Cəmil Həsənlinin Ölkədən Çıxışına Qadağa və İstintaq Dəvəti
Milli Şuranın sədri, tanınmış tarixçi Cəmil Həsənlinin ölkədən çıxışına məhdudiyyət qoyulub. O, şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) dəvət edilib.
Bu barədə o, şəxsi "Facebook" səhifəsində məlumat yayıb.
Cəmil Həsənlinin sözlərinə görə, noyabrın 30-da həyat yoldaşı ilə Bakı vaxtı ilə saat 12:20-də şəxsi səbəblərlə Dubaya uçmalı imiş, lakin onun ölkədən gedişinə qadağa qoyulub. Tarixçi bildirib ki, uçuş biletini noyabrın 7-də alıb və dekabrın 15-də geri qayıdacağı nəzərdə tutulan biletin elektron nüsxəsini "Facebook" paylaşımına əlavə edib.
Cəmil Həsənli DTX-yə şahid qismində dəvət olunduğunu və evində axtarış aparılmasının gözlənildiyini qeyd edib.
Cəmil Həsənlinin Axtarışlarla Bağlı Bəyanatı
"Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı şəxsi yazı-pozularım, qeydlərimdir. Yoldaşım da, mən də yaşlı olduğumuz üçün gözlənilməz hadisələrə (xəstəlik, ölüm halları və sair) qarşı evimizdə rəsmi mənbəyi olan 3 min dollar, 245 funt sterlinq pulumuz var. Bundan əlavə, Londonda istifadə etdiyim "Revolut" bank kartında təxminən 30 funt sterlinq, HSBC kartımda isə 709 funt sterlinq vəsait mövcuddur. Gündəlik istifadə üçün də pensiya kartım var. Qeyd etdiyimdən başqa heç bir vəsaitim yoxdur. Hansısa şübhəli sənəd və ya vəsait aşkar edilərsə, bilin ki, saxtadır. Düzdür, insanı saxta ittihamlarla şərləmək üçün onların imkanları çox böyükdür," – siyasətçi vurğulayıb.
Əli Kərimli və AXCP Funksionerlərinin Saxlanılması
Noyabrın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.
O, Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddəsi ilə ittiham olunur.
İstintaq hərəkətlərinin bu gün də davam etdiriləcəyi bildirilir.
Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. AXCP mətbuat katibi Natiq Ədilov F.Əmirli və R.Əmirovun artıq azadlığa buraxıldığını xəbər verib.
Müttəfiqlik İddiaları və AXCP-nin Rədd Cavabı
Hökumətyönlü mediada gün ərzində Əli Kərimlinin keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanıldığı iddia edilib.
AXCP-nin məlumatına görə, Əli Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun surətini yerləşdirib, sonra tapdıqlarını deyiblər.
Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil.
O, daha öncə Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi barədə iddiaları təkzib edib.
AXCP Əli Kərimliyə və digərlərinə qarşı irəli sürülən ittihamları rədd edərək, bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.
Gültəkin Hacıbəylinin Türkiyədə Saxlanılması
Noyabrın 30-a keçən gecə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılaraq deportasiya olunacaq şəxslər üçün nəzərdə tutulan təcridxanaya yerləşdirilib.
G.Hacıbəyli polis avtomobilində olarkən telefon danışığında "Toplum TV"-yə özü ilə əlaqədar ittihamları rədd edib.
"Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, bir türk milliyyətçisiyəm. Məni gəlib Rusiyaya bağlamaq, bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Görünür ki, Azərbaycanın “Feto” məsələsidir. Yəqin ki, Azərbaycanda müxalifəti zərərsizləşdirmək üçün həyata keçirilən təqibdir. Mənim sabah səhər üçün təhsil planlarım var idi. Mən "IELTS" imtahanına girməli idim. Nə qədər dedim ki, sabah saat 9-da imtahana girim, ondan sonra polis bölməsinə gələrəm. Mənə o şansı vermədilər. Aydındır ki, deportasiya üçün tələsirlər", – G.Hacıbəyli vurğulayıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz