Qırmızı Planetdə Həyat İzləri Güclənir
Qırmızı planetdə keçmişdə həyatın mövcud olması iddiası daha bir dəstək tapıb. ABŞ-ın kosmik qurumu NASA-nın "Curiosity" (Maraq) adlı aparatının Mars səthində kəşf etdiyi və fotosunu göndərdiyi mərcanabənzər qaya parçasının qədim həyat əlaməti olduğu iddia edilir. NASA-ya görə, əyilmiş, yadplanetliyəbənzər bu əmələgəlmə milyard illər əvvəl bu planetdə suyun axdığı dövrlərdə yaranmış və zamanla külək tərəfindən formalaşdırılmışdır.
Minerallarla Zəngin Suyun Sirri
"Curiosity"nin göndərdiyi görüntü üçün "Mərcanlar qədim çaylarla birlikdə qədim həyat formalarının əsl əlamətləridir. Bu, çox böyük bir kəşfdir" şərhi edilib. Elm adamları bildirirlər ki, minerallarla zəngin su bir vaxtlar Mars qayalarındakı kiçik çatlaqlara sızaraq bərk damarlar əmələ gətirib və bunlar milyard illər boyu davam edən külək eroziyası nəticəsində üzə çıxıb. NASA da "Curiosity milyard illər əvvəl maye suyun mövcud olduğu dövrdə yaranmış bir çox oxşar quruluş tapdı" açıqlamasını verib.
Donmuş Səhradan Keçmişə Bir Nəzər
NASA-nın Qırmızı planetdəki iki robotundan "Curiosity" "Gala Krateri"ni, "Perseverance" (Səbir) isə "Jezero Krateri"ni araşdırır. Bu tədqiqatlar elm adamlarına planet mühitinin yaşayış üçün əlverişli bir yerdən, bugünkü səhra halına necə çevrildiyini anlamağa kömək edir. Mars suyunun böyük hissəsinin buzdan ibarət olduğu donmuş bir səhra kimidir; lakin mərcanabənzər qaya, onun bir vaxtlar səthində maye suyun olduğunu və geologiyasını formalaşdırdığını xatırladır.
İtaliyanın Mars Səfəri
ABŞ-lı milyarder İlon Maskın kosmik şirkəti SpaceX İtalyan təcrübələrini Qırmızı planetə aparmağa razılaşdı. SpaceX, bu planetə yönəlmiş gələcək missiyalar zamanı "Starship" meqa raketinin İtalyan təcrübələrini daşıması üçün İtaliya ilə anlaşıb. İtaliya Kosmik Agentliyinin rəhbəri Teodoro Valente bu razılaşmanı "İtaliya Marsa gedir" deyərək elan etdi. Mask "Starship"lə bu planetə gedib yaşayış məskənləri qurmağı arzulayır. Bunun üçün ilk "Starship" səfərlərinin gələn il baş tutacağını iddia edir.
Ulduzlararası Quyruqlu Ulduz: 3I-Atlas
NASA və Avropa Kosmik Agentliyinə aid "Hubble" Kosmik Teleskopu, başqa bir ulduz sistemindən gəlib günəş sistemimizi ziyarət edən yüksək sürətli bir quyruqlu ulduzun indiyə qədərki ən yaxşı görüntüsünü əldə edib. Çilidəki bir teleskop tərəfindən keçən ay kəşf edilən 3I-Atlas quyruqlu ulduzu, Yer kürəsinin yaxınlığından keçən üçüncü məlum ulduzlararası cisimdir və Yer üçün təhlükə yaratmır.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz