Aliyevdən İran səfiri ilə görüşdə vacib mesajlar
Azərbaycan Prezidenti İlham Əliyev İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.
Görüş zamanı Prezident Əliyev İran və İsrail arasında baş vermiş regional gərginlik fonunda Azərbaycanın mövqeyini ilk bəyan edən ölkələrdən biri olduğunu vurğulayıb.
O, gərginliyi pislədiyini qeyd edərək, münaqişədə həyatını itirən İran vətəndaşlarına bir daha dərin hüznlə başsağlığı verib.
Dövlət başçısı, İran-İsrail gərginliyi kontekstində bəzi dairələrin və media nümayəndələrinin Azərbaycanın İranla əlaqələrinə zərər vurmaq məqsədilə yalan və əsassız məlumatlara əsaslanan iddialar yaydığını xatırladıb. Prezident bu iddiaların “tamamilə cəfəngiyat” olduğunu bildirib.
Azərbaycan əraziləri İrana qarşı istifadə edilməyəcək
Səfir Müctəba Dəmirçilu öz növbəsində İranın yüksək səviyyəli rəhbərliyinin Azərbaycan-İran münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
O, Azərbaycan və İran arasındakı əlaqələrin dostluq, qonşuluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. Səfir Dəmirçilu İran-İsrail gərginliyi dövründə Azərbaycanın nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqeyin yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq, buna görə təşəkkür edib.
Müctəba Dəmirçilu qeyd edib ki, "İran tərəfi Azərbaycan ərazilərinin heç vaxt İrana qarşı istifadə edilməyəcəyinə və Azərbaycan dövlətinin buna qətiyyən imkan verməyəcəyinə tam əmindir."
Səfir Dəmirçilu, həmçinin İran və xarici ölkə vətəndaşlarının Azərbaycana keçidi üçün yaradılan münasib şəraitə görə təşəkkürünü bildirib.
İqtisadi və nəqliyyat əlaqələrinin inkişafı
Görüşdə Azərbaycan-İran münasibətlərinin siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə bölgələrini birləşdirən avtomobil körpüsünün tikintisi, eləcə də ümumilikdə Araz nəqliyyat dəhlizinə dair məsələləri müzakirə ediblər.
Qeyd edək ki, İsrailin İrana hücumları zamanı, əsasən Ermənistan mediası tərəfindən, hücumlarda Azərbaycan ərazilərinin istifadə edildiyinə dair xəbərlər yayılmışdı.