Real Fəaliyyətsiz Vergi Ödəyiciləri: Hesablama Palatasından Həyəcan Təbili
Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsinə dair rəyində diqqətçəkən məqamlar yer alıb. Qurumun açıqlamasına görə, 2025-ci ilin ilk yarısında real fəaliyyət göstərən vergi ödəyicilərinin sayı əvvəlki dövrlə müqayisədə 3,3 faiz, yəni 6,6 min azalıb. Bu, ölkədə biznes mühitinin real vəziyyəti ilə bağlı ciddi suallar doğurur.
Rəqəmlər Arasındakı Ziddiyyət: Palata və Vergi Xidmətinin Fərqli Yanaşması
Hesabatda qeyd olunur ki, hazırda faktiki fəaliyyəti olan vergi ödəyicilərinin sayı cəmi 191,2 min biznes subyektidir. Halbuki rəsmi qeydiyyatda olan ümumi vergi ödəyicilərinin sayı 1,6 milyona yaxınlaşır. Başqa sözlə, qeydiyyatda olan hər 1000 biznes subyektindən yalnız 120-si əslində işləkdir. Hesablama Palatasının rəyinə əsasən, 2024-cü ilin ilk yarısında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 13 faizi fəaliyyət göstərirdisə, 2025-ci ilin eyni dövründə bu nisbət 12 faizə enib.
Diqqətçəkən digər məqam isə Dövlət Vergi Xidmətinin Hesablama Palatasından fərqli terminologiya istifadəsidir. Vergi Xidməti "fəaliyyətdə olan vergi ödəyicisi" əvəzinə "aktiv vergi ödəyicisi" anlayışından istifadə edir. Qurumun məlumatına görə, 2025-ci ilin ilk yarısında aktiv vergi ödəyicilərinin sayı təxminən 5 faiz artaraq 800 mini ötüb. Lakin qanunvericilikdə nə "fəaliyyətdə olan", nə də "aktiv" vergi ödəyicisi anlayışı üçün dəqiq meyarlar müəyyənləşdirilməyib. Məsələn, qeydiyyatda olan bir vergi ödəyicisi nə qədər müddət fəaliyyətsiz qalmalıdır ki, "passiv" və ya "real fəaliyyəti olmayan" hesab edilsin? Bu məsələ hüquqi baxımdan qeyri-müəyyən olaraq qalır. Belə görünür ki, həm Hesablama Palatası, həm də Vergi Xidməti statistik göstəriciləri öz daxili meyarları əsasında formalaşdırır.
Formal Vergi Ödəyicilərinin Yaranma Səbəbləri
Qeyri-rəsmi izahlara görə, vergi orqanları bəyannamələrini təqdim edən, fəaliyyətini dayandırmayan, lakin müəyyən müddətdir vergi ödənişləri etməyən subyektləri "passiv" hesab edir. Bu bizneslər faktiki olaraq fəaliyyətsiz olsalar da, gələcəkdə işə yenidən başlamaq ümidi ilə qeydiyyatlarını ləğv etmirlər.
Eyni zamanda, bu vəziyyətin başqa səbəbləri də var. Bəzi şəxslər güzəştli vergi rejimindən yararlanmaq üçün illik dövriyyəsini 200 min manatı keçməməsi məqsədilə öz adlarına əlavə vergi ödəyiciləri kimi qeydiyyatdan keçir və əməliyyatlarını onların üzərindən aparırlar. Məlum olduğu kimi, illik dövriyyəsi 200 min manatı ötməyən ticarət və ictimai iaşə obyektləri mənfəət vergisindən 75 faiz güzəşt alır. Bu hal qeydiyyatda olan, lakin əslində fəaliyyət göstərməyən vergi ödəyicilərinin sayının süni şəkildə artmasına səbəb olur.
Bundan başqa, sahibkarlıq statusu olmayan ailə kəndli təsərrüfatları (xırda fermerlər) da aqrar məqsədlərlə kredit götürmək istədikdə bankların tələbi ilə vergi uçotuna alınır və hesab açdırırlar. Lakin kredit alındıqdan sonra faktiki fəaliyyət göstərmirlər. Bu da "kağız üzərində" mövcud olan biznes subyektlərinin sayını artıran amillərdən biridir.
Məşğulluq Statistikası və Sosial Hüquqların Pozulması
Formal, yəni real fəaliyyəti olmayan vergi ödəyicilərinin bu cür süni artımı ölkədə məşğulluq statistikasını da təhrif edir. Dövlət Məşğulluq Xidməti əmək bazarının monitorinqini apararkən qeydiyyatda olan vergi ödəyicilərini avtomatik olaraq məşğul əhali kimi qəbul edir. Nəticədə, vergi orqanlarının "passiv" hesab etdiyi, amma real gəliri və işi olmayan şəxslər dövlət statistikasında işləyən insanlar kimi görünür.
Beləliklə, işləyənlərin sayı süni şəkildə artır, işsizlərin sayı isə azaldılır. Bu şəxslər rəsmi qeydiyyatda olduqları üçün "işsiz" statusu da ala bilmirlər. Nəticədə, real gəliri və işi olmayan insanlar nə işsizlik müavinəti, nə də pensiya və tibbi sığorta hüququndan yararlana bilirlər. Belə bir yanlış hüquqi mexanizm on minlərlə ailəni, xüsusilə də aztəminatlı və yoxsul təbəqələri sosial hüquqlardan məhrum edir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz