"Sputnik Azərbaycan" əməkdaşlarına qarşı cinayət işi və həbslər
Cari ilin iyul ayında Bakıda Rusiyaya məxsus “Sputnik” xəbər agentliyinin regional nümayəndəliyi – Sputnik Azərbaycanın əməkdaşlarına qarşı cinayət işi başlanılıb. Bu media qurumunun iki əməkdaşı, icraçı direktor İqor Kartavıx və şef redaktor Yevgeni Belousov, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə həbs ediliblər. Onlar külli miqdarda ziyan vurmaqla dələduzluqda (CM 178.3.1), külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda (CM 192.2.2), mütəşəkkil dəstə tərəfindən törədilən qanunsuz sahibkarlıqda (CM 192.2.3), habelə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda (CM 193-1.3.1 və 193-1.3.2) ittiham olunublar."Sputnik Azərbaycan"ın direktorunun müəmmalı azadlığı
Lakin aradan bir neçə ay keçdikdən sonra, oktyabrın 9-da Sputnik Azərbaycanın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. Cəmi yeddi gün sonra, oktyabrın 16-da isə o, Rusiya Federasiyasına yola salınıb. Onun barəsində həbsə alternativ hansı qətimkan tədbirinin seçildiyi barədə ictimaiyyətə məlumat verilməyib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bəyanatına görə, bu qərar oktyabrın 9-da Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib. Bu fakt, qərarın hüquqi müstəvidən daha çox siyasi əsaslarla verildiyi barədə suallar doğurur.Şef redaktor Yevgeni Belousovun ev dustaqlığı və ölkədən gedişi
Ardınca, oktyabrın 24-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Sputnik Azərbaycanın digər həbs edilmiş əməkdaşı Yevgeni Belousov barəsində seçilmiş həbs qətimkan tədbiri üç aylıq ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Bundan sonra o da Moskvaya yola salınıb. “Tribunat” hüquq platforması ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərin vəzifələrini, bu tədbirin mahiyyətini və icra mexanizmlərini təhlil edərək, Yevgeni Belousov haqqında seçilmiş ev dustaqlığı qərarının faktiki icrası və şəxsə nəzarət məsələlərini araşdırıb.Ev dustaqlığı qətimkan tədbirinin hüquqi tənzimləməsi
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi (CPM) ev dustaqlığını azadlığın məhdudlaşdırılması yolu ilə həm nəzarət, həm də təqsirləndirilənin prosessual davranışının təmin edilməsi məqsədi daşıyan qətimkan tədbiri kimi müəyyən edir. Qətimkan tədbirləri o hallarda tətbiq olunur ki, cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxsin aşağıdakı hərəkətləri etmək ehtimalına kifayət qədər əsas versin: cinayət prosesini həyata keçirən orqandan gizlənmək; prosesdə iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, sübutları gizlətməklə və ya saxtalaşdırmaqla istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; cinayət əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; çağırışlara gəlməmək və ya məsuliyyətdən yayınmaq; məhkəmə hökmünün icra edilməsinə maneə törətmək (CPM, maddə 155.1). Bu baxımdan, ev dustaqlığı yalnız şəxsin nəzarət altında saxlanmasını zəruri edən hallarda tətbiq olunur ki, bu da ədalət mühakiməsindən yayınma və cinayət təqibinin gedişinə təhlükə yaratma ehtimalını minimuma endirməyə yönəlib.Azərbaycan qanunvericiliyində ev dustaqlığına tətbiq edilən məhdudiyyətlər
CPM-in 163-cü maddəsi ev dustaqlığına buraxılmış şəxsin üzərinə qoyulan öhdəlikləri konkret şəkildə sadalayır. Bu tələblər arasında şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yerinin olması (163.3-2); yaşayış yerini məhkəmənin icazəsi olmadan tərk etməməsi və dəyişməməsi (163.3.1 və 163.3.4); yalnız məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarında hərəkət etməsi (163.3.3); zəruri hallarda elektron nəzarət vasitəsi gəzdirməsi (163.3.2) kimi məhdudiyyətlər var. Üstəlik, CPM-in 155.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə, ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Bu sənədlər yalnız qətimkan tədbiri qüvvədən düşdükdə, yaxud təqsirləndirilən şəxsdən müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alındıqda qaytarılır. Lakin İqor Kartavıx və Yevgeni Belousovun ölkəni tərk etməsi ilə bağlı mediada nə müalicə məqsədi, nə də başqa bir zərurət göstərilib. Miqrasiya Məcəlləsinə əsasən (maddə 17.1.2), əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barəsində hər hansı qətimkan tədbiri seçildikdə həmin tədbirin müddəti bitənədək və ya ləğv edilənədək onların Azərbaycan Respublikasını tərk etmələri məhdudlaşdırılır. “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sistemi barəsində qətimkan tədbiri seçilən əcnəbilər haqqında məlumatları özündə əks etdirərək onların “aktiv” statusunu göstərir və ölkədən çıxışını qadağan edir. Həmçinin, “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Əsasnamədə qeyd olunur ki, ev dustaqlığına buraxılmış şəxsin coğrafi yerdəyişməsini izləyən elektron qolbaq ayağına bağlanır və mobil nəzarət qurğusu vasitəsilə monitorinq mərkəzinə ötürülür. Şəxsin Azərbaycanda daimi yaşayış yerinin olmaması bu cihazların quraşdırılmasını və istifadəsini mümkünsüz edir.Cinayət hüququ ilə bağlı bu müddəaların sistemli təhlili göstərir ki, ev dustaqlığına buraxılmış şəxsin ölkəni tərk etməsi hüquqi baxımdan mümkün deyil. Çünki qanunverici Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan şəxslər barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini qadağan edir. Üstəlik, pasport və ya digər sənəd olmadan sərhədi keçmək də mümkün deyildir ki, bu sənədlərin qaytarılması üçün tələb olunan əsaslar Yevgeni Belousovun vəziyyətində mövcud deyildi.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz