Gündəm 03.08.2025

Kənddə ifrat turizm böhranı: Cığırda turnike

Kənddə ifrat turizm böhranı: Cığırda turnike
İtaliyanın şimalında yerləşən Dolomit Dağları, xüsusən də Seçeda dağı və Odle təpələri hər yay minlərlə turisti cəlb edir. Lakin bu təbii gözəlliklər sosial media vasitəsilə şöhrət qazandıqca, bölgə sakinləri və fermerlər üçün həyat çətinləşməyə başlayıb. Bir gündə təxminən 8 min nəfərin cığırları ziyarət etməsi artıq dözülməz həddə çatdığını göstərdi. Mənzərələri çəkmək istəyən turistlərin sosial mediada paylaşmaq üçün yaratdığı uzun növbələr həm ətraf mühitin çirklənməsinə, həm də həddindən artıq sıxlığa səbəb olur. Otlaq sahələrinin zibillənməsi və cığırların baxımsız vəziyyətə düşməsi yerli fermerləri hərəkətə keçirdi.

ÖDƏNİŞ 5 AVRO OLARAQ MÜƏYYƏN EDİLDİ

İyul ayının əvvəlində fermerlər Odle cığırına turniket quraşdıraraq keçid haqqı tələb etməyə başladılar. 5 avro olaraq təyin edilən bu ödəniş, uşaqlar və yerli sakinlər istisna olmaqla, bütün ziyarətçilərə şamil edilir. Ödənişlər nəğd və ya kartla qəbul olunur, bölgədə vəzifəli şəxs prosesi idarə edir.

Fermerlər bu addımı əvvəlcə "yardım çağırışı" kimi dəyərləndirdilər. Lakin heç bir rəsmi qurumdan cavab ala bilmədikləri üçün turniketi yenidən işə saldılar. Onların məqsədi torpaqlarına dəyən zərəri kompensasiya etmək və yamacların saxlanmasına maliyyə dəstəyi verməkdir.

TURNİKET QISA ZAMANDA LƏĞV EDİLDİ

Turniket qısa müddət sonra təbiət parkının səlahiyyətliləri tərəfindən dayandırılsa da, sistemin yenidən işə salınması geniş müzakirələrə səbəb oldu. Dağ bələdçiləri və turizm assosiasiyaları bu tətbiqi tənqid edərək, “Əgər hər torpaq sahibi eyni yolu tutsa, nə baş verər?” sualını ortaya atdılar.

Turizm dərnəkləri həmçinin, ziyarətçiləri turniketdən keçməyin məcburi olmadığı barədə məlumatlandırmaq üçün işçilər təyin etdilər. Hətta panoramik nöqtəyə çatmaq istəyənlərə alternativ və bir qədər daha uzun marşrut tövsiyə edilir.

ŞÜURUN ARTMASI BAXIMINDAN ƏHƏMİYYƏTLİDİRMİ?

Digər tərəfdən, yerli qruplar bu mübahisəli təşəbbüsün şüur yaratmaq baxımından əhəmiyyətli olduğunu düşünürlər. Ətraf mühitə zərər verən turist davranışlarının nəzarətə alınmasının vacibliyini vurğulayan ekspertlər, bu cür müdaxilələrin mövzunu ictimaiyyətin diqqətinə çatdırdığını iddia edirlər.

Bəzi dairələr, Apple şirkətinin bu təbii gözəlliklərin populyarlaşmasında bilmədən böyük rol oynadığını irəli sürür. Belə ki, Seçeda dağının fotoşəkilləri iOS 7-nin divar kağızı və iPhone 15-in təqdimat videosunda istifadə edilmişdi. Bu tanıtımlardan sonra Dolomit Dağlarına olan marağın sürətlə artdığı bildirilir.

Artan turist sıxlığı səbəbindən bölgə sakinləri və turizm səlahiyyətliləri daha geniş tənzimləmələrə ehtiyac olduğunu qeyd edirlər. Hətta bəzi qruplar yay aylarında qiymətlərin artırılmasını və ya sıx mövsümdə zirvəyə girişin tamamilə qapadılmasını müdafiə edirlər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz