On üç yaşlı Fələstinli Tamer Şuhaybir, İsrailin hücumları və blokadası səbəbindən yaranan çətin şəraitdə Qəzza zolağındakı Əl-Əqsa Şəhidləri Xəstəxanasında, qidalanma çatışmazlığı nəticəsində dünyasını dəyişib. Səhiyyə mənbələri bildiriblər ki, Şuhaybir xəstəxanaya gətiriləndə həddindən artıq arıqlamış, bədəni bir dəri bir sümük qalmışdı.
Şuhaybirin anası vurğulayıb ki, oğlunun səhhətinin bu hala düşməsi "tamamilə aclıq və dərman çatışmazlığından" qaynaqlanıb.
Ananın Kədəri və Çağırışı
Övladının qollarında can verdiyini görən Qəzzalı ana, jurnalistlərə göz yaşları içində danışaraq deyib: "Bir müddət idi ki, xəstə idi, amma bu vəziyyətdə deyildi. Bir neçə gün ona heç çörək də tapa bilmədik. Oğlum gözlərimin qarşısında gündən-günə əriyirdi və mən heç nə edə bilmədim."
Fələstinli uşağın əmisi Abdulkadir Şuhaybir də qardaşı oğlunun ölümü ilə bağlı açıqlamasında deyib: "Təxminən 13 yaşı vardı, pis qidalanma üzündən həyatını itirdi. Allah rəhmət eləsin."
Əmi Şuhaybir əlavə edib: "Dünya bu qırğını dayandırsın. Bu ərazidə qida çatışmazlığı, dağıntı və ölüm hökm sürür. Kim bu bölgənin acından ölmədiyini deyirsə, budur mənzərə ortada."
Qəzada Yaranmış Ağır Vəziyyət
İsrailin hücumları və humanitar yardım girişini məhdudlaşdıran sərt blokadası altındakı Qəzza zolağı qida qıtlığının yayıldığı, su, dərman, tibbi ləvazimatlar və gigiyena materiallarının tapılmadığı böyük bir humanitar fəlakət yaşayır. Zolaqda qidalanma çatışmazlığı səbəbindən ölümlər, xüsusilə uşaqlar arasında, getdikcə artır.
Yerli və beynəlxalq dairələr İsraili "qida çatışmazlığını və susuzluğu silah kimi" istifadə etməkdə ittiham edir. Mülki infrastrukturu da dağıdaraq Qəzzanın 88%-ni məhv edən İsrail ordusu, məcburi köçkünə çevirdiyi Fələstinliləri mütəmadi olaraq sığınacaq axtardıqları bölgələrdə hədəf alır.
Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrail hücumları və didərginlik əmrləri ilə yerindən didərgin düşənlərin sayı 2 milyona çatıb, bir çox insanın dəfələrlə didərgin düşdüyü bildirilir. Əsas ləvazimatlardan məhrum olan məcburi köçkünlər, müvəqqəti çadırlarda və ya həddindən artıq sıxlıq şəraitində gigiyena materiallarının çatışmazlığı, hətta tualetlərin belə az olduğu məktəblərdə həyatda qalmağa çalışırlar.
İsrail ordusu isə gündəlik hücumlarla yerindən didərgin düşənlərin çadırlarını və sığındığı mülki nöqtələri bombalayır.
İsrailin hücumları və blokadası nəticəsində qida çatışmazlığı yaşanan Qəzza zolağında son 24 saatda daha 8 Fələstinlinin acından həyatını itirməsi ilə bu səbəbdən ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə yüksəlib.
İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bəri təşkil etdiyi hücumlarda ən az 61 mindən çox Fələstinli həyatını itirib, 150 min 671 nəfər yaralanıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz