AXCP funksionerlərinə qarşı həbs qətimkan tədbiri
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin katibi Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri tətbiq edilib. Dekabrın 1-də Səbail rayon Məhkəməsinin qərarı ilə o, 2 ay 15 gün müddətinə həbs edilib.
Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb. Həmin gün məhkəmə eyni ittihamla AXCP sədri Əli Kərimli barəsində də 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Müxalifətə qarşı irəli sürülən ittihamlar və "məktub" iddiaları
AXCP sədri noyabrın 29-da DTX tərəfindən saxlanılaraq evində altı saatdan artıq axtarış aparılmışdı. Eyni gündə Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılmış, lakin daha sonra F. Əmirli, R. Əmirov və S. Rüstəmli azadlığa buraxılmışdı.
Hökumətyönlü mediada A. Kərimlinin keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı başlanılmış cinayət işi ilə bağlı saxlanıldığı iddia edilib. AXCP-nin verdiyi məlumata görə, A. Kərimlinin evində axtarış zamanı DTX əməkdaşları sabiq PA rəhbərinin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirərək "tapdıqlarını" bildiriblər.
Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılmış və orada onun Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunurdu. Sabiq PA rəhbərinin bu iddialara dair mövqeyi bəlli deyil. Əli Kərimli isə daha əvvəl bu cür əməkdaşlıq iddialarını rədd edib. AXCP rəhbərliyə qarşı irəli sürülən ittihamları qətiyyətlə pisləyərək bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.
Milli Şuranın üzvləri də hədəfdə
Noyabrın 30-na keçən gecə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılaraq deportasiya olunacaq şəxslər üçün nəzərdə tutulan təcridxanaya aparılıb. Dekabrın 1-də hökumətyönlü mətbuat onun artıq deportasiya edildiyini və DTX-də dindirildiyini xəbər verib. G. Hacıbəyli Türkiyə polisi tərəfindən saxlanılarkən telefon danışığında "Toplum TV"-yə özü ilə bağlı ittihamları təkzib edib.
Noyabrın 30-da Milli Şuranın sədri Cəmil Həsənli də DTX-də dindirilib. O, ifadəsi alındıqdan sonra azadlığa buraxılıb. C. Həsənlinin sözlərinə görə, ona sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev və öz siyasi fəaliyyəti haqqında suallar verilib. Azərbaycan dövlətinin konstitusiya prinsiplərinə uyğun olaraq bu cür hadisələr ölkədə ciddi müzakirələrə səbəb olur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz