Dünya 07.08.2025

İsraildə daxili gərginlik

İsraildə daxili gərginlik
Baş nazir Binyamin Netanyahu hökumətini təşkil edən ifrat sağçı tərəfdaşlarının təsiri ilə Qəzzanin bütün ərazilərini işğal etmək və əməliyyatları genişləndirmək istəməsi ətrafında davam edən mübahisələr sürətlənməkdədir. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Eyal Zamir, tam işğala qarşı çıxaraq, bunun İsrail ordusu üçün tələ ola biləcəyini müdafiə edib və "çevrilişçi" olmaqda günahlandırılıb. Bu səbəbdən İsrail Nazirlər Kabineti faktiki olaraq iki düşərgəyə bölünüb. Bəzi nazirlər Zamirin Baş Qərargah Rəisi olaraq ordu planlarında söz sahibi olduğunu vurğulasa da, digərləri ordunun hökumətin əmrlərini icra etməklə vəzifəli olduğuna diqqət çəkib. Zamiri vəzifəyə gətirən İsrailin Müdafiə Naziri Israel Katz, sosial media üzərindən etdiyi açıqlamada, Baş Qərargah Rəisinin "fikirlərini ifadə edə biləcəyini", lakin sonda ordunun hökumətin Qəzza ilə bağlı qərarlarını "icra etmək məcburiyyətində" olduğunu bildirib.

Komandanlar Arasında Gərginlik

Bununla yanaşı, İsrail ordusu daxilində də Qəzzaya yönəlmiş hava zərbələri ilə bağlı yüksək rütbəli komandanlar arasında ciddi səlahiyyət mübahisələrinin yaşandığı qeyd olunur. İsrailin "Ynet News" portalının xəbərinə görə, Cənub Komandanı general-mayor Yaniv Assor ilə Hərbi Hava Qüvvələri Komandanı general-mayor Tomer Bar arasında hücum səlahiyyətləri üzərində fikir ayrılıqları səbəbindən mübahisə baş verib.

Məlumata əsasən, general-mayor Assor, Hərbi Hava Qüvvələri Komandanı Barı Qəzzadakı hədəflərə yönəlmiş hava zərbələri ilə bağlı qərarlara daim müdaxilə etməkdə günahlandıraraq, bu müdaxilələrə son qoyulmasını tələb edib. Ötən həftə Tel-Əvivdəki bir qərargahda 20-dən çox general və yüksək rütbəli zabitin iştirakı ilə keçirilən toplantıda qaldırılan bu məsələ qısa zamanda qızğın mübahisəyə çevrilib. Assor, toplantıya Beer-Şevadakı komanda mərkəzindən videokonfrans vasitəsilə qatılaraq səlahiyyət mübahisəsinə diqqət çəkib.

Hərbi Hava Qüvvələri Komandanı Bar, Cənub Komandanlığının tələb etdiyi bəzi hava zərbələrinin "qeyri-peşəkar" olduğunu iddia edərək, buna görə müdaxilə etdiyini bildirib. Xəbərə görə, Assor buna sərt reaksiya verərək, "Siz Tel-Əvivdəkilər sahədən tamamilə ayrılmışsınız" deyib. Baş Qərargah Rəisi Zamir də söhbətə qoşularaq Assorun ifadə tərzini tənqid edib və bu cür nitqin qəbuledilməz olduğunu bəyan edib.

Sözügedən mübahisənin arxasında, Qəzzada aylarla davam edən quru əməliyyatının hədəflənən nəticələrə çatmaması səbəbindən Cənub Komandanlığında artan narazılığın olduğu qeyd edilir.

Sənətçilərdən Almaniya Kanslerinə Müraciət

Almaniyada aralarında türk rejissor Fatih Akının da olduğu incəsənət dünyasının qabaqcıl 162 nümayəndəsi İsrailin Qəzzaya yönəlmiş hücumları ilə bağlı Kansler Fridrix Merzi hərəkətə keçməyə çağıran bir məktub imzalayıb. Bu 162 şəxs, ötən həftə 200-dən çox tanınmış şəxsin imzaladığı məktuba dəstəyini bildirib. Məktubda İsrailə silah tədarükünün dayandırılması və bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi də tələb olunur. Məktubu ümumilikdə 367 tanınmış şəxs imzalayıb.

Afina Səfirliyindən Təxliyə İddialarına Təkzib

İsrail mediası, Tel-Əviv rəhbərliyinin Fələstin tərəfdarı etirazlar səbəbindən Yunanıstandakı səfirlik heyətini təxliyə etdiyini iddia edib. "Israel Hayom" qəzetinin məlumatında, Yunanıstanda solyönümlü qrupların 10 avqustda "Qəzza yürüşü" təşkil edəcəyi xatırladılıb. Səfirlik isə xəbəri təkzib edərək, "Bu məlumatlar əsassızdır... Yanlış məlumatlandırma və lazımsız narahatlığın qarşısını almaq üçün media orqanlarını məlumatları dərc etməzdən əvvəl rəsmi mənbələrə əsaslanaraq dəqiqləşdirməyə çağırırıq" deyib.

Humanitar Yardım Paylanmasında Ölüm Hadisələri

Qəzzada aclıqla mübarizə aparan əhali, daxil olmasına icazə verilən azsaylı yardım yük maşınlarına axın edərkən, bir qismi də yardım gözləyərkən hücumlarda və qəzalarda həyatını itirir. Həmasın nəzarətindəki mülki müdafiə orqanları bir yardım yük maşınının aşdığını və 20 nəfərin nəqliyyat vasitəsinin altında qalaraq öldüyünü, çox sayda insanın yaralandığını açıqlayıb. Nuseyratdakı hadisəyə ehtiyacı olanların yük maşınlarına hücum etməsi və materialları zorla ələ keçirməyə çalışması səbəb olduğu bildirilir. Bu arada, Qəzzada son 24 saat ərzində 2-si uşaq olmaqla daha 5 nəfərin aclıqdan həyatını itirdiyi, aclıqdan ölənlərin sayının 96-sı uşaq olmaqla 193-ə yüksəldiyi qeyd edilib.

Fələstinin Pele'si Öldürüldü

Bundan əlavə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 138 ölü və 771 yaralının çatdırıldığı bildirilib. Fələstin Futbol Federasiyası, Qəzzanın cənubunda humanitar yardım gözləyən mülki şəxsləri hədəf alan hücumda, "Fələstinin Pele'si" adlandırılan keçmiş milli komanda oyunçusu Süleyman əl-Ubeydin də həlak olduğunu açıqlayıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz