazar ertəsi bəyanatında bildirib ki, qrupu 2000-ci il Terrorizm Aktına əsasən qadağan etmək qərarına gəlib. Kuperin bəyanatı iyunun 20-də “Palestine Action” fəallarının Oksfordşirdəki Britaniya Kral Hərbi Hava Qüvvələrinin (RAF) ən böyük bazası olan RAF Brize Norton-a daxil olaraq iki hərbi təyyarəni qırmızı boya ilə boyamasından bir neçə gün sonra verilib. Qrupun indiyə qədərki ən səs-küylü addımında, fəallar havada yanacaqdoldurma üçün istifadə olunan iki Airbus Voyager təyyarəsinin turbin mühərriklərinə qırmızı boya püskürdüb və linglərlə onlara ziyan vurublar. Britaniya Baş naziri Keir Starmer həmin gün X platformasında insidenti pisləyib: “RAF Brize Norton-da törədilən vandalizm iyrəncdir”, – o yazıb. Polis “Palestine Action” fəallarının hərəkətinin milyonlarla funt sterlinq cinayət ziyanına səbəb olduğunu bildirib. Kuper bazar ertəsi verdiyi bəyanatda deyib: “İyunun 20-də səhər saatlarında Brize Norton-a edilən iyrənc hücum, “Palestine Action” tərəfindən törədilmiş uzun bir qəbuledilməz cinayət ziyanı tarixinin sonuncusudur”. Bununla belə, Siddiqi bildirib ki, Brize Norton “dünyada, xüsusilə də Qəzzada istifadə olunacaq” təyyarələri saxlayır. O əlavə edib ki, bu təyyarələr əvvəllər Suriya və Yəməndə də istifadə edilib. 2023-cü il oktyabrın 7-də başlayan İsrailin Qəzzadakı müharibəsi 56 mindən çox fələstinlinin ölümünə səbəb olub. Siddiqi deyib: “Bu təyyarələr İsrail qırıcı təyyarələrini yanacaqla təmin etmək üçün istifadə oluna bilər və edilib”. O əlavə edib ki, Brize Nortondan olan təyyarələr Britaniyanın Kiprdəki hava bazasına gedir, oradan isə “casusluq missiyalarına göndərilir və bu kəşfiyyat İsrail hökuməti və İsrail hava qüvvələri ilə paylaşılır”. Keçən il Britaniya hava qüvvələri Qəzzaya irimiqyaslı yardım endirmə əməliyyatlarında iştirak etdiyini bildirmişdi. Hava qüvvələri 2024-cü il aprelin 9-da yüzlərlə ton yardımın havadan atılmasında iştirak etdiyini qeyd edib. Siddiqi deyib ki, “endirilən yardım miqdarı dənizdə bir damladır”, BMT-nin məlumatına görə, Qəzzanın gündəlik ehtiyaclarını ödəmək üçün təxminən 2300 ton yardım tələb olunur.

Palestine Action qadağa təhdidinə necə reaksiya verdi?

Palestine Action” çərşənbə axşamı X profilində yayımladığı bəyanatda bildirib: “Buradakı əsl cinayət bu döyüş təyyarələrinə qırmızı boya püskürtmək deyil, Böyük Britaniya hökumətinin İsrailin soyqırımına şərikliyi səbəbindən bu təyyarələrlə həyata keçirilən müharibə cinayətləridir”. Bəyanatda Baş nazir Starmer 2003-cü ildə ABŞ bombardmançılarını İraqa getməsinin qarşısını almaq üçün RAF bazasına daxil olan etirazçıları dəstəklədiyi üçün “ikiüzlülükdə” ittiham olunur. Həmin vaxt Starmer hüquqşünas idi. Siddiqi deyib: “Məncə, bu, utanmış hökumətdən verilən çox tələsik reaksiya və şişirdilmiş bir addımdır”. Siddiqi, “Palestine Action”ın bu cür qadağa ilə üzləşməsinin görünməmiş bir hal olduğunu bildirib. “Qadağan olunmuş qrupların əksəriyyəti beynəlxalq təşkilatlardır. Onların əksəriyyəti çox fərqli yollarla hərəkət edir. “Palestine Action” tamamilə fərqli bir haldır. Bu, hökumətin xoşuna gəlməyən etirazları boğmaq üçün avtoritar bir yanaşmadır. Bu cür bir qadağa Böyük Britaniyada vətəndaş azadlıqlarını düşünən hər kəs üçün həqiqətən dəhşətlidir”. Ümumilikdə, Böyük Britaniyada 2000-ci il Terrorizm Aktına əsasən 81 qrup qadağan edilib. Bunlara Həmas və Hizbullah kimi silahlı qanadları olan siyasi hərəkatlar, eləcə də İŞİD, Əl-Qaidə və Təhrik-i Taliban Pakistan kimi silahlı qruplar daxildir.

Mümkün qadağaya digər reaksiyalar

Bazar ertəsi Amnesty International UK-nin icraçı direktoru Saşa Deşmux xəbər bülletenində deyib: “Böyük Britaniya terrorizmin çox geniş tərifinə malikdir və “Palestine Action” kimi birbaşa hərəkət etiraz qrupunu qadağan etmək, ifadə, birləşmə və dinc toplaşma fundamental hüquqlarına qanunsuz müdaxilə riski daşıyır”. O bildirib ki, ümumi cinayət qanunu və müvafiq insan hüquqları müdafiəsi “Palestine Action”a bağlı olanlar kimi birbaşa hərəkət edən etirazçılara cavab vermək üçün kifayətdir. Deşmux əlavə edib ki, “Palestine Action”ı qadağan etmək qərarı “İsrailin Qəzzada davam edən soyqırımı fonunda fələstinlilərin vəziyyətindən dərindən narahat olan bir çox digər fəalın söz azadlığı hüquqlarını” riskə atır. London mərkəzli vəkillik təşkilatı CAGE International da bu açıqlamaya reaksiya verib. CAGE International-ın kampaniya rəhbəri Nailə Əhməd öz veb saytında dərc etdiyi bəyanatda deyib: “Biz “Palestine Action”ı sionist müharibə maşınını dağıtmaq və Qəzzadakı soyqırıma son qoymaq kampaniyalarında tamamilə dəstəkləyirik. Terrorizm və proskripsiya qanunları indi açıq şəkildə canlı yayımlanan soyqırımın davamına imkan verir”. 2018-ci ildə “Normal İnsanlar” romanı ilə tanınan İrlandiyalı yazıçı Salli Runi bazar günü “The Guardian” qəzetində “İsrail günahsız fələstinliləri öldürür. Fəallar təyyarəyə boya çəkirlər. Britaniya hökuməti hansını terrorizm adlandırır, təxmin edin” başlıqlı bir məqalə yazıb. Runi yazıb ki, Brize Norton-a ziyan vuran fəallar nə etdiklərinin qeyri-qanuni olduğunu bilirdilər. “Süfrajetlərdən tutmuş gey hüquqları hərəkatına qədər, aparteid əleyhinə mübarizəyə qədər, əsl siyasi müqavimət həmişə qəsdən qanun pozuntularını əhatə edib. Lakin bütün bir təşkilatı Terrorizm Aktına əsasən qadağan etmək, konkret şəxsləri müəyyən pozuntulara görə mühakimə etmək deyil… hətta qrupu sırf sözlərlə dəstəkləmək – mənim indi etdiyim kimi – ciddi hüquqi cinayət təşkil edə bilər ki, bu da 14 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

Növbəti addımlar nədir?

Kuper bildirib ki, “Palestine Action”a qarşı qadağa sərəncəsinin layihəsi iyunun 30-da Britaniya Parlamentinə təqdim olunacaq. Əgər qəbul edilərsə, bu qadağa qanuni qüvvəyə minəcək və qrupa üzv olmaq və ya ona dəstək istəmək qeyri-qanuni sayılacaq. Terrorizm Aktına əsasən, cəzalar 14 ilə qədər həbs və pul cəriməsini əhatə edir. Siddiqi bildirib ki, qrup təklif olunan sərəncamla hüquqi yolla mübarizə aparacaq. “Palestine Action” X-də etdiyi paylaşımda bildirib ki, qrup “Daxili İşlər Nazirinin hərəkatımızı qadağan etmək cəhdinə qarşı mübarizə aparacaq hüquqşünaslara təlimat verib”. Qrup hüquqi tədbirlər üçün dəstəkçilərdən ianə qəbul edərək onlayn vəsait toplayıb. Çərşənbə günü saat 08:00 GMT-ə qədər qrup 100.000 funt sterlinq (140.000 dollar) hədəfinin 79.000 funt sterlinqdən (107.000 dollar) çoxunu toplaya bilmişdi. Siddiqi deyib: “Hazırda “Palestine Action” hələ qadağan olunmuş təşkilat deyil və biz “Palestine Action” olaraq fəaliyyətimizi davam etdirəcəyik. Düşünürəm ki, vətəndaş azadlıqlarını düşünən hər kəs üçün belə hərəkətlərə qarşı mübarizə aparmaq son dərəcə vacibdir”.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz