Mərhələnin Sonu: Əli Kərimlinin Həbsi və Azərbaycanın Gələcəyi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi Azərbaycanda müəyyən bir dövrün qapanması baxımından simvolik əhəmiyyətə malikdir. Söhbət minimal səviyyədə bəzi hüquq və azadlıqların hələ mövcud olduğu, zəifləsə də Azərbaycan müxalifəti, azad media və müstəqil vətəndaş cəmiyyəti kimi demokratik institutların varlığını davam etdirə bildiyi dönəmdən gedir. Bu mərhələ artıq geridə qalıb.
Gerçək Azərbaycan müxalifəti onsuz da illərlə davam edən ardıcıl basqılar nəticəsində resurslarını və siyasi proseslərə təsir imkanlarını itirmişdi. Əli Kərimlinin siyasi aktivliyi internet TV-lərdə çıxışlar və sosial media paylaşımlarından kənara çıxmırdı. Lakin hakimiyyət buna belə dözüm nümayiş etdirmədi. AXCP liderinin həbsi Azərbaycanda institusional müxalifətin son dayaqlarına vurulan son zərbə oldu.
Repressiya Dalğası və Onun Məntiqi Davamı
Bəs Əli Kərimli hakimiyyət üçün hər hansı ciddi təhdid yaratmırdısa, onun həbsi hansı zərurətdən irəli gəlir? Əvvəla, bu, iki il əvvəl başlayan və "Abzas Media", "Toplum TV", "Meydan TV" kimi müstəqil media qurumlarının ölkə daxilində fəaliyyətinin dayandırılması, əməkdaşlarının həbsi, daha sonra bir sıra siyasətçi və ictimai fəalların da saxlanılması ilə nəticələnən böyük repressiya dalğasının məntiqi davamıdır.
Mühacirətdəki bloqqerlərə, aktivistlərə qədər uzanan repressiyadan ölkə daxilindəki əsas müxalif simanın kənarda qalması mümkün deyildi. Digər tərəfdən, bir müxalif təşkilat və onun lideri hazırda rejim üçün təhlükəli deyilsə, bu, gələcəkdə də belə olacağı anlamına gəlmir.
Gözlənilən İqtisadi Çətinliklər və Daxili Sabitlik Riskləri
Azərbaycan orta və uzunmüddətli perspektivdə rejimin daxili sosial sabitliyi qorumaqda çətinlik çəkəcəyi turbulent bir mərhələyə qədəm qoyub. İqtisadi tərəqqi ehtimalı yoxdur, əksinə, tənəzzül və deqradasiya gözlənilir. Hətta Orta Şərqdəki müharibə (İran–İsrail) neftin ciddi bahalaşmasına səbəb olmadısa, enerji bazarında qiymətləri qaldıra biləcək başqa hansı faktor mövcuddur ki?
Bazarda neft bolluğu var, ölkələrin hasilatı artırma potensialı da yüksəkdir. Tələbat isə artmır, yaxud çox az artır. Qlobal ticarətdə özünəqapanma və proteksionizm tədbirlərinin prioritet olduğu bir dövrdəyik. Beynəlxalq iqtisadi inteqrasiya dövrünün qayıdacağını və böyümə templərinin yüksələcəyini gözləmək əbəsdir. Bütün bunlar enerji xammalına tələbatı azaldır.
Üstəlik, ABŞ yaxın vaxtlarda Venesuela probleminin həllinə nail olaraq orada özünə yaxın idarəçilik qura bilsə, dünyada ən zəngin neft ehtiyatlarına malik bu ölkə bazara xeyli əlavə neft çıxaracaq. Bu baş verərsə, enerji bazarında qiymətlər daha da ucuzlaşacaq. Qiymətin hətta indiki səviyyədə qalması belə Azərbaycan üçün diskomfort yaradır. Bir sözlə, gözlənilən iqtisadi geriləmə Azərbaycanın büdcə gəlirlərini daha da azaldacaq. Üstəlik, ölkədə hasilatın azalması problemi də var. Bütün bunlar yoxsulluğun dərinləşməsini və ölkə iqtisadiyyatının stresə girməsini şərtləndirir. İqtisadiyyatla birlikdə siyasi iqtidar da stresə girir və iqtisadi çöküş gətirən mənfi təsirləri daxildəki repressiya dalğası ilə neytrallaşdırmağa çalışır.
Sosial Partlayış Təhlükəsi və Profilaktik Tədbirlər
Cəmiyyətdə tədricən narazılıq artır, bu isə öz növbəsində loyallığı azaldır. Bu narazılıq etiraz aksiyaları ilə müşayiət olunmaya bilər. Repressiv aparat və onun yaratdığı qorxu mühiti hələ ki, küçə aksiyalarını mümkünsüz edir. Lakin toplumda neqativ enerjinin yığılması da ciddi riskdir. Alt qatlarda yığılan bu enerjinin nə vaxtsa üzə çıxıb sosial partlayışa səbəb olmayacağına kimsə təminat verə bilməz. "Ac qılınca çapar" deyimi bu vəziyyətə tam uyğun gəlir. Həmin an yetişəndə narazı kütlələri öz ətrafına toplayıb onları yönləndirə biləcək bir müxalif mərkəzin və liderin önə çıxması mümkün ola bilər. Hakimiyyət bu ehtimalı düşünərək indidən profilaktik tədbirlər görür, o cümlədən Əli Kərimli kimi simaların təcrid olunması.
Xarici Siyasətdəki Gərginliklər və Özünümüdafiə İntiqamı
Xarici siyasətdə də hər şey rəvan getmir, risklər mövcuddur. Rusiya–Ukrayna sülh prosesində baş verənlər Azərbaycana çətinliklər yarada bilər. Görünən budur ki, Tramp administrasiyası Putin rejimi ilə separat razılaşmalar əldə edərək Ukraynanı əlverişsiz şərtlərlə sülhə məcbur edir. Rusiya Ukraynada istədiklərinə nail olarsa, nəzərlərini postsovet məkanının digər məntəqələrinə yönəldəcək. Moskva Cənubi Qafqazda öz mövqelərini yenidən gücləndirməyə cəhd edərsə, onu kim dayandıracaq? Trampın dünyagörüşü güclünün haqlı sayıldığı fəlsəfəyə əsaslanır. O, hesab edir ki, Rusiya böyük və güclü dövlət olduğu üçün Ukrayna məsələsi məhz onun maraqlarına uyğun şəkildə həllini tapmalıdır. Beynəlxalq hüququn ayaqlar altına atıldığı və meşə qanunlarının hökmran olduğu bir dünya düzəni formalaşır ki, belə vəziyyətdə kiçik dövlətlər çətin sınaqlar qarşısında qalacaq.
Əlbəttə, Azərbaycan hakimiyyəti Putin Rusiyası ilə normal münasibətlər qurmaq təcrübəsinə malikdir. Lakin bu, zənn edildiyi qədər asan olmur və görünən, görünməyən çoxlu güzəştlərin hesabına başa gəlir. Üstəlik, son bir ildə münasibətlərdə yaranan gərginliklər şübhəsiz ki, Moskvada Azərbaycan hakimiyyəti ilə bağlı məmnunluğu artırmayıb. Bəzi rusiyalı jurnalist və bloqqerlərdən "Qarabağ məsələsi hələ bitməyib" şəklində replikalar da eşidilir. Bütün bunlar Bakıda narahatlıq yaradaraq onun özünümüdafiə instinkti ilə hərəkət etməsinə səbəb olur. Əli Kərimlinin həbsi də bu instinktin nəticəsidir. Azərbaycan qeyri-müəyyənliklərlə dolu, qaranlıq bir mərhələyə daxil olub.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz