Gündəm 04.12.2025

Guya təsadüfi taksi sərnişinləri tanış çıxdı

Guya təsadüfi taksi sərnişinləri tanış çıxdı

İctimai fəal Əhməd Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi

Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə iddia olunan hadisənin şahidləri dinlənilib. Bu barədə Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Şahid ifadələrindəki ziddiyyətlər

Müsavat Partiyasının üzvü Əlikram Xurşidov məhkəməni izləyənlər arasında olub. Onun sözlərinə görə, şahidlərin ifadələri bir-birini təsdiq etmir. Xurşidov bildirib ki, “hadisənin, dırnaqarası hadisənin” təsvirindəki fərqliliklər şahidlərin özlərini ifşa etməsinə gətirib çıxarıb. O əlavə edib ki, işin gedişatı Əhməd Məmmədlinin günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamların onun ictimai fəaliyyəti ilə əlaqəli olduğunu aşkar şəkildə nümayiş etdirir.

Öz çıxışında Əhməd Məmmədli taksidəki sərnişinlərin “təsadüfi” deyil, əvvəldən bir-birini tanıdıqlarını iddia edib. Azərbaycan Talışları İctimai Şurası İdarə Heyətinin üzvü Hilal Məmmədovun verdiyi məlumata görə, Əhməd Məmmədlinin suallarından sonra hər iki şahidin Naxçıvan Muxtar Respublikasının eyni qəsəbəsindən olduqları üzə çıxıb. Şahidlər bunu təsadüf adlandırsa da, Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov müdaxilə edərək onların sosial şəbəkələrdə dost olmasını fakt kimi göstərib. Vəkil bu halların prosesin əvvəlcədən hazırlanmış bir ssenari üzrə qurulduğunu göstərdiyini, bir gənci həbs etmək üçün belə bir tamaşaya ehtiyac duyulduğunu bəyan edib.

Həbs anı: Quraşdırma ssenarisi iddiaları

Əhməd Məmmədli öncəki məhkəmə prosesində saxlanıldığı günü ətraflı şəkildə təsvir edib. O bildirib ki, taksidə sürücünün yanında bir qadın, onun arxasında Vüqar Dünyamalıyev (zərərçəkmiş kimi tanınır), Əhməd Məmmədli isə qapı tərəfdə oturubmuş. Onların arasında tanımadığı başqa bir şəxs əyləşibmiş. “Manatlıq taksi” olub və o, sonuncu sərnişin imiş. Yol boyu heç bir mübahisə yaşanmayıb. Vüqar düşəcəyini deyəndə maşın yolun sağ tərəfində, “ölü nöqtədə” dayanıb. Qapı açılan kimi çöldə gözləyən bir nəfər Əhməd Məmmədlinin oturduğu tərəfin qapısını açıb, onu maşından çıxarıb yerə atıb. Daha sonra Vüqar ona yaxınlaşaraq ağır xəsarətlər yetirməyə başlayıb. Məmmədli işgəncələrə məruz qaldığını, bədəninə cərəyan verildiyini, hətta gözündən qan gəldiyini bildirib. O, bu zaman polis tərəfindən saxlanıldığını anlayıb və ona “Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən?” kimi suallar verilib.

İşgəncələrdən sonra qandallanaraq polis maşınına qoyulan Məmmədli özünün “xəyali cinayətin qurulmasına” şahidlik etdiyini deyib. O qeyd edib ki, yalandan yerə bıçaq atılıb, Vüqar yıxılıb qışqırmağa başlayıb. Əhməd Məmmədli ssenarinin necə qurulacağını izlədiyini söyləyib. Ərazi lentə alınıb, bıçaq isə götürülərək sellofana qoyulub.

İttihamlar və mövqe

Əhməd Məmmədli mayın 6-da saxlanılıb, mayın 8-də barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. Lakin o, bu ittihamları rədd edir və bunun keçmiş siyasi-ictimai, eləcə də hazırkı jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bəyan edir. Onunla bağlı məhkəmə prosesi isə hələ də davam edir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz