Futbolçu karyerasından Oxford Universitetinə: Han Willhoft-Kingin qeyri-adi seçimi
Hər bir gənc futbolçunun xəyalıdır böyük bir klubun məşq meydanında, dünyanın ən yaxşı futbolçuları ilə eyni otlaqda addımlamaq. Han Willhoft-King bu arzunu reallaşdıra bilmişdi.
Üstəlik, sadəcə bir dəfə deyil; Qvardiolanın taktiki oyunlarında De Bruyne, Gündoğan, Foden kimi ulduzlara qarşı dəfələrlə qaçmışdı. Lakin bu qaçışlar, bir çoxları üçün zirvə mənasını daşısada, onun zehnində tamamilə fərqli suallar oyadırdı. Bir məşq zamanı topa toxunmadan pressinqdən yorğun düşərkən öz-özünə, "Mən həqiqətən burada olmaq istəyirəmmi?" – deyə düşündüyünü bildirir.
"Beynim sanki boşa işləyirdi"
Cəmi 19 yaşı vardı, amma artıq iki ayrı dünyanın arasında sıxışmış kimiydi. Bir tərəfdə Mançester Sitiyə qədər uzanan parlaq bir futbol yolu, digər tərəfdə Oxford Universitetinin ağır qapıları. O qapılardan addımını atdığı gün, yeni sinif yoldaşlarından eyni sualı dəfələrlə eşitmişdi: "Niyə buraxdın?"
Willhoft-King bu sualı xatırlayarkən gülümsəyir; "Yəqin ki, 90 dəfə falan soruşdular," – deyir. Amma cavabı əslində təəccübləndirici dərəcədə sadədir: "Daha çox şey edə biləcəyimi hiss edirdim."
İşin arxa planında zədələr, bitmək bilməyən tənha saatlar və zehni aclıq var. Uzun sürən reabilitasiya dövrlərini danışarkən "O zamanlar həyat bir az qaranlıq idi" ifadəsini işlədir. Təkrar qayıdanda komanda formalaşmış, onun yeri dəyişmişdi. İllərlə xəyalını qurduğu peşəkar karyera, bir anda "görəsən"lərlə dolmağa başlamışdı. Günün böyük hissəsini məşq və boş gözləmə arasında keçirərkən, "Beynim sanki boşa işləyirdi," – deyir. "Daim daha çox şey etmək istəyirdim, amma edə bilmirdim."
Məsələ uğur deyil, məmnunluq
Və bir gün, futbolun ona açdığı qapılarla Oxfordun təklif etdiyi gələcək arasında bir seçim etdi. "Mançester Siti U21-ə gəlmiş birinin futbolu buraxması qəribə qarşılanır," – deyə əlavə edir. Amma onun üçün məsələ uğur deyil, məmnunluqdur: "Futbolu hələ də sevirəm, amma özümə daha geniş bir həyat qurmaq istədim. Sadəcə 10-15 illik bir karyera deyil… daha uzunömürlü bir şey."
İndi Brasenose Kollecinin tarixi dəhlizlərində hüquq təhsili alır. Ev tapşırığı, seminar, dost görüşləri və universitet futbol komandası ilə günün necə keçdiyini anlamadığını söyləyir. Bəlkə də axtardığı "daha çox şey" tam olaraq bu idi.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz