Mühacir Tənqidçilərə Qarşı Dövlət İttihamları: İfadə Azadlığına Təhdid
Bu ilin noyabrında xaricdə yaşayan bir neçə bloger, jurnalist və ictimai fəal Azərbaycan Baş Prokurorluğuna çağırılıb. Onların arasında jurnalist Sevinc Osmanqızı, ictimai fəallar Abid Qafarov, Vaqif Allahverdiyev, siyasi icmalçı Beydulla Manafov, Murad Quliyev, tarixçi Altay Göyüşov, politoloq Ərəstun Oruclu və bloger Manaf Cəlilzadə var. Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 281-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar) ilə təqsirli bilinirlər. Hüquq platforması "Tribunat" bu maddəni, ittihamların qanunauyğunluğunu və onların ifadə azadlığı ilə əlaqəsini araşdırıb.
CM-in 281-ci Maddəsi və Sui-İstifadə Riski
CM-in 281-ci maddəsi hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışları, habelə bu cür məzmunlu materialların yayılmasını cəzalandırır. Məcəllənin Kommentariyasına görə, çağırışlar dedikdə, insanların iradəsinə təsir edərək onları bu maddədə göstərilən əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər başa düşülməlidir.
Bu ittihamlar xaricdə yaşayan tənqidçilərə qarşı başlanılmış qiyabi icraat prosedurlarının məntiqi davamı kimi şərh edilir. Rəsmi şəxslər tərəfindən dəstəklənən bu təqiblər artıq bəzi şəxslər barəsində məhkəmə icraatının başlanması və qiyabi hökmlərin oxunması ilə nəticələnib. Təqsirləndirilən şəxslər müxtəlif internet resurslarında, əsasən “YouTube” platformasında müəllif və ya ekspert qismində ictimai-siyasi mövzuları müzakirə edirlər. Açıq mənbələrdən əldə edilmiş məlumatlar onların ittiham olunmasının əsasını təşkil edən məzmunları araşdırmağa imkan verir.
Ərəstun Orucluya Qarşı İttiham və "Tərtər İşləri" Tənqidi
Politoloq Ərəstun Oruclunun təqsirləndirildiyi hadisələrdən biri “Ərəstun Oruclunun kanalı”nda 4 yanvar 2023-cü ildə yayımlanan “Arxada qalan il bizə nələri öyrətdi” adlı videoroliklə bağlıdır. Bu videoda 2022-ci ilə aid ictimai-siyasi hadisələr, əsasən də 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə kütləvi işgəncə verilməsi və qətlə yetirilməsi halları ilə tanınan “Tərtər işi” müzakirə olunur. Ərəstun Oruclu qurbanlara münasibətdə ədalətin bərqərar olunması üçün “mübarizə aparmaq və sosial medialardan düzgün istifadə etmək lazımdır” deyir.
O, xarici siyasət mövzularından danışarkən hazırkı hökuməti “milli maraqların müdafiə edilməsində maraqlı olmamaqda” və “xalqın, ölkənin resursları və sərvətlərini talamaqda” günahlandırır. Nəticədə Ərəstun Oruclu videoroliki izləyənləri “haqsızlıqları və eybəcərlikləri törədənləri ifşa etməyə” çağırır.
Sevinc Osmanqızı və Abid Qafarovun Məsələləri
Sevinc Osmanqızına aid olan hadisələrdən biri “OSMANQIZI TV” kanalında 25 iyul 2020-ci ildə yayımlanan “Hansı ağılla 5 min erməninin qabağına 50 azərbaycanlı çıxarır konsulluq?” adlı videorolikə aiddir. Burada müəllif 2020-ci ilin iyulunda Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında erməni və azərbaycanlılar arasında baş verən iğtişaşları şərh edir. Sevinc Osmanqızı baş verənlər fonunda etnik azərbaycanlıların həyatı və təhlükəsizliyinə yaranmış təhlükənin səbəbkarı kimi Azərbaycan konsulluğunu günahlandırır, onların lazımi müdafiəsinin təşkil edilmədiyini bildirir.
Bloger Abid Qafarovun təqsirləndirildiyi hadisələrdən biri Londonda yaşayan hüquqşünas Qurban Məmmədovun aparıcısı olduğu “AzerFreedom TV” “YouTube” kanalında iştirak etdiyi və 29 aprel 2024-cü ildə yayımlanan “Abid Qafarov: Belə dövlət olar? 28.4.24” adlı videorolikdə öz əksini tapıb. Qafarov, Məmmədov və digər üç şəxslə birlikdə “Tərtər hadisələri”nə dair mövzuları müzakirə edir, dövlət qurumları tərəfindən aparılan təhqiqatı, ümumi münasibət və reaksiyanı tənqid edirlər. A. Qafarov özünün Tərtər hadisələrinə həsr olunmuş “Andaluniya” adlı romanından danışır və ictimaiyyəti kütləvi işgəncə faktlarına reaksiya verməməkdə qınayır. O, kitabının nəşri və yayılması ilə bağlı çətinlikləri şərh edərək dövlət qurumlarına xitabən “narkotik satanları yox, fahişə satanları yox, məhz kitab satanları təqib edirsiniz, belə dövlət olar?” deyir.
İfadə Azadlığının Pozulması və Məhkəmə Təcrübəsi
Mediada yayılan məlumatlardan təqsirləndirilən şəxslərin CM-in 281-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini təşkil edən hərəkətlərə yol verdiyi aydın olmur. Çağırışlar dövlətin mövcud konstitusiya quruluşuna zidd hərəkətləri (təxribat, sabotaj, iğtişaşlar və s.) açıq şəkildə səsləndirməli, buna sövq etməli və izləyənlərin iradəsinə əhəmiyyətli təsir göstərməlidir. Lakin qeyd edilən hadisələr cinayət tərkibi yaratmır. Belə təəssürat yaranır ki, hüquq-mühafizə orqanları cinayət təqibini, cinayət tərkibini təşkil edən hərəkətləri deyil, ictimai-siyasi əhəmiyyətli mövzuların şərh və müzakirə edilməsini cəzalandırmaq üçün istifadə edir. Azərbaycanda istintaq orqanlarının CM-in 281-ci maddəsini sui-istifadə etməsinə dair geniş təcrübə mövcuddur. Sülh və Demokratiya İnstitutunun siyasi məhbus siyahısında bu maddə ilə məhkum olunan 11 şəxsin adı keçir.
Yerli məhkəmələrin “açıq çağırışlar”ı necə təyin etməsi də problemlidir. Gəncə şəhərinin sabiq icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdini şərh edən jurnalist Anar Məmmədova qarşı cinayət işində, keçmiş polis işçisi olan üç qadının Məmmədovun yazılarından “həyəcanlanmaları” “açıq çağırışlar”ı sübut edən faktlardan biri kimi göstərilib. Anar Məmmədova 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Mühacirətdə bloger kimi fəaliyyət göstərən Elvin İsayev Ukraynadan deportasiya edilərək 8 il azadlıqdan məhrum edilib. İttihamın əsasını onun “Bütlər aşacaq”, “Xaricdə yaşayanlar nə vaxta qədər susacaq” başlıqlı çıxışları təşkil edib. Ali Məhkəmə qərarlarından görünür ki, hüquq-mühafizə orqanları çağırışların sübutu kimi təqsirləndirilən şəxs və şahid ifadələrini, dilçilik ekspertiza rəylərini əsas götürür. Lakin təqsirləndirilən şəxslərin qeyri-insani rəftarla ifadə verməyə məcbur edilməsi, cinayət tərkibini təşkil edən ifadələrin zorakılığa təşviq etməməsi, ekspertiza rəylərinin əsassızlığı kimi məqamlar nəzərə alınmır. Bu isə Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə ziddir.
Beynəlxalq Standartlar və "Dondurucu Effekt"
Bu ittihamların tənqidçilərə qarşı sui-istifadəsi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə mühafizə olunan fikir və ifadə azadlığını pozur. Konvensiyaya əsasən, “hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir”. Konvensiya bu hüququ mütləq yox, nisbi hüquq kimi tanıyır; bu azadlıqların həyata keçirilməsi demokratik cəmiyyətdə zəruri olan müəyyən qanuni tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Lakin “qanunla nəzərdə tutulmuş” standartı yalnız məhdudiyyətin qanunvericilikdə qeyd olunmasını deyil, həm də qanunun keyfiyyətini, yəni hökumət üçün cəzalandırıla bilən hərəkətlərin geniş olmasının və selektiv istifadə edilərək sui-istifadəyə məruz qalmasının qarşısını almasını ehtiva edir (Savva Terentyev Rusiyaya qarşı işi, §85).
AİHM ifadə azadlığını "ictimai gözətçi" kimi təfsir etdiyi vətəndaş cəmiyyəti subyektlərinin maraqlarının qorunması baxımından əsas sayır (Taner Kılıç Türkiyəyə qarşı (№2), §147). Məlumat və fikirlərini bölüşməkdə şəxslər seçim azadlığına malik olmalıdırlar. Bu vaxta qədər Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi 22 işdə hökumətin Konvensiyanın 10-cu maddəsi ilə qorunan hüquqları pozduğuna dair qərar verilib. Dövlət əleyhinə açıq çağırışlar ittihamını geniş və ixtiyari şəkildə tətbiq edən hüquq-mühafizə orqanları müvafiq şəxslərin fikir və ifadə azadlıqlarını əsassız şəkildə məhdudlaşdırır. Bu ittihamlar cinayət qanunvericiliyi ilə müdafiə edilən ictimai dəyərlərin qorunması üçün deyil, həssas mövzularda məlumat və fikir ifadə edən şəxslərin cəzalandırılması niyyətini güdür. Bu cür tətbiq yerli və beynəlxalq qanunvericiliyə uyğun deyil, ifadə azadlığına məhdudiyyət təşkil edir və “dondurucu effekt”in yaranmasına səbəb olur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz