Fənərbaxça keçmiş futbolçusuna qarşı cinayət işi başladı
Fənərbaxça klubu, keçmiş futbolçusu Allan Sen-Maksiminin dopinq iddiaları ilə bağlı Ankara Respublika Baş Prokurorluğuna cinayət işi üzrə müraciət edib. Keçən mövsüm icarə əsasında Fənərbaxçada çıxış edən və bəzən baş məşqçi Joze Mourinyo ilə gərginliklər yaşayan Sen-Maksimin mübahisəli bir iddia irəli sürmüşdü.
Fransa mətbuatına açıqlama verən Sen-Maksiminin "Mənə dopinq verməyə belə cəhd etdilər" sözləri ilə ortaya atdığı iddialardan sonra "sarı-göylər" hərəkətə keçdi.
"Böhtan və İctimaiyyəti Yanlış Məlumatlandırma" ittihamı
Klubun bildirdiyinə görə, Fənərbaxça keçmiş oyunçusu Sen-Maksimin haqqında "böhtan, ictimaiyyəti yanlış məlumatlandırma, təhqir, idmanda zorakılıq və intizamsızlığa təşviq edən hərəkət və bəyanatlar" maddələri ilə prokurorluğa şikayət ərizəsi təqdim edib.
Allan Sen-Maksiminin sözləri
Zack Naniyə danışan fransalı futbolçu iddia edib ki, "Fənərbaxçanın çempion ola bilməməsinin səbəbi, klubun futboldan kənar amillərlə əhatə olunması idi. Hətta bir nöqtədə mənə dopinq verməyə belə cəhd etdilər. İnsanlar bunları bilmirlər. Bu barədə açıq danışmaq mümkün deyil, çünki insanı hədələyirlər. Əgər danışsanız, 'sizə filan şeyi edərik' deyirlər. Bəzən özünüzü futbolu aşan məsələlərin içində tapırsınız."
"Joze Mourinyo çempion olmaq üçün əlindən gələn hər şeyi etdi. Mən də çempion olmaq üçün gəlmişdim. Lakin klubun ətrafında o qədər problemli məsələlər var ki... Məsələn, vəziyyət elə bir həddə çatdı ki, orada mənə dopinq verməyə belə cəhd etdilər."